İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Makrona önəmli XATIRLATMA - “Biz olmasaydıq, indi bütün fransızlar almanca danışacaqdı”

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mətbuatına açıqlamasında Fransanın Ermənistana silah satmasını “Bakı ilə İrəvan arasında münasibətlərdə yeni təxribatçı element” adlandırıb.

Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi.

CEYMS.jpg (81 KB)

“Təəssüf ki, biz sülh sazişinin bağlanmasına yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - Uorlik bildirib.

Maraqlıdır, adətən ermənilərin tərəfini saxlamaqla yadda qalan bir ölkənin diplomatı nə əcəb rəsmi Bakı ilə eyni mövqedən çıxış edir? Ceyms Uorlikin bu sözləri özünün subyektiv fikirləridir, yoxsa o, ABŞ-ın rəsmi mövqeyini ortaya qoyub?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.az-a açıqlamasında bildirib ki, kəşfiyyatçılar kimi, diplomatların da yenisi, sabiqi olmur:

“Onlar həmişə öz dövlətlərinin maraqlarının sözçülərinə çevrilirlər. Ceyms Uorlikin bu fikirlərini də Vaşinqtonun Parisə yerini göstərməsi kimi şərh edə bilərik. Xüsusilə ona görə ki, Ceyms Uorlik sadəcə diplomat olmayıb. Onun tərcümeyi-halına nəzər salanda hərbi-kəşfiyyat sahəsində də ixtisaslaşdığını görə bilərik. Belə ki, o, diplomatik karyerası boyunca Avropada, keçmiş Sovet İttifaqında, NATO-da və s. beynəlxalq qurumlarda siyasi-hərbi və təhlükəsizlik məsələlərinə ilə bağlı vəzifələri yerinə yetirib. Uorlikin 2013-cü ilin sentyabrından 31 dekabr 2016-cı ilə qədər Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədri kimi mühüm vəzifəyə gətirilməsi də kəşfiyyatçı və hərbi bacarığı ilə bağlı ola bilər”.

Amerikalı diplomatın həmin açıqlamanı Azərbaycan mediasına deyil, erməni mətbuatına verməsini də təsadüfi hesab etməyən Heydər Oğuz Vaşinqtonun həqiqətən Fransanın təxribatçı mövqe tutduğu düşündüyünə inanır:

“Bilirsiniz ki, Antoni Blinken bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək mümkün olduğu qədər tez bir zamanda sülh müqaviləsi bağlamasını istəmişdi. İlham Əliyev isə öz növbəsində Azərbaycanla Ermənistanla arasında sülh danışıqlarını əngəlləyən amilləri onun diqqətinə çatdırmışdı. Rəsmi məlumata görə, İ.Əliyev Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddiaların yer aldığı müddətcə sülh sazişi bağlamağın mümkünsüzlüyünü vurğulamışdı. Məlumatlarda açıq şəkildə göstərilməsə də, rəsmilərin telefon danışıqlarında böyük ehtimalla Fransanın bu təxribatçı mövqeyi də müzakirə olunub. Hər halda “İlham Əliyevin ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsi vaxtının çoxdan yetişdiyini” bildirməsi faktı rəsmi press-relizdə öz əksini tapmışdır. Fikrimcə, Prezidentin “keçmişin qalığı” adlandırdığı ATƏT-in Minsk qrupundan danışarkən Fransanın təxribatçı mövqeyindən bəhs etməməsi mümkün deyil. Təsadüfi deyil ki, bu telefon danışığından cəmi 3 gün sonra ATƏT-in keçmiş amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına çıxıb Fransanın məlum siyasətini təndiq edib. Görünür, ABŞ bu reaksiyası ilə həm İrəvana, həm də Parisə öz xəbərdarlığını çatdırıb”.

Siyasi şərhçi ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin məlumat dərc olunduğu sıralarda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri də Vaşinqtonun Parisə “cavablar kompleksinin tərkib hissəsi” kimi görür:

“Metyu Miller dünənki mətbuat konfransında “Azərbaycanla Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edəcəklərini” vurğulayıb”.

Heydər Oğuz xatırladıb ki, Blinken İlham Əliyevə iyunun 21-də zəng edib:

“Həmin gün həftənin cümə günü idi. Şənbə və bazar istirahət günü olduğundan yeni iş həftəsi növbəti bazar ertəsində başlayır. Yəni dünən, ayın 24-də. Başqa sözlə, istirahət günlərini saymasaq, ayın 24-ü əslində ayın 21-dən sonrakı gündür. Həm Ceyms Uorlikin, həm də Metyu Millerin məhz dünən məlum açıqlamaları vermələri ABŞ-ın Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə nə qədər həssas yanaşdığını göstərir”.

BLİN SON.jpg (75 KB)

Dərhal reaksiyanın səbəbsiz olmadığına inanan Heydər Oğuzun fikrincə, Fransa ilə ABŞ-ın Cənubi Qafqazda sülh məsələsinə iki bir-birinə zidd mövqedən yanaşması NATO müttəfiqləri arasındakı rəqabətlə izah edilə bilər:

“Məlumdur ki, NATO-da anqlosakson ittifaqın xüsusi ağırlığı var və Fransa bu reallıqlarla barışmaq istəmir. Fransa prezidentləri, o cümlədən Emmanuel Makron dəfələrlə bu reallığa öz etirazını bildirib. Yeri gəlmişkən, NATO daxilində anqlosakson ittifaqla Fransa arasındakı ixtilaf alyansın ilk quruculuq illərinə qədər uzanır. İki güc mərkəzi arasında ilk ziddiyyət hələ Şarl de Qollun zamanında ortaya çıxıb. De Qoll ABŞ-ın alyansdakı “güclü roluna və bu ölkə ilə Böyük Britaniya arasında xüsusi münasibətlərə” etiraz edərək, 17 sentyabr 1958-ci il tarixində ABŞ prezidenti Duayt Eyzenhauer və Böyük Britaniyanın Baş naziri Harold Makmillana memorandum göndərmişdi. Memorandumda Fransanı ABŞ və Böyük Britaniya ilə bərabər səviyyədə yerləşdirəcək üçtərəfli strukturun yaradılmasını təklif olunurdu. De Qoll öz təklifinə qeyri-adekvat cavab alınca Makron kimi “müstəqillik” eşqinə düşmüş və o zamankı Qərbi Almaniyaya birgə ordu yaratmaq təklifi ilə müraciət etmişdi. Almaniyadan da istədiyi cavabı almayınca hirslənib ABŞ əsgərlərini Fransa torpaqlarından qovmuşdu. Nəticədə ABŞ 200 hərbi təyyarəsini Fransadan çıxarmışdı. İş o yerə çatmışdı ki, ABŞ Dövlət Departamentinin o dövrdəki katibi De Qolla anqlosakson ittifaqın sayəsində fransızların alman işğalından xilas olduğunu xatırlatmaq məcburiyyətində qalmışdı. Parisin bütün xarici orduların ölkədən çıxarılması qərarına Dövlət Departamentinin cavabı belə idi: “Sizin bu qərarınız Fransa qəbiristanlıqlarında yatan ABŞ əsgərlərinə dəmi aiddir?”. ABŞ Dövlət Departamentinin bu ritorik sualının altında yatan hikmət bu idi: Cənab de Qoll əfəndi, alman faşistləri II Dünya müharibəsində cəmi 43 gün ərzində Fransanı işğal edəndə, sən və generalların qaçıb Londonda gizlənmişdi. Məhz həmin illərdə biz ABŞ və Böyük Britaniya Normandiya əməliyyatına başlayaraq, Fransanı işğaldan qurtarmışdıq. Biz olmasaydıq, yəqin ki, bütün fransızlar indi almanca danışacaqdılar. Siz nə tez bu yaxşılığımızı unudursunuz?”.

Siyasi şərhçi xatırladıb ki, Fransanın 1950-ci illərin sonunda NATO-dan çıxması nəticəsində alyansın Avropadakı qərargahı Fransadan Belçikaya köçürülmüşdü və indi də orda fəaliyyət göstərir.

NATO SON.jpg (101 KB)

Fransanın bir də 2009-cu ildə NATO-nun hərbi qanadına qayıtdığını bildirən Heydər Oğuz o dövrün prezidenti Nikola Sarkozinin bu qərarı həyata keçirməsində xeyli çətinliklər yaşadığını vurğulayıb:

“Sarkozinin NATO-ya qaytarmaq səyləri De Qoll ənənələrinin güclü olduğu Fransada yenidən ciddi müqavimətlə üzləşdi. 2007-ci ildən 2009-cu ilə qədər Fransada ciddi müzakirə olunan bu təklif parlamentdə səsə qoyuldu. 238 deputat təklifin əleyhinə, 329 deputat isə lehinə səs verdi. Cəmi 15 ildir NATO-ya geri qayıdan Fransa indi də zaman-zaman cığallıqlarla könül bulandırır. Xatırlayırsınızsa, 2019-cu ildə Makron “NATO-nun beyin ölümü keçirdiyini” bildirmiş, yenə də De Qoll kimi Avropa ordusu qurmaq sevdasına tutulmuşdu. Məhz bu cığallığına görə, NATO-nun digər dövlətləri, o cümlədən Böyük Britaniya və ABŞ Fransanın etirazlarına çox əhəmiyyət vermirlər. Bilirlər ki, bir az da üstünə getsələr NATO-dan çıxacaq, sonra yenə hərlənib-fırlanıb onun himayəsinə sığınacaq”.

Xüsusilə Ukrayna savaşından sonra Fransanın “xaric səslə oxuması”nın sayının artdığına diqqət çəkən həmsöhbətimizin fikrincə, Kiyevə ən az hərbi yardım verən Paris zaman-zaman bu ölkəyə hərbçi göndərəcəyini dilə gətirib həm Rusiyanı qıcıqlandırır, həm də hamam suyu ilə özünə dost qazanır:

“Bu da ABŞ və Böyük Britaniyanın Rusiyanı ruhunu incitmədən canını almaq siyasəti ilə uzlaşmır. Bir çox hallarda müttəfiqlər NATO-da ikitirəlik yarandığını göstərməmək üçün onun dediklərini sözdə dəstəkləmək məcburiyyətində qalır, əməldə isə öz bildiklərini edirlər”.

Həmsöhbətimizin bildirdiyinə görə, Fransanın sülh sazişi imzalamadan Ermənistana hücum silahları vermək təşəbbüsü də ABŞ və Böyük Britaniyanın Cənubi Qafqaz siyasətini iflasa uğratmağa hesablanıb:

“Məlumdur ki, Vaşiqton və London nəyin bahasına olursa olsun Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının tərəfdarıdır. Bununla Cənubi Qafqazı tamamilə rus təsir dairəsindən çıxarmaq istəyirlər. Paris isə II Qarabağ savaşında ağır yara alan erməni millətçiliyinin qaysağını qopararaq problemi diri tutmağa, dolayısıyla müharibə çıxarmağa çalışır. Məqsəd bir tərəfdən Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlamasına zəmin hazırlamaqdırsa, digər tərəfdən isə Rusiyanın regiondan uzaqlaşmaması üçün münbit şərait yaratmaqdır.

Sözsüz ki, Fransanın bu mövqeyi əsasən ABŞ-ı çətin vəziyyətdə qoyur. Çünki ABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir və indiki seçki ərəfəsində Bayden hakimiyyətinin erməni səsinə də ehtiyacı var. Fransa öz siyasətilə faktiki ABŞ ermənilərinin ruhunu oxşayır və dünyanın super gücü sayılan bu dövlətdə öz yumşaq gücünü yaradır, onlar vasitəsilə Ağ Evə təsir göstərməyə çalışır”.

EVO.jpg (149 KB)

Siyasi şərhçinin fikrincə, Parisin bu təxribatlara əl atmasının digər səbəbi Cənubi Qafqazda imtiyaz əldə etmək niyyətindən qaynaqlanır:

“Bayaq da qeyd etdiyim kimi, anqlo sakson ittifaq Fransanı bu mövqeyinə görə ciddi məsələlərdən uzaq tutur və onu regionun bölüşdürülməsi layihəsinə buraxmaq istəmirlər. Yeri gəlmişkən, Azərbaycan da Fransanın qatıldığı bütün formatlarda iştirakdan imtina edir. Bununla da kifayətlənməyib onun neo-müstəmləkəçilik siyasətini ifşa edir, iş üzünü açıb dünya xalqlarına göstərir. Fransa da guya, öz aləmində bunun qisasını yumurtanı tərs döyüşdürməklə alır. Amma məsələ burasındadır ki, Parisin bu oyunpozanlıqları indiyədək heç bir nəticə verməyib, böyük ehtimalla bundan sonra da verməyəcək”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR