Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin 90-cı illərindən başlayaraq Rusiyanln Smolensk vilayətində bir sıra qətllər törətmiş quldur dəstəsinin lideri və üzvlərinə qarşı məhkəmə prosesi başlayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, quldurların qurbanları arasında 37-ci hərbi hava qoşunları komandirinin müavini, general-mayor Konstantin Dementyev də olub.
Müttəhimlər kürsüsündə doqquz nəfər oturub. İstintaqın məlumatına görə, dəstə 1990-cı ildə iki müttəhim tərəfindən yaradılıb. Onların rəhbərliyi altında digər canilər 2001-ci ildə bir kriminal dəstə liderinin həyatına qəsd ediblər, ancaq güllələr təsadüfən bir kişi və bir qadına dəyib. Onlar həlak olublar. 2004-cü ildə quldurlar Moskva-Minsk yolunda bir avtomobili atəşə tutaraq, onlarla rəqabətdə olan cinayətkar qrupun liderini aradan götürməyə çalışıblar, lakin yenə yanlışlıqla aralarında general Dementyevin də olduğu üç vətəndaşı öldürüblər.
İki il sonra təqsirləndirilən şəxslər nüfuz dairələrinin yenidən bölüşdürülməsi ilə əlaqədar daha bir cinayət rəhbərini sıradan çıxarıblar. Onlar həmçinin sahibkarlardan pul tələb etməkdə, odlu silah-sursatın qanunsuz dövriyyəsində ittiham olunurlar.
Dəstə üzvlərindən bir neçəsi beynəlxalq axtarışa verilib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ