Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın sülh planı Ukraynanın Vaşinqtona öz təbii ehtiyatlarına, o cümlədən neft, nadir torpaq metalları və limanlarına çıxış imkanı verməsini, həmçinin mədən gəlirlərinin 50%-dən imtina etməsini nəzərdə tutur.
Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” yazıb. Qəzetə danışan ekspertlər bu şərtləri müharibədən sonra Almaniyaya tətbiq edilən ağır təzminatlarla müqayisə edirlər.
“Financial Times”ın məlumatına görə, təşəbbüs Donald Trampa Ukrayna resurslarına çıxış təklif edən Vladimir Zelenskidən gəlib, lakin təfərrüatları açıqlamayıb. Nəticədə Vaşinqton bu məqamdan istifadə edərək, ekspertlərin artıq II dünya müharibəsindən sonra Almaniyaya qarşı təzminatlarla müqayisə etdikləri sərt şərtləri tətbiq edib.
“FT” qeyd edir ki, Ukrayna rəhbərliyi indi razılaşmanın şərtlərini dəyişdirməyə çalışır, lakin danışıqlara nəzarəti itirib. Avropa rəsmiləri və Münhen konfransının iştirakçıları bu yanaşmanı tənqid edərək, Vaşinqtonun tələblərini “sələmçilik” adlandırırlar.
Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessentin Zelenskiyə təqdim etdiyi sazişin tam mətni internetdə yayılıb, lakin Ukrayna lideri sənədi imzalamaqdan imtina edib. Sənəddə deyilir ki, mədən gəlirlərinin 50%-i və bütün yeni lisenziyaların dəyərinin 50%-i ABŞ-a getməlidir. Vaşinqton həmçinin ixrac olunan resursların alınması və Ukraynanın xammal sektoruna faktiki nəzarət üçün prioritet alır. Bununla belə, müqavilə heç bir təhlükəsizlik zəmanəti vermir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ