Onlayn ictimai-siyasi qəzet
Türkiyədə geniş rezonansa səbəb olan saxta diplom qalmaqalında Sultan II Əbdülhəmidin nəvəsi olduğunu iddia edən Abdülhəmid Kayıhan Osmanoğlunun da adı hallanır.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İnönü Universitetinin Tarix fakültəsinin məzunu kimi tanınan Osmanoğlunun diplomunun saxta olduğu ortaya çıxıb.
Araşdırmalara görə, səlahiyyətli şəxslərin elektron imzalarından istifadə edərək dövlət sistemlərinə sızan dəstə çoxsaylı şəxsə saxta diplom və sürücülük vəsiqəsi hazırlayıb. Bu faktların üzə çıxması ölkədə ciddi ictimai narahatlıq yaradıb.
Osmanoğlunun diplomunun düzgün hazırlanmadığı müəyyən edildikdən sonra universitet sənədi ləğv edib. İddialara görə, bu qalmaqaldan sonra Abdülhəmid daha əvvəl ona açıq şəkildə dəstək verən AKP-yə yaxın dairələr və sosial media istifadəçiləri tərəfindən sərt tənqidlərə məruz qalıb.
O, "Ulu sultanı məzarında döndərdiniz", "Baban Əbdülhəmidə vurduğun zərəri sionist Herzl belə vura bilməzdi" kimi sərt ifadələrlə hədəf alınıb.
Osmanoğlu isə tənqidlərə cavab olaraq: "Babama paxıllıq edənlər indi mənə paxıllıq edir", - deyib.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ