Onlayn ictimai-siyasi qəzet
İyulun 7-də və 14-də qəbul imtahanlarının ikinci cəhdi baş tutacaq. 2 və 3-cü qruplar iyulun 7-də, 1 və 4-cü qrup üzrə hazırlaşanlar iyulun 14-də ikinci cəhd imtahan verəcəklər. Bu, abituriyentlərin ali məktəbə qəbul olmaq üçün son şans imtahanıdır. Birinci cəhd imtahanlar kifayət qədər çətin olub və bu səbəbdən abituriyentlər ikinci cəhdə ümid bəsləyirlər.
Bu imtahan da ağır olarsa, suallar çaşdırıcı və çətin olarsa, abituriyentərlərin durumu necə olacaq?
Təhsil eksperti Kamran Əsədov mövzunu “Yeni Müsavat” üçün belə şərh edib: “İlk növbədə qeyd edim ki, may ayında keçirilən 1-ci cəhd imtahanlarından sonra aparılan ilkin tədqiqatlar əsasında deyə bilərik ki, sualların faiz nisbəti əslində 30% asan suallar, eyni zamanda 40 % orta və 30 % çətin suallar olmalı idi. Amma burada balans məsələsində çətin sualların sayı ümumi test tapşırıqlarının 40%-ə qədər olduğu, asan sualların isə ümumi sualların cəmi 25%-ni təşkil etdiyini gördük. Xüsusən I ixtisas qrupunda riyaziyyatdan çətin suallar say çoxluğu təşkil edirdi. Orada müxtəlif tənliklərin həlli vaxt aparırdı. Məhv bunun nəticəsi idi ki, 3 və 10 martda keçirilən buraxılış imtahanlarında 54 nəfər maksimum-300 bal toplamasına baxmayaraq, I cəhd imtahanında bu nəticə olmadı. Yalnız 1 nəfər 700 bal topladı ki, bu da 1-ci cəhd imtahanlarının çətin olduğunu göstərdi. İmtahan prosesini ayrı-ayrı təhlil etsək, sualların çətin olduğunu görə biləcəyik. Belə ki, 26 mayda keçirilən 2-ci qrup üzrə imtahanı təhlil etdim. Bu imtahanda coğrafiya fənnindən düşən suallar, məncə, çətin idi. Coğrafiyada 14 dənə uyğunlaşdırma sualı düşmüşdü. Bu uyğunlaşdırma sualları şagirdlərin çox vaxtını alırdı. Bu, məncə, çox problemli bir şeydir. Həm də ki mövzular, yəni suallar ədalətsiz paylanmışdı. Bir mövzudan, misal üçün, koordinat məsələlərindən 4 sual düşmüşdü, digər mövzulardan sual yox və ya az idi.
Sualların təhlili göstərir ki, orada olimpiada sualları var idi. MİQ imtahanlarında istifadə olunan suallar idi və çətin hesab oluna bilərdi. Həmçinin 3-cü ixtisas qrupu üzrə tarix fənnindən təqdim edilmiş test tapşırıqları kifayət qədər daha yüksək hazırlıqlı abituriyent üçün suallar idi və çətin hesab oluna bilərdi. Ümumilikdə qeyd edim ki, bu test tapşırıqlarını yazanda müəlliflərin qarşılarında kitab olur və onlar rahatlıqla həmin sualları yaza bilir. Amma sualları cavablandıran abituriyentlər suallara cavab verdikdə onların qabaqlarında kitab olmur, onlar müəyyən vaxt ərzində müxtəlif fənndən cavab vermiş olurlar. Ona görə də biz imtahan suallarını çətin hesab edirik və aparılan təhlillər göstərir ki, cari ilin məzunları 1-ci imtahanda o qədər də yaxşı nəticə toplamayıblar".
Ekspert sualların asan olmasının tərəfdarı olduğunu vurğuladı: “Çünki bir ixtisas üzrə, məsələn, 180-200 balla qəbul olmaq ictimaiyyətdə həmin ixtisasın səviyyəsinin və dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Amma suallar asan olduğu, ballar qalxdığı təqdirdə həmin o 220 ballıq ixtisas gəlib 350 bala qalxacaq. Bir növ həmin ixtisasın dəyəri də yüksəlmiş olacaq.
Bir məqamı qeyd edim ki, keçid balını həmin il imtahan verən abituriyentlərin ümumi göstəricisi müəyyən edir. Bu konkret bir düsturdur. Keçid balının alınması üçün lazım olan düsturun əsas tərəfi qəbul imtahanlarına qatılan şəxslərin topladığı baldır.
Kamran Əsədov: “Bu il rekord sayda plan yeri olacaq, keçid balı isə...”
Bu il keçirilən buraxılış imtahanlarının nəticələri bunu deməyə əsas verir ki, abituriyentlərin topladığı ballar ötən ilə nisbətən daha yaxşı olacaq. Amma bu göstəricilərin ixtisaslar üzrə keçid balına necə təsir edəcəyi tamamilə fərqli mövzudur. Çünki keçid balını təkcə abituriyentlərin nəticələri deyil, həm də ixtisaslar üzrə ayrılan plan yerləri müəyyən edir.
Plan yerlərindəki artıma əsasən, balların azalma, yaxud çoxalma ehtimalını göz önünə gətirə bilərik".
K.Əsədov qeyd etdi ki, bu il Azərbaycanda rekord sayda plan yeri olacaq: “Ötən il bu rekord yenilənmişdi və plan yerləri bir xeyli artırılmışdı. Göstəricilərin artması rəqabəti yüksəltsə də, keçid ballarında kəskin dəyişiklik olacağı gözlənilmir”.
Adil Vəliyev: “Sualların çətinlik dərəcəsinin abituriyentlərdə çaşqınlıq yarada biləcəyini düşünmürəm, çünki...”
Təhsil eksperti Adil Vəliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu il qəbul imtahanlarında suallar o qədər də çətin olmadı: “Bu il yüksək bal toplayanların sayı keçən il yüksək bal toplayanların sayından qat-qat artıqdır. Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı statistika da bunu göstərir. İstər kurslarda, istərsə də fərdi müəllim yanına hazırlığa gedən abituriyentlərin statistikasını öyrənəndə görürük ki, istər hazırlığa gedən, istərsə də hazırlığa getməyən kifayət qədər abituriyent var ki, onlar ikinci qəbul imtahanında iştirak etmək istəmirlər. Bu onu göstərir ki, ilk imtahan o qədər də çətin keçməyib. Sualların çətinlik dərəcəsinin abituriyentlərdə çaşqınlıq yarada biləcəyini düşünmürəm. Çünki bu sualları yüksək və orta bal toplayanlar da cavablayır. Bəzən elə olur ki, 400 bal toplayan bir sualı düzgün cavablayır, 600 bal toplayan isə səhv yazır. İstər asan olsun, istərsə də çətin, abituriyentlər sualları diqqətlə oxumalı, lazım gəlsə, dəfələrlə oxumalıdır ki, başa düşsün və cavablandırsın”.
Qəbul imtahanlarının abituriyentlərin psixoloji vəziyyətinə təsirini isə psixoloqlarla dəyərləndirdik.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a açıqlamasında özünəinam hissinə diqqət çəkdi: “Həyatda da belədir ki, heç bir sual cavabsız deyil. Abituriyentlər imtahanlardan qorxmasınlar. Nəticənin nə olmağından asılı olmayaraq, özlərinə inamını itirməsinlər. Səhvlər insanı daha güclü edir. Yüksək bal toplamaq bilik göstəricisi deyil, biliyin insan həyatında hansı addım atmasının göstəricisidir. Çətin sual yoxdur, düzgün cavab çətin sualı asanlaşdırır. Abituriyentlər etdikləri səhvlərdən özlərinə dərs çıxarmalıdırlar. Hər kəs ali məktəbə qəbul olacaq deyə bir anlayış yoxdur. Rəqabət var və rəqabətədavamlı əzm tələb olunur. Nə olursa-olsun ali məktəbə qəbul olum prinsipi ilə imtahana getmək doğru deyil. Dörd il sonra diplomlu işsiz yetişməməlidir. Sevəcəkləri sahələrə yönlənməlidirlər. Valideynlər də övladlarına bu istiqamətdə dəstək olmalıdır. Yüksək bal hədəfləyib yola çıxan abituriyentlər daha yaxşı nəticələr göstərirlər. Ali məktəblər üçün təyin olunmuş imtahanlar müqayisə forması daşıyır, münaqişə deyil. İmtahana şübhəli biliklərlə getmək həyəcan yaradır. Ətrafdakıların da gözləntiləri həyəcanın səviyyəsini artırır. Həyəcanı idarəolunmaz şəxslər peşəkar dəstək almalıdırlar. Ehtiyac yaranarsa, imtahandan əvvəl və sonra abituriyentlər psixi sağlamlıq mütəxəssislərinə müraciət etməlidirlər. Baş verəcək mənfi hadisələrin qarşısını almaq olar”.
Rövşən Nəcəfov: “İmtahandan əvvəl və ya sonra abituriyentlərə qınaq və qərəz ifadə etmək olmaz”
R.Nəcəfovun fikrincə, böyük nəticələri süni şəkildə böyütmək doğru deyil: “Heç bir ixtisas, heç bir ali məktəb insanın canından artıq deyil. İmtahanlar əziyyətin ifadəsidir. Həyatda da belədir. Əziyyət çəkən və əzm göstərən şəxslərin nəticələri də böyük olur. Bütün sahələrdə əziyyət və əzm tələb olunur. İmtahandakı böyük nəticələri süni şəkildə böyütmək olmaz. Yüksək bal toplayanlardan "xalxın uşağı" obrazı yaratmaq lazım deyil. Abituriyentlərə təzyiq etməklə, onlara ilk olaraq özlərinə, daha sonra başqalarına qarşı nifrət qidası verilmiş olur. Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. Heç bir imtahan həyatın imtahanından ağır deyil. Ali təhsil almaq istəməyən övladın başqa sahələrə üz tutmasına dəstək olmaq lazımdır. “Diplom almaq” anlayışı əhəmiyyətsizdir. Hər kəsin peşəsi olmalıdır, amma hər kəsin diplomu olmalıdır anlayışı meyar deyil. İnsan gələcəkdə sevdiyi, daha sonra isə bacardığı sahədə uğurlu olur. Problem ali məktəb diplomuna yüklənən mənadadır. Düşüncə dəyişməlidir. Düşüncə dəyişdiyi halda insanın həyatı dəyişir. Valideynlər və övladlar arasında dialoq olmalıdır. Abituriyentlər imtahana gedəndə sualların ağırlığı, çaşdırıcılığı və çətinliyi haqqında yox, onları necə cavablamaq haqqında düşünməlidirlər. Həyəcan məsuliyyətin göstəricisidir. Məsuliyyət ancaq şəxsin özünə məxsusdur. Həyəcan təşvişə və ya digər hansısa psixoloji pozuntuya səbəb olmamalıdır. İmtahandan əvvəl və ya imtahandan sonra abituriyentlərə qınaq və qərəz ifadə etmək olmaz. Sağlam gələcək üçün sağlam düşüncə formalaşmalıdır".
Psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a bildirdi ki, abituriyent proses bitənə qədər stressli, gərgin olur. O vurğuladı ki, bunu nəzərə alaraq, abituriyentlərə şans verilməsini düşünmək olar: “Əgər ikinci cəhddə də çətinlik olsa, hesab edirəm ki, bu abituriyentin üzərinə düşən məsuliyyətlərdən qaynaqlanır. Abituriyent də diqqətli olmalı, məsuliyyət daşımalıdır, biliyini bacardıqca artırmalıdır ki, ikinci şansı dəyərləndirsin. Qəbul imtahanında müvafiq balı toplaya bilməmək təkcə abituriyentlərə yox, valideynlərə də, müəllimlərə də təsir edir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ