Onlayn ictimai-siyasi qəzet
Ciddədə keçirilən danışıqlar ABŞ-ın demokratiya uğrunda gecikmiş qələbəsidirmi?
ABŞ-Ukrayna dialoqu və atəşkəs razılaşması ilə bağlı Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov Musavat.com-a açıqlama verib.
O, bu görüşün ABŞ demokratiyasının gecikmiş də olsa, bir qələbəsi kimi qiymətləndirildiyini bildirib.
Məmmədovun sözlərinə görə, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri Rusiyanın davam edən münaqişəsində atəşkəsə nail olmaq və müharibənin dinc yolla həllini tapmaq üçün mühüm bir dialoq aparıblar. Görüş zamanı 30 günlük atəşkəs barədə razılıq əldə edilib və bu müddətin qarşılıqlı razılaşma əsasında uzadıla biləcəyi bildirilib.
Saleh Məmmədov vurğulayır ki, Tramp administrasiyası ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Onun sözlərinə görə, Tramp komandasının Putinə tam dəstək verməsi, hətta ondan da radikal çıxışlar edərək başqa xalqların işğalını anons etməsi, ABŞ-ın tarixi dəyərlərinə və beynəlxalq öhdəliklərinə tamamilə zidd addımlar atması ölkənin nüfuzunu sarsıdıb.
“Putin heç olmasa bir bəhanə gətirirdi ki, o bölgələrdə rus millətinin hüquqları pozulurdu. Amma Tramp komandası açıq şəkildə Kanadanı işğal edəcəyini, Qrenlandiyanı ABŞ-a birləşdirəcəyini elan etdi. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. ABŞ-ın 2025-ci ildən əvvəlki imicini geri qaytarması artıq mümkün deyil, çünki tarix boyu ABŞ heç vaxt başqa dövlətlərin ərazisinə bir kvadratmetr belə iddia etməmişdi”, – deyə Məmmədov bildirib.
Onun sözlərinə görə, Tramp komandası ABŞ iqtisadiyyatını da ciddi sarsıdıb. Martın 10-da bazarlar “zəlzələ” kimi silkələndi, ölkə iqtisadiyyatı resessiyaya düşdü.
“ABŞ demokratiyası buna yol verməməli idi. Təəssüf ki, gec oyandı. Dünənki görüş və əldə edilən nəticələr məhz ABŞ demokratiyasının gecikmiş də olsa qələbəsi idi”, – professor əlavə edib.
Ciddədə keçirilən görüşdə Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə razılaşıb. Müqavilənin əsas şərti Rusiyanın bu razılaşmanı qəbul edib icra etməsidir.
Saleh Məmmədov bildirir ki, ABŞ demokratları bu prosesin sürətləndirilməsində mühüm rol oynayıblar.
“Tramp komandası deyil, ABŞ xalqı Tramp administrasiyasını bu addıma məcbur etdi. Bu, münaqişənin sülh yolu ilə həll olunmasına ciddi cəhd göstərildiyini sübut edir”, – professor qeyd edib.
Görüşdə humanitar məsələlər də müzakirə olunub. Əsirlərin dəyişdirilməsi, mülki şəxslərin buraxılması və münaqişə nəticəsində məcburi köçürülən Ukrayna uşaqlarının geri qaytarılması məsələsi əsas müzakirə mövzularından biri olub.
Saleh Məmmədov bildirir ki, bu tədbirlər müharibədən təsirlənmiş insanlara dəstək vermək və tərəflər arasında etimad yaratmaq üçün vacib addımlardır.
Ciddədəki dialoqun digər mühüm nəticəsi Ukraynanın mineral resurslarının inkişafını sürətləndirmək üçün yeni razılaşmaların əldə olunmasıdır.
Məmmədovun sözlərinə görə, bu saziş Ukrayna iqtisadiyyatının gücləndirilməsi və ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
“ABŞ və Ukrayna arasında bu əməkdaşlıq uzunmüddətli sülhə nail olmaq üçün iqtisadi sabitliyin strateji əhəmiyyətini vurğulayır”, – deyə professor qeyd edib.
Ciddədə keçirilən danışıqlar 8 saatdan çox davam edib. ABŞ Dövlət katibi Marko Rubio “topun indi Moskvanın meydanında olduğunu” bildirib və Rusiyanın atəşkəs razılaşmasını pozmayacağına dair zəmanət verməsinin vacib olduğunu vurğulayıb.
Saleh Məmmədov bildirir ki, Tramp komandası təkcə iqtisadi deyil, siyasi baxımdan da ABŞ-ı zəiflədib. “Marko Rubio açıq şəkildə qeyd etdi ki, Tramp dünyanın prezidenti olmağı planlaşdırır. Bu, ağlasığmaz bir ambisiyadır...”, – professor əlavə edib.
Professor Saleh Məmmədovun fikrincə, ABŞ demokratiyası gecikmiş də olsa, bu görüşlə özünü qismən bərpa etməyə çalışıb. Tramp administrasiyasının beynəlxalq səhnədə yaratdığı zərərin tam bərpa olunması mümkünsüzdür, lakin Ciddədə əldə edilən atəşkəs razılaşması müharibənin dinc yolla həllinə aparan ilk ciddi addımdır.
ABŞ-ın Ukrayna ilə humanitar və iqtisadi əməkdaşlığı artırması sülh prosesinə töhfə verə bilər. Lakin əsas məsələ Rusiyanın bu razılaşmalara nə qədər sadiq qalacağı və atəşkəsin davamlı olub-olmayacağıdır.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ