Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirilən görüşündə çox ciddi sətiraltı mesajlar verildi.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Onun fikrincə, ilk baxışdan çox mehriban şəraitdə keçən görüşdə əslində ABŞ-ın iki aparıcı lobbisi geosiyasi söz davası aparırdı: “Söhbət anqlosakson gücü ilə yəhudi lobbisi arasında “mövqe savaşı”ndan gedir”.
Kir Starmerin Trampla görüşündə çıxışı zamanı dəfələrlə Böyük Britaniya kralının adını çəkməsini onun adından danışması kimi qiymətləndirən Heydər Oğuz Trampın da “ingiliz həmləsi”nə cavabsız qalmadığını düşünür: “Fikirimcə, İngiltərədən gələn jurnalistlərin ölkə rəhbərlərinə yönəltdiyi suallardan birində Trampın bir çox iddialarına etiraz var idi. Belə ki, jurnalistlərdən biri İngiltərə Baş nazirinə bu sualı verdi: “Tramp deyir ki, İngiliz Millətlər Topluluğunun üzvü olan Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır, bu barədə fikirləriniz necədir?”. Starmer bu suala "Kanadadan bəhs edirsiniz. Düşünürəm ki, aramızda mövcud olmayan bir ayrılıq tapmağa çalışırsınız. Biz bir-birimizə ən yaxın xalqlarıq və bu gün çox yaxşı danışıqlarımız oldu", - deyə cavab verərək əsl mətləbdən yayınmağa çalışdı. Tramp isə qəfildən araya girərək, “bu qədər yetər, təşəkkür edirəm”, - deyərək jurnalisti başından elədi”.
Heydər Oğuzun fikrincə, xüsusilə İngiltərə jurnalistlərinin Trampa çətin suallar ünvanlaması səbəbsiz deyildi: “Bəlkə də məqsəd öz ölkələrinin siyasi iradəsinin iradlarını Trampa çatdırmaq idi”.
Siyasi şərhçinin iddiasına görə, iki ölkə lideri arasında söz duellosu onların çıxışlarına da yansımışdı: “Zira Trampa onun Şotland əsilli olduğunu xatırladaraq, bir növ “kəndinə dön” mesajını verən İngiltərənin Baş naziri ölkəsinin həmişə ABŞ-ı dəstəklədiyini, ABŞ-dan da eyni münasibəti gördüyünü bildirdi. Trampın cavabı isə rəsmən onurqırıcı oldu: o, guya zarafatla qonağından soruşdu: “Bəs Rusiya ilə necə, təkbaşına onun öhdəsindən gələ biləcəksinizmi?””.
Heydər Oğuz hesab edir ki, anqlosakson ittifaqın iki önəmli liderinin söz duellosuna Kanadan başlaması təsadüfi deyildi: “Bilirsiniz ki, Tramp hakimiyyətə gələr-gəlməz Kanadanın ərazilərinə iddia etmiş, onu ABŞ-ın 51-ci ştatı adlandırmışdı. Halbuki, Kanada Böyük Britaniya krallığına aiddir. Sanki, Tramp bu iddiası ilə Böyük Britaniyanın “müqəddəs” kralı III Çarlza sataşmışdı. Çarlz isə indiyədək buna cavab verməmiş, nəticədə bir çox ingilis vətəndaşında bəzi suallar yaranmışdı. Dedi-qoduların qarşısını almaq üçün krallıq sözçüləri Çarlzın bu susqunluğunu onun siyasətə qarışmaq istəyinin olmaması ilə izah etmişdilər. Bununla belə, kral özünə və krallıq şərəfinə qarşı yönələn bu hərəkətə mütləq cavab verməli idi. Görünür, Kir Starmerin ABŞ-a səfərinin əsas səbəblərindən biri də kralın etirazını ünvanına çatdırmaqdan ibarət idi və ingilis jurnalistləri də öz qəliz suallarını Trampa boş yerə yağdırmırdılar”.
Heydər Oğuz Donald Trampın faktiki olaraq Böyük Britaniyanın kralının legitimliyini şübhə altına alan iddialarını səbəbsiz yerə irəli sürmədiyinə inanır: “Fikrimcə, Trampın bu kobudluğunun əsas səbəbi ABŞ siyasi idarəetmə mexanizmində son zamanlar yaşanan ingilis-yəhudi qarşıdurmasından qaynaqlanır. Diqqət yerirsək, görərik ki, həqiqətən də bu qarşıdurma mövcuddur və getdkcə, kulminasiya nöqtəsinə yüksəlir. Bunun ən bariz nümunəsi bir müddət əvvəl BMT Baş Assambeyasında Ukrayna ilə bağlı keçirilən səsvermə oldu. Məlumdur ki, Avropa ölkələrinin Rusiya əleyhinə hazırladığı qətnamə layihəsinə 93 dövlət lehinə, 18-i əleyhinə səs vermiş, 65-i isə bitərəf qalmışdı. Qətnamənin əleyhinə səs verən 18 ölkədən biri İsrail, digəri isə ABŞ idi. Təsəvvür edin ki, hətta Çinin belə tam qarşı çıxmadığı, sadəcə bitərəf qaldığı qətnaməyə indiyədək Avropa dövlətləri ilə eyni sırada dayanan İsrail və ABŞ əleyhinə səs vermişdi. Eyni şəkildə bir çox beynəlxalq toplantılarda ABŞ və İsrailin bənzər birgə hərəkət etdiyini, bu addımları ilə Avropa ölkələrindən ayrıldığını görürük. İngiltərə isə bu səsvermələrdə birmənalı şəkildə Avropa müttəfiqlərinin dayanda dayanırdı. Bu da ABŞ-Böyük Britaniya-İsrail haçalanması üçün yetərli səbəbdir”.
Siyasi şərhçi İsrail və ABŞ-ın ənənəvi müttəfiqlərinin, o cümlədən İngiltərənin qarşısında yer almasını Vaşinqtonun və Təl-əvivin öz geosiyasi cizgisindən ayrılması ilə əlaqələndirir: “ABŞ-da baş verən bir çox siyasi proseslərdə bənzər hadisələrin yaşandığını görə bilərik. Üstəlik, bu üç strateji müttəfiqin arasında yaşanan məlum haçalanmalar yeni də deyil. Bəzi mütəxəssislərə görə, haçalanma illər öncə başlayıb və xüsusilə də Trampın seçkilərində özünü büruzə verir. Belə ki, vangelistlər 2004-cü il prezident seçkilərində evangelistlər Corc Buşu 78 faiz, 2008-ci il seçkilərində Con Makkeyni 74 faiz, 2012-ci ildə Mitt Romnini 78 faiz, 2016-cı il seçkilərində isə Donald Trampı 81 faizlə dəstəkləmişdilər. Trampın ikinci seçkisi barədə hər hansı məlumat verilməsə də, yaşanan son hadisələr ortadadır”.
Bəs, evangelist təriqətinin Trampa səs verməsinin İngiltərə-ABŞ haçalanması ilə nə əlaqəsi var?
Heydər Oğuzun iddiasına görə, ABŞ-da əhalinin hardasa üçdə birini özündə birləşdirən evangelist təriqəti ilə sionistləri birləşdirən çox möhkəm tellər var: “Biri xristian, digəri yəhudi dininə mənsub olmasına baxmayaraq, hər iki təriqətin inancı təxminən eyni tezisə söykənir. Bu tezisə görə, Fələstində Beytül-müqəddəs tamamilə yəhudilərin əlinə keçəndən sonra İsa peyğəmbər zühur edəcək və böyük qiyamət savaşı başlayacaq. Məhz bu ortaq inanclarına əsasən, evangelistləri hətta “xristian sionistlər” adlandırırlar. Məsələ burasındadır ki, evangelistlər mənşə etibarilə İngiltərədən çıxsalar da, Böyük Britaniyanın rəsmi siyasəti bu inancdan fərqli siyasətə üstünlük verir. Məhz bu səbəbdən də İngiltərənin Fələstinlə bağlı xarici siyasəti ABŞ-dan fərqlənir. London Qəzzanın və İordan çayının qərb sahillərinin İsrailə verilməsi fikrinə ehtiyatla yanaşır, iki dövlətli çözüm ideyasını dəstəkləyir. Eyni sözləri bir çox Avropa ölkələri üçün də demək mümkündür. Görünür, bu ciddi fərq indiyədək birgə hərəkət edən strateji müttəfiqlər arasındakı birlikdəliyi pozur və onları qarşı-qarşıya gətirir”.
Heydər Oğuza görə, bu ziddiyyət tam aradan qaldırılmayanadək ABŞ-la Böyük Britaniya arasındakı haçalanma getdikcə böyüyəcək və anqlosakson ittifaq arasında ciddi qopmalar başlayacaq.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ