İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ da COVİD pasportu tələbini ləğv edir - pandemiya bitdimi?

2023-cü ilin yayınadək dünyada pandemiyanın bitəcəyinə dair rəylər artıq özünü doğruldur. Əksər ölkələr sərhədlərini açıb və COVİD pasportu tələbini aylar öncə  ləğv edib. İndi isə ABŞ-a gələnlər üçün də COVİD-ə qarşı vaksinasiya tələbi ləğv olunur.

ABŞ administrasiyası mayın 12-dən başlayaraq, ölkəyə təyyarə ilə gələn xarici vətəndaşlar üçün koronavirus infeksiyası əleyhinə məcburi vaksinasiya tələbini ləğv edəcək.

Ağ Evin bəyanatına əsasən, mayın 11-dən sonra federal qurumların əməkdaşları, müqaviləli federal işçilər, həmçinin ölkəyə beynəlxalq aviareyslə gələn xarici vətəndaşlardan məcburi koronavirus vaksinasiyası tələbi olunmayacaq.

Birləşmiş Ştatların hakimiyyət orqanları 2021-ci ilin noyabrından bəri ölkəyə daxil olan xarici vətəndaşlardan COVİD-19  infeksiyası əleyhinə tam vaksinasiyadan keçmələri barədə sənəd tələb edirdi. Həm də yalnız ABŞ-da və ya Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatdan keçən peyvəndlərlə vaksinasiya etibarlı sayılırdı.

ABŞ-da 2020-ci ildə pandemiya səbəbindən tətbiq edilən fövqəladə vəziyyət rejimi bu ilin aprelində ləğv olunub.

ABŞ-da demək olar ki, COVİD-lə bağlı son qayda da ləğv olundu. Nəzərə alsaq ki, ABŞ dünyanın bir nömrəli supergücüdür və təhlükəsizliyə ən çox riayət edən ölkədir və ən əsası “söz sahibidir”, onun COVİD-i mayın 12-dən “iptal etməsi” pandemiyanın başa çatması kimi başa düşülür. Rəsmən bunun yaxın günlərdə ÜST tərəfindən bəyan ediləcəyini gözləyəkmi? Belə olarsa, Azərbaycan da sərhədlərini aça bilərmi?

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev: “Bizdə də bu proseslər getməlidir, çünki...”

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, artıq pamdemiya ilə bağlı vəziyyət qənaətbəxşdir: "Pandemik vəziyyət hazırda endemik vəziyyətə çevrilib. Yəni bu, artıq qlobal səviyyədə yox, hər ölkə səviyyəsində qiymətləndirilir. Hər ölkənin özünün yoluxma sayı var. Bu yoluxma sayı da sabitdir. Bu da ölkənin peyvənd olunma səviyyəsindən asılıdır, həm də orada xəstəliyə yoluxub sağalma səviyyəsindən asılıdır. Bir sözlə, kollektiv immunitetin səviyyəsindən asılıdır. Artıq dünya üzrə kollektiv immunitet formalaşıb. Bəzi ölkələrdə - Çin, Tayvan, Yaponiya, Şimali Koreyada yoluxma sayı çoxdur. Xüsusilə Çində çoxdur. Ona görə də bu ölkələrdə pandemiya ilə bağlı vəziyyət tam stabilləşməyib. ÜST bu ölkələri nəzərə alıb məlumat verəcək. Ehtimal ki, onlar hesablayacaqlar, həmin ölkələrdən digərlərinə təhlükə var, ya yox.  Bizlə bağlı elə bir problem yoxdur. Yəni artıq bizə hər hansı təhlükəsi yoxdur. Amma yenə də o ölkələrdə çox sürətli yoluxma olarsa, digər ölkələrə də təsir göstərə bilər".

Həkim ABŞ -la bağlı verilən suala belə fikir bildirdi: “ABŞ-da da çox sürətli artım oldu, ölüm sayları da çox oldu. Həm də vaksinasiya yaxşı aparıldı. Peyvənddən daha vacib isə təbii şəkildə yoluxub sağalanlar oldu, yəni onlarda kollektiv immunitet formalaşıb. Hazırda ABŞ-da gündəlik yoluxma sayı 1500 nəfər olur. Bu ABŞ üçün çox az göstəricidir, ölüm göstəriciləri də aşağıdır. Ona görə onlar üçün təhlükəli vəziyyət yoxdur. Bizdə də düşünürəm ki, belə olacaq. Üzü yaya doğru gedir. Yoluxma sayında sürətli azalma müşahidə edəcəyik. Fəsli infeksiya şəklində olacaq. Yenidən alovlanmalar olacaq, amma pandemiya şəklində olmayacaq. Bizdə də bu proseslər getməlidir, gedəcək də”.

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov: “Bütün məhdudiyyətlər ÜST-in qərarından sonra ləğv olunacaq”

Millət vəkili Azər Badamov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, COVİD-19 yeni növ koronavirusu qlobal pandemiya elan olunan andan Azərbaycan ÜST-in qərarlarına məsuliyyətlə yanaşdı və müəyyən olunmuş protokollar üzrə ölkədə mübarizə tədbirlərinə  başlanıldı: "Məhz bu mübarizə tədbirlərinə zamanında başlanması sayəsində yeni növ koronavirusun ölkəmizə vurduğu təsirlər minimuma endirildi. Bu gün dünyada COVİD-19 təhlükəsi azalıb. Ölkələr bununla bağlı tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırır və normal yaşam tərzinə qayıdır. Ölkəmizdə də demək olar ki, daxili məhdudiyyətlər ləğv olunub. Amma quru sərhədlərlə bağlı tətbiq olunmuş məhdudiyyət hələ də qüvvədə qalır. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ÜST-in qərarlarını rəhbər tutur. Ona görə də  koronavirusla bağlı tətbiq olunmuş və  qüvvədə qalan bütün  məhdudiyyətlər  ÜST-in COVİD-19 pandemiyasının bitməsi qərarından sonra ləğv olunacağı hesab edirəm".

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR