İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ diplomatı Bakıdan bu mesajları aparıb - Bütün DETALLAR bəlli oldu!

Bir ay ərzində Baydenin iki xüsusi nümayəndəsini Azərbaycan Prezidenti ilə görüşə gətirən səbəblər; təcrübəli diplomat Maykl Karpenter münasibətləri nizamlaya biləcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterlə görüşündəki müzakirələr medianın diqqətindədir. Yada salaq ki, “Yeni Müsavat” ötən həftə diplomatik kanallara yaxın mənbəyə istinadən yaxın günlərdə ABŞ-dan Bakıya mötəbər heyət gələ biləcəyi xəbərini vermişdi və bu, təsdiqini tapdı. Buna qədər də ABŞ prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfərdə olmuşdu. Təkcə oktyabr ayında ardıcıl olaraq Baydenin müşaviri və xüsusi köməkçiləri Bakıya təşrif buyururlar.

Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter bu vəzifəni 2024-cü ilin aprelindən icra edir. O, əvvəllər ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) səfiri vəzifəsində çalışıb. Karpenter zabitdir, 2015-2017-ci illərdə Pentaqonda müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya və Adi Silahlara Nəzarət üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. Dövlət Departamentində Rusiya İşləri İdarəsinin direktor müavini, dövlət katibinin siyasi məsələlər üzrə müavininin xüsusi köməkçisi, Avropa təhlükəsizliyi və siyasi məsələlər ofisində siyasi-hərbi zabit, Qafqaz və regional münaqişələr idarəsində müşavir vəzifələrində çalışıb. O, ABŞ-ın Polşa, Sloveniya və Barbadosdakı səfirliklərində də çalışıb.

Rusiya mediası onun Kremlə qarşı sərt kurs tərəfdarı kimi xarakterizə edir. 2018-ci ildə o, Baydenlə birgə  “Foreign Affairs” jurnalında “Kremlə qarşı necə duruş gətirməli” adlı birgə məqalə dərc ediblər. Karpenter “New York Times”, “Washington Post”, “Newsweek”, “Politico” və bir çox başqa qəzetlərdə “Rusiyanın bədxah təsirinə qarşı mübarizə” və “Niyə Putinin Belarusa təhdidinə göz yummaq olmaz” kimi məqalələrin müəllifidir.

Bu ilin mayında Karpenter Ermənistan parlamentində ABŞ-la dostluq qrupunun üzvlərini qəbul edib. Maykl Karpenter ABŞ-ın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini təsdiqləyib,  Ermənistan və Azərbaycan arasında demarkasiya prosesini alqışlayıb. Görüşdə Nikol Paşinyan hökumətinin “Sülh kəsişməsi” layihəsi də müzakirə edilib.

Karpenter son aylar “Gürcü Arzusu” hökumətini də sərt tənqidləri ilə seçilir, Gürcüstanı Avropaya inteqrasiyadan 180 dərəcə uzaqlaşmaqda ittiham edib. Amerika rəsmisi xəbərdarlıq edib ki, “Gürcü Arzusu” vətəndaş cəmiyyətini sarsıtmağa davam edərsə, seçkilər azad və ədalətli keçirilməsə, ABŞ “demokratik normaları pozanlara” qarşı tədbirləri davam etdirəcək.

Baydenin Bakıya göndərdiyi diplomatın əsas missiyası sülh razılaşması ilə bağlı Baydenin məktubunu yetişdirmək olsa da, aydındır ki, Bakının Vaşinqtonla bağlı son narazılıqları da diqqətdən kənar qala bilməz. Çünki son aylar ərzində ABŞ Konqresində, Dövlət Departamentində Azərbaycanın daxili işlərinə müdaxilə, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilən absurd müzakirələrin şahidi oluruq.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cəbrayıl şəhər sakinləri ilə keçirdiyi görüşdə də Azərbaycana qarşı təzyiqlərin və təhdidlərin davam etdiyini bəyan etmişdi. Prezident bu təzyiqlərin başında dayanan qüvvələrdən birinin Fransa ilə yanaşı ABŞ olduğunu demişdi. Bəllidir ki, Milli Məclisin 43 deputatı oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları ilə  münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyiblər.

Bəs təcrübəli diplomat Bakı ilə münasibətləri nizamlaya biləcəkmi? ABŞ Azərbaycanın Vaşinqtonla bağlı narazılıqlarından hansı nəticələr çıxaracaq? 

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

“Yeni Müsavat”a hazırkı Vaşinqton-Bakı əlaqələrini şərh edən professor Qabil Hüseynlinin fikrincə, ABŞ Cənubi Qafqazda Azərbaycanı özünə tərəfdaş görür: “Sadəcə, hazırkı Bayden hakimiyyəti Ermənistanla işləməyə üstünlük verir. Çünki Paşinyanı öz "siyasi klublarında" görürlər. Ona görə bizə ədalətsiz münasibət sərgiləndi. Blinken hər dəfə çalışırdı ki, pozulan əlaqələri bərpa etsin. Son olaraq öz müavini Obrayenin davranışını kompensasiya etmişdi. Amma bugünlərdə konqresmenlərin müraciəti üzə çıxardı ki,  bunu Blinken özü sifariş edibmiş. Yəni hazırkı ABŞ-Azərbaycan əlaqələri ziqzaqdır. Halbuki Azərbaycan ABŞ üçün vacib enerji təchizatçısıdır və Avropa bazarında mühüm rol oynayır". 

Q.Hüseynli Tramp prezident seçildiyi halda, əlaqələrin normallaşacağını gözləyir: “Amma o zaman da Konqresdə üstünlük Demokratlarda olacaqsa, yenə də əleyhimizə siyasət yürüdüləcək. Son intensiv səfərlərdə güman edirəm ki, bəzi pərdəarxası məsələlər müzakirə edilib. Azərbaycandan bir sıra mövzularda xahişlərin olması mümkündür. Ümumi mənzərə budur ki, əlaqələri daha da pisləşdirmək niyyətində deyillər”.

“Münasibətləri düzəltmək Harris administrasiyasına hazırlığa görə ola bilər. Çünki Bakı ilə təzyiq dilində danışmaq nə 90-larda, nə əsrin əvvəllərində fayda verməyib. Azərbaycan isə supergüc olan Birləşmiş Ştatlarla yüksək səviyyəli əməkdaşlığa maraqlıdır. Biz beynəlxalq terrorizmlə mübarizədə, Əfqanıstana sülhməramlı kontingent göndərməkdə birgə hərəkət etmişik, enerji təhlükəsizliyinin qorunmasında maraqlarımız ortaq olub, yəni bugünkü problemlər bizdən qaynaqlanmır. Sadəcə, indiki Bayden hökuməti Azərbaycanla dostluq etmir və səmimi deyil”.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Bu fikirləri “Yeni Müsavat”a açıqlayan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sözlərinə görə, indi Vaşinqtonda  anlayırlar ki, Bakını sıxanda daha da Moskva ilə yaxınlaşır, eləcə də 5 noyabr seçkilərindən sonrakı münasibətləri nəzərə almalıdır: “Ona görə gah Baydenin iqlim məsələləri üzrə müşaviri Bakıya gəlir, gah Avropa üzrə direktor təşrif buyurur. Hiss olunur ki, əlaqələri sahmana salmağa cəhd edirlər. Unutmayaq ki, bu səviyyədə təmaslar təkcə mediaya açıqlanan hissə ilə məhdudlaşmır, qeyri-rəsmi müzakirələr olur”.

VHP sədrinin müavini Bayden ABŞ lideri olandan bu narazılıqların olduğunu xatırladır və əlavə edir ki, indiyə qədər də münasibətlər tam qaydasına düşməyib: “Hazırda seçkilərə az qalıb və Baydenin komandasının üzvləri Bakıya səfərlər üçün növbəyə düzülüblər. Deməli, əngəlləri aradan qaldırmaq və Harris üçün yolu açmaq niyyəti var. İntəhası, 4 il ərzində əlaqələr rəvan olmadı və yalnız Blinken axsayan tərəfləri düzəltmək istədi ki, o da alınmadı. Deyərdim ki, bu illər ərzində Bayden iqtidarı ilə Azərbaycanın "ulduzu barışmadı". Bu da ermənipərəst olmaqdan irəli gəlir. Biz də sadəlövh deyilik, “907-ci düzəliş”in bir müəllifi də Cozef Bayden idi, onun Azərbaycana xoş münasibətini gözləyə bilməzdik. Amma deməliyəm ki, son səfərlər ən azı gərginliyi aradan qaldırmağa hesablanıb. Açığı, Harris qalib gələcəyi təqdirdə, bundan daha yaxşı münasibətlərə də ümid etmirəm".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR