İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın müəmmalı planı - “Zəngəzur dəhlizi” şərti olmadan sülh sənədi...

Analitiklərə görə, nəqliyyat arteriyalarının açılmasının “sonraya” təxirə salınması Ermənistanla Azərbaycan arasında imzalana biləcək sülhü “kövrək” edə və sənədi zəiflədə bilər 

Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən “Zəngəzur dəhlizi” ilə bağlı bənd çıxarıldı. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda "AzadlıqRadiosu"na müsahibəsində rəsmi Bakının Ermənistanla sülh müqaviləsi imzalaması üçün şərtləri açıqlayıb. Əsas olanlardan biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən bəndin çıxarılmasıdır. Digər şərt isə Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə təşəbbüsüdür. E.Əmirbəyov bildirib ki, Bakı kompromis qərar verib, bu məsələnin müzakirəsini sülh müqaviləsi imzalanana qədər təxirə salmağa razılaşıb, bundan sonra Elçin Əmirbəyovun sözlərinə görə, hökumət komissiyaları nəqliyyatın açılması məsələsi ilə bağlı ayrıca danışıqlara başlayacaq.  

Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılması əvvəllər Bakının sülh danışıqları üçün şərtlərindən biri olub, rəsmi Bakının sülh müqaviləsi imzalanana qədər bu məsələnin müzakirəsini təxirə salmağa razı olmasının nə demək olduğunu anlamaq lazımdır. Məlum olduğu kimi, Ermənistan 4 ilə yaxındır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mətnində yer alan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Erməni tərəfinin nəqliyyat arteriyasını açmaqdan imtina etməsi regionda vəziyyəti son həddə çatdırdı və az qala yeni müharibəyə səbəb oldu. Yada salaq ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistanla yanaşı, İran da qarşı çıxıb.

Bu vəziyyətdə Bakı İran ərazisindən, sərhəd Araz çayının cənub sahili boyunca yeni nəqliyyat arteriyasının yaradılmasına dair Tehranla ikitərəfli strateji saziş imzalamaqla manevr imkanlarını genişləndirdi. Nəticədə Ermənistan Zəngəzur dəhlizinin açılmasından imtina edərək öz maraqlarına zərər vurdu və yarıqapalı vəziyyətdə qaldı. Halbuki Azərbaycan Tehranda Araz yolu adlanan yeni nəqliyyat arteriyası sayəsində təkcə Naxçıvan anklavı ilə əlaqə yaratmayacaq, həm də gələcəkdə bu marşrut Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qollarından biri olacaq. Bəzi ekspertlər isə hesab edir ki, nəqliyyat arteriyalarının açılmasının “sonraya” təxirə salınması Ermənistanla Azərbaycan arasında imzalana biləcək sülhü “kövrək” edə bilər. Nəqliyyat əlaqələrinin bərpası və sərhədlərin delimitasiyası gələcəyə qədər təxirə salınarsa, tərəflər hərtərəfli sülh müqaviləsi deyil, yalnız ərazi bütövlüyünün qarşılıqlı tanınması və ona qarşı ərazi iddialarının olmaması ilə bağlı siyasi sənəd imzalayacaqlar. Bu isə tərəflərin imzaladığı sənədi xeyli zəiflədəcək.

Bu arada ABŞ-ın iki hərbi təyyarəsinin İrəvana gəlməsi və Caliber.az-ın “Amerika ordusu Zəngəzura daxil olub” sərlövhəli məlumatı diqqət çəkib, hətta bu ölkənin Ermənistandakı səfirliyi reaksiya verib. ABŞ səfirliyi qısa reaksiya verib: “İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal Tərəfdaşı" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib". Göründüyü kimi, səfirlik “Qartal tərəfdaşı” təlimlərindən bəhs edib, hərbi təyyarələrin nə məqsədlə gəldiyi haqda susub. Bəs ekspertlər nə deyir? 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Azərbaycan Zəngəzur dəhlizi layihəsini strateji gündəliyindən kənarlaşdırmayıb: “Prezidentin xüsusin tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun məlum açıqlaması Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi layihəsinin mətnindən çıxdığını bildirir. Lakin hələ sülh müqaviləsinin yekun mətni də heç hazırlanmayıb. Ümumilikdə bəyanatın ideyası yekunda Zəngəzur dəhlizinin açılacağı haqqında yaxşı təsəvvür yaradır. Ən əsası, dəhliz mövzusunun layihə mətnindən çıxarılması Azərbaycana o imkanı verir ki, Zəngəzur koridorunu sülh müqaviləsindən əvvəl açmaq imkanlarını nəzərdən keçirsin. Yəni dəhliz ayrı predmetdirsə, onun açılması ilə bağlı zamanlama əvvələ də çəkilə və dəhliz açıldıqdan sonra sülh müqaviləsi bağlana bilər”. 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesində dəhliz maddəsinin gündəlikdən çıxarılması çox önəmli addımdır. O bildirib ki, bu maddə ilə bağlı kifayət qədər böyük ziddiyyətlər mövcud idi: “Rusiya tərəfi dəhliz üzərində nəzarəti həyata keçirmək iddiasındadır və bu iddialarından geri çəkilmir. Üçtərəfli birgə bəyanatın 9-cu maddəsində də məhz bu barədə söz açılır. Regionda və dünyada geopolitik mənzərə dəyişir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən müharibə və onun daha da gərgin mərhələyə qədəm qoyması gözləntiləri, çağırışları regionumuzu bürüyüb”. 

İ.Hüseynovun fikrincə, bu baxımdan Azərbaycan və Ermənistan sülhdə daha israrlı və əmin olmaq üçün kommunikasiyaların açılması, dəhlizlərin, nəqliyyat arteriyalarının işə düşməsi kimi çox önəmli məsələləri növbəti mərhələyə qoyur: “Azərbaycan hazırda əldə olunan fundamental razılaşdırılmış prinsipləri hüquqi cəhətdən imzalamaqla sülh yolunda daha da irəliləməkdə maraqlıdır. Düşünürəm, bu, bölgədəki sülh təhlükəsizliyi və sabitlik sisteminin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR