Onlayn ictimai-siyasi qəzet
"ABŞ prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə görüşə ümid etsə də, Çin lideri əvvəlcə Rusiya rəhbəri Vladimir Putinlə görüşəcək".
Bu barədə Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Si Cinpin Vladimir Putini Çinə dəvət edib və Kreml sahibi dəvəti qəbul edib:
"Pekində Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin bitməsinin ildönümü qeyd ediləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin reallaşacağını təsdiq edib.
"Biz bu tarixlərin simvolikasına qarşılıqlı əhəmiyyət veririk" deyən Peksov iki ölkənin nasizmə qarşı mübarizədə töhfə verdiyini xatırladıb.
Putin Pekinə sentyabr ayında gedəcəyi halda Si Cinpin Moskvaya daha erkən gedəcək. Cinpin Böyük Vətən müharibəsinin 80 illiyini 9 mayda Moskvada Putinlə birgə qeyd edəcək. Si Cinpin sonuncu dəfə 2015-ci ildə Moskvada keçirilən Qələbə paradında iştirak edib. Öz növbəsində Putin yeni il təbrikində "dünya antifaşist müharibəsi"ndə qələbənin 80-ci ildönümündə Çinin Rusiya ilə əməkdaşlığı dərinləşdirəcəyini bildirib. Göründüyü kimi, Putin Çinlə tərəfdaşlığı gücləndirməyə çalışır. İndiki səviyyə onu qane etmir".
Politoloqun fikrincə, Putinlə Cinpinin qarşılıqlı səfərlərinə baxmayaraq, Çin liderinin diqqəti ABŞ prezidenti Donald Trampın atacağı addımlar üzərindədir:
"Tramp Çin məhsullarına qarşı rüsumları artırmaq qərarını müvəqqəti dondurub. Görünür, Tramp bu yolla Cinpindən müvafiq addımların atılmasını gözləyir.
Donald Tramp hesab edir ki, iki ölkə arasında ticarətdə müsbət balans Çinin xeyrinədir və bunu dəyişmək lazımdır. Pekin Tramp Ağ Evə gəlmədən ABŞ-la ticarət əlaqələrinin başqa ölkələrin xeyrinə dəyişməsinə çalışıb. Çin Amerika bazarından asılılığını azaldıb. Ancaq Tramp rüsumları artırarsa, Çin iqtisadiyyatı müəyyən qədər zərər görəcək. Bundan başqa, Çində fəaliyyət göstərən Qərb şirkətləri müəssisələrini qonşu ölkələrə köçürməyə başlayıblar. Onlar Tramp administrasiyasının Çinə qarşı ticarət müharibəsinin mənfi təsirindən qurtulmağa çalışırlar.
Bu mənada Çin lideri Si Cinpinin Donald Trampla görüşə ehtiyacı yaranacaq. Digər ölkələrin liderləri də rüsumlar artırılmadan Trampla görüşməyə həvəs göstərirlər. Yaponiyanın baş naziri Siqeru İsiba Ağ Evdə Trampla görüşərək ikitərəfli iqtisadi əlaqələri müzakirə edib. İsiba Amerikadan daha çox sıxılmış qaz alacağını, yatırımları artıracağını vəd edib. Bu günlərdə Hindistanın baş naziri Narendra Modi də ABŞ-a səfər edərək Donald Trampla görüşəcək".
Xalidə Gəray
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ