Onlayn ictimai-siyasi qəzet
Atəşkəsin başlaması ilə dünən gecə azadlığa buraxılan 90 fələstinli məhbus böyük coşğu ilə qarşılanıb. İsrail mediası Ofer hərbi həbsxanasından azad edilən fələstinlilərdən 78-nin işğal altındakı İordan çayının qərb sahilindən, 12-nin isə Şərqi Qüdsdən olduğunu bildirib.
Musavat.com xəbər verir ki, sərbəst buraxılanlar arasında qadın və 12 yaşından kiçik 20 uşaq var. İsrail həbsxanalarında dəhşətli işgəncələrə məruz qaldıqlarını və ac saxlanıldıqlarını deyən məhbuslar “cəhənnəm əzabı” gördüklərini bildiriblər.
İsrailin azad etdiyi fələstinlilər arasında sosial şəbəkədəki paylaşımlarına görə həbs olunanların da olduğu məlum olub. AFP-yə danışan iki nəfər ailə üzvlərinin sosial media fəaliyyətlərinə görə necə həbs olunduğunu bildirib.
Anasının həkim işlədiyini və sosial mediadakı paylaşımlarına görə 2024-cü ilin yanvarında İordan çayının şimal hissəsində həbs olunduğunu deyən gənc onun azadlığa çıxmasını səbirsizliklə gözləyir.
2025-ci il yanvarın 1-nə olan məlumata görə, İsrail həbsxanalarında 10.400 fələstinli var. Saxlanılanlar arasında 4-ü Qəzzadan olan 87 qadın, həmçinin 320 uşaq var. Bildirilib ki, 95-i uşaq, 22-si qadın olmaqla 3376 nəfər inzibati həbs edilib və saxlanılanlardan 1886 nəfəri İsrail tərəfindən “qanunsuz döyüşçü” kimi təsnif edilib.
Şahanə Rəhimli
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ