İnsanlara hürriyət, millətlərə istiqlal!

"90-dan 73-ü...” – Strateji obyektlərimiz havadan necə qorunur? 

Rövşən Məhərrəmov: “Əvvəllər bu sistemləri Rusiya və İsraildən alırdıqsa...”

Bu günlər Rusiya tərəfdən Ukraynanın mülki infrastruktur şəbəkəsi növbəti kütləvi raket zərbəsinə məruz qaldı. Lakin məlum oldu ki, Ukrayna hərbi-hava sistemləri Rusiyadan atılan 90 raketdən 73-nü, həmçinin 10 PUA-nı vura bilib.

Bu barədə Ukrayna ordusunun HHQ komandanlığı məlumat yaydı. Məlumata görə, hücumda 14 ədəd Tu-95 strateji bombardmançısı, Qara dəniz donanmasının gəmiləri və İran istehsalı olan 10 ədəd “Shahed” PUA-sı iştirak edib. Ukrayna ordusu 73 qanadlı raketi və PUA-ların hamısını zərərsizləşdirib.

Bu, Ukrayna uçub yaxşı, yoxsa pis göstəricidir? Azərbaycanın bu sahədə imkanları Ukrayna ilə müqayisədə necə qiymətləndirilir?

Yada salaq ki, 2-ci Qarabağ savaşı zamanı Ermənistan Mingəçevir SES-ini, Bakını vurmaq üçün Azərbaycana uzaqmənzilli raketlər atmış, ancaq hərbi-hava qüvvələrimiz tərəfindın hamısı zərərsizləşdirilmişdi. Ondan sonra yəqin ki, hava hücumuna qarşı müdafiə sistemlərimiz daha da təkmilləşdirilib.

Bu mənada strateji obyektlərimiz tutaq ki, Ermənistandan, İrandan olacaq yeni təhlükələrə qarşı 100 faiz qorunma altındadır deyə bilərikmi?

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bu nəticəni Ukrayna üçün uğurlu saymır: “Sovetlər dönəmində hava hücumundan müdafiə sistemləri qurulmuşdu, o da bir sistem üzrə idi. Sovet məkanının qorunması üzrə idi. Müstəqillik əldə olunduqdan sonra bu sistem dağıldı və müxtəlif dövlətlər yarandı, həmçinin Ukrayna. Ukraynada bildiyim qədəri ilə müstəqillik dövründə yeni hava hücumundan müdafiə sistemləri əldə etməyiblər. Sovetdən qalma sistemlə hava məkanını qoruyurlar. Bildiyiniz kimi, ruslarla müharibə başlayanda demək olar ki, Ukraynada hava məkanından müdafiə sistemi yox səviyyəsində idi. Müstəqillik dövründə bununla bağlı hər hansı bir tədbir görülmədiyi həm də üzə çıxdı. Görülmüşdüsə, köhnə, yəni sovet sistemindən qalan raketlər və hərbi hava hücumundan müdafiə sistemlərindən istifadə edilmişdi. Qismən hava məkanı qorunurdu. Müharibə başladıqda biz gördük ki, bu sistemlər artıq yox idi. Müharibə uzun zamandır ki, davam edir. Bu müddət ərzində NATO dövlətləri qismən də olsa, Ukraynanın hava məkanını hücumlardan müdafiə etdilər. Amma tam təmin olunmayıb. Hava məkanı bu günkü gün də ürəkaçan deyil. Yəni o sistemlər qoruma üçün kifayət etmir. Hesab edirəm ki, əlavə sistemlərlə Ukrayna təmin edilməlidir ki, hava məkanı tam qorunsun. Demək ki, 90 raketdən 73-ü vurulubsa, 10 PUA sıradan çıxarılıbsa, bu heç də yaxşı nəticə deyil. Hər halda o raketlərinin hər biri vurulmalı idi. Həmin raketlər düşməməli idi, xüsusilə, strateji obyektlərin müharibələr zamanı qorunması olduqca vacibdir. Mülki, strateji obyektlərin hər biri hava hücumundan müdafiə sistemləri ilə qorunmalıdır. Biz görürük ki, 73 raket vurulur. Bu da müsbət hal hesab oluna bilməz. Ukraynanın böyük strateji obyektlərini bu düşən raketlər sıradan çıxarıb. Onun nəticəsidir ki, hazırda Ukraynada işıq problemi var. Qışın bu günündə yaşamaq olduqca acınacaqlıdır, çətindir. Ruslar hava hücumundan müdafiə sisteminin Ukraynada zəif olduğunu nəzərə alıb, raketlərlə bu hədəfləri məhv edirlər, yəni dövlət üçün əhəmiyyətli obyektləri daha çox sıradan çıxarmağa cəhdlər edirlər. Bu günkü reallıq onu göstərir ki, müstəqillik əldə olunduqdan sonra hava məkanının qorunmasına xüsusi diqqət ayrılmalı idi. Bütün dövlətlərə aid fikirlərimdir. Ukrayna bu məsələnin üzərində ciddi çalışmalı, əlavə sistemlər almalı idi. Tam şəkildə hava məkanı bağlanmalı idi. Əlbəttə, Azərbaycan kiçik bir dövlətdir. Ukraynanın böyük bir ərazisi var. Bu ərazini də qorumaq üçün çoxlu sayda hava hücumundan müdafiə sistemləri var ki, bu da çox bahalıdır. Lakin nəyin hesabına olursa olsun, bunu etmək lazım idi. Ən azından dövlət əhəmiyyətli strateji obyektlər və böyük şəhərlər mükəmməl şəkildə qorunmalı idi. Hansı ki, biz gördüyümüz kimi, bu müharibədə o qorunmadı. Bir də çalışmaq lazım idi ki, Tu-95-ləri-bunlar uzaq məsafədən, sərhəd keçmədən raketlər buraxırlar-yəni bu hədəfləri Ukrayna ordusu məhv etsin. Cavab atəşi ilə o hədəflərin məhv edilməsi müharibə başlayanda vacib amillərdən birinə çevrilmişdi. Amma gördüyümüz kimi, Ukraynanın hava hücumundan müdafiə sistemləri həmin hədəfi məhv etmədilər. Dövlətə qarşı cinayət əməlinə əl atıldı, zərurət yaranmışdı ki, Ukrayna tərəfi Rusiya ərazisində adını çəkdiyim, eləcə də, digər vacib obyektləri məhv etsin”.

Hərbi ekspert Azərbaycan istiqamətindən yaranan suallara bu cür cavab verdi: “44 günlük Vətən müharibəsi dövründə təcavüzkar ermənilər tərəfindən strateji obyektlərimizə raketlər buraxıldı. Bizim hava hücumlarından müdafiə sistemləri çox yaxşı işlədi və o hədəfləri məhv etdi. Bildiyiniz kimi, yaxın məsafədən atılan raket Gəncəyə düşdü. Bu da məsafə çox yaxın olduğuna görə baş verdi. Sadəcə olaraq, o hədəfi çatdırıb vura bilmədilər. Əslində bu günkü gündə bir dairə üzrə yox, imkan olduqda 2-3 dairə üzrə hava hücumundan müdafiə sistemlərini gücləndirməliyik. Necə ki, bu təhlükəni Ukrayna döyüşlərində gördük. Azərbaycan müharibədən sonra bəzi hava hücumlarından müdafiə sistemləri alıb. İnanıram ki, o sistemlərlə bütün hədəfləri məv etməyə qadirdir. Lakin bilirsiniz ki, İranın taktikasından xəbərdarıq. Yəni onlar bir raket buraxmırlar, eyni zamanda, 20, bəzən 30 raket buraxırlar. Hava hücumlarından müdafiə sistemləri buna hazır olub, o raketləri tutmalı və havadaca məhv etməlidir ki, ölkəmizin hər hansı bir strateji obyektimizə, ərazimizə, böyük şəhərlərimizə düşüb partlamasın. Biz bunu bir xətt üzrə yox, bir neçə xətt üzrə gücləndirməliyik. Məndə belə bir məlumat yoxdur, amma açıqlamalarda görünür ki, 44 günlük savaşdan sonra yeni-yeni avadanlıqlar almışıq. İnanıram ki, bu və ya əvvəlki avadanlıqlarla hava hücumundan müdafiə sistemlərimiz daha da güclənib və gələcəkdə alınacaq sistemlərlə daha da güclənəcək. Dünyada gedən proseslər onu göstərir ki, ən müasir hava hücumundan müdafiə sistemləri ilə hər bir ölkə təmin olunmalıdır, o cümlədən Azərbaycan. Nəyin bahasına olursa olsun, buna nail olmaq lazımdır. Hava hücumundan müdafiə sistemlərini elə qurmalıyıq ki, bir-birini bağlasın. Birinci çatdırmadısa, artıq ikinci mütləq onu məhv etməlidir. İnanıram ki, bunlar bizdə var. Bu istiqamətdə olduqca yaxşı işlər görülüb. Bir neçə dəfə dövlət başçısı çıxışları zamanı bildirmişdi ki, yeni müasir silahlar almışıq. Məhz inanıram ki, həmin silahlar arasında hava məkanımızı müdafiə etmək üçün bizə lazım olanlar sistemlər də var. Biz bu istiqamətdə Türkiyə və İsraillə yaxın əməkdaşlıq edirik. Bu iki ölkədən hava hücumlarından müdafiə sistemləri əldə edirik. Əvvəllər bu sistemləri Rusiya və İsraildən alırdıqsa, yaxınlarda məndə olan məlumata görə, qardaş Türkiyədə istehsal edilən sistemlər almışıq. Bu çox yaxşı haldır. Bizim hava müdafiəmiz elə qurulmalıdır ki, bir raket belə düşməsin. Fərq etmir, bir raket düşsün, yaxud bir neçəsi. Raket buraxılıbsa, onlardan biri əraziyə düşübsə, demək dağıntılar var. Bu da qarşıya qoyulmuş tapşırığın yerinə yetirilməsi deməkdir. Ukraynadan fərqli olaraq, bizdə bu sahədə gücləndirilmiş sistemlərin olduğuna çox inanıram. İstənilən halda yenilərini də almağa davam etməliyik. Hökumət hər an hava hücumundan müdafiə sistemini daha da gücləndirmək barədə düşünməlidir. Dövlət başçımız 44 günlük savaş zamanı Müdafiə Nazirliyində görüş keçirən zaman bildirdi ki, çoxlu sayda lazımsız silahlar almışıq, müasir müharibənin tələblərinə uyğun deyil, artıq biz bilirik hansı istiqamətdə silahlar almalıyıq. Bir sözlə ölkə başçısı hələ o zaman mesajlarını vermişdi. Müharibədən sonra həmin silahların alınması üçün bir neçə dəfə də təkrarladı ki, biz artıq silahlanma ilə məşğuluq, əminəm ki, aldığımız silahlar hava məkanını qorumaq üçün kifayət edəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR