Onlayn ictimai-siyasi qəzet
ABŞ dolları altı əsas valyuta səbəti qarşısında iki aylıq minimumlara yaxın səviyyədə qalmağa davam edir. Bununla bağlı “Pepperstone” strateqi Maykl Braun qeyd edib. “İnvestorlar Prezident Trampın son tarif planlarını və cümə günü açıqlanan zəif ABŞ pərakəndə satış məlumatlarını dəyərləndirir”, – deyə Maykl Braun bildirir. (banker.az)
Onun sözlərinə görə, Trampın qarşılıqlı tariflərinin apreldə qüvvəyə minməsi ehtimalı az olduğu üçün bazarlar danışıqlar üçün kifayət qədər vaxt olduğunu düşünür. Davam edən tarif riskləri və yüksək siyasət qeyri-müəyyənliyi fonunda dollara qarşı mərc etmək çətin olsa da, valyutanın yüksəlməsi üçün yeni bir impuls lazımdır, əks halda “müvəqqəti olaraq aşağı istiqamətdə hərəkət etməyə davam edəcək.
Buna ABŞ-nin iqtisadi təqvimində mart ayına qədər “xüsusi maraq doğuran heç bir məlumatın olmaması” da kömək etmir. DXY dollar indeksi 0,1% artaraq 106.799-a yüksəlsə də, cümə günü qeydə alınan 106.566 minimal səviyyəsinə yaxın qalır.
ING analitiki Kris Törnerin qeydinə görə, Ukrayna-Rusiya münaqişəsi ilə bağlı qeyri-müəyyənlik fonunda avronun yüksəlmə potensialı məhduddur. Onun sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq üçün göstərilən səylər avronu cüzi dəstəkləsə də, “ABŞ-ın artan izolyasionizmi perspektivi” valyuta üçün müsbət görünmür.
“Buradan etibarən avronun xeyli yüksəlməsi, ABŞ-nin [iqtisadi] aktivliyinin daha da zəifləməsinə dair əminlik tələb edir – bu isə bizdə yoxdur”, – deyə Törner bildirir.
Avropa liderlərinin görüşü bazar ertəsi Parisdə keçirilir və Avropanın ABŞ və Rusiya arasında aparılan Ukrayna sülh danışıqlarından kənarda qalması ilə bağlı narahatlıqlar artır. “FactSet”in məlumatına görə, avro 0.1% azalaraq $1.0477 səviyyəsinə düşüb, cümə günü isə iki yarım həftənin maksimumu olan $1.0516-ya çatmışdı.
Musavat.com xəbər verir ki, ötən ildən dolların bahalaşacağı ilə bağlı bir ajiotaj var idi.
Ekspertlərə görə indi dolların dəyər itirməsi bir sıra iqtisadi və maliyyə nəticələrə səbəb ola bilər. Belə ki, neft, qızıl və digər əmtəələr əsasən dollarla qiymətləndirilir. Dolların zəifləməsi bu malların qiymətini artırır, çünki investorlar daha çox dollar ödəməli olurlar. Neft və qaz ixrac edən ölkələr üçün bu, gəlirlərin artmasına səbəb ola bilər. İnkişaf etməkdə olan ölkələr beynəlxalq borclarını dollarla ödəyir. Dolların ucuzlaşması bu borcların ödəniş yükünü azalda bilər. İnvestorlar daha yüksək gəlir əldə etmək üçün inkişaf etməkdə olan bazarlara yönələ bilər, bu da həmin ölkələrin iqtisadiyyatına müsbət təsir edə bilər. Dollar ucuzlaşdıqca, Azərbaycan manatı və digər yerli valyutalar güclənə bilər. Bu isə yerli istehsalçıların ixrac qabiliyyətinə mənfi təsir edə bilər. Xaricdən alınan məhsullar (ərzaq, dərman, texnika) daha ucuz ola bilər ki, bu da yerli bazara müsbət təsir edə bilər. Dolların zəifləməsi neftin qiymətini artırarsa, Azərbaycanın ixrac gəlirləri yüksələ bilər.
Dolların ucuzlaşması davam edəcəkmi? Dolların dəyər itirməsi ölkəmiz üçün nə kimi dividentlər gətirir?
İqtisadçı Eyyub Kərimli mövzunu Musavat.com-a şərh edərkən bəzi məqamlara aydınlıq gətirib:
“Ümumiyyətlə, mən düşünmürəm ki, növbəti aylarda dolların kəskin uzlaşması baş versin. Çünki hazırda Amerika prezidenti Donald Trump və onun ətrafında dövlət idarəçiliyində yer alan iş adamları bəyanatlarında dəfələrlə bildiriblər ki, dolların ucuzlaşmasına ehtiyac yoxdur. Əksinə fikrimcə, dollar daha da möhkəmlənəcək. Dolların möhkəmlənməsi digər qiymətlərə təsir göstərə bilər. Bu da neftin qiymətinin ucuzlaşmasını müşahidə edə bilərik. Bu da nəticədə zəncirvari olaraq digər istiqamətlərə də təsir edir. Sözsüz ki, dolların möhkəmlənməsi ölkəmizin valyuta gəlirlərinə də müsbət təsir göstərə bilər.
Bizim əsas büdcəmizin formalaşması neft və qaz ixracatından asılıdır. Bu da ölkəyə xarici valyuta axınına təsir edən amildir. Lakin dolların ucuzlaşması dünyada inflyasiya proseslərinə start verə bilər. Bu da dünyada qlobal inflyasiyanı tətikləyən amilə çevrilə bilər”.
Afaq Mirayiq,
Musavat.com
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ