İnsanlara hürriyət, millətlərə istiqlal!

“9-cu sinfi bitirənlərə attestat yox, elmi dərəcə verilsin” – Ekspertdən təklif

“9-cu sinfi bitirənlərə attestat yox, elmi dərəcə vermək lazımdır”.

Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

kamran.jpg (28 KB)

Ekspertin fikrincə, 9-cu sinif buraxılış imtahanında xarici dil fənnindən esse yazmağın tətbiqi ilk baxışdan şagirdlərin yazılı ifadə bacarıqlarını inkişaf etdirmək üçün müsbət bir addım kimi görünsə də, bu qərar şagirdlərin biliyini yoxlamaq üçün ədalətli deyil:

“İmtahan formatının kompleksliyi, xüsusilə 9-cu sinif şagirdlərinin yaş xüsusiyyətləri və psixoloji hazırlıq səviyyəsi nəzərə alındıqda bu yanaşmanın nə qədər effektiv olduğu şübhə doğurur.

Azyaşlı şagirdlərin bir buraxılış imtahanında dinləmə suallarını cavablandırması, müxtəlif açıq və qapalı test tapşırıqlarını yerinə yetirməsi və sonda esse yazması onların biliyini yoxlamaqdan çox artıq yükləmə effekti yaradır. Psixoloji tədqiqatlar göstərir ki, 15 yaşlı şagirdlərin konsentrasiya qabiliyyəti orta hesabla 40-45 dəqiqə ərzində yüksək olur. Ancaq bu imtahan formatı şagirdlərin konsentrasiya limitlərini aşır və onların bacarıqlarını tam şəkildə nümayiş etdirməsinə mane olur. Bu, onların təhsilə qarşı motivasiyasını da azaldır.

Dünya təcrübəsinə baxdıqda müxtəlif ölkələrdə yazılı ifadə bacarıqlarının yoxlanılmasına fərqli yanaşmalar tətbiq olunur. Məsələn, Finlandiyada 9-cu sinif səviyyəsində xarici dil fənnindən yazılı ifadə yoxlanılarkən şagirdlərə daha çox sərbəstlik verilir. Şəkil əsasında esse yazmaq əvəzinə onlara gündəlik həyatdan mövzular təqdim edilir və mətnlərin qiymətləndirilməsi şagirdlərin yaradıcı yanaşması üzərində qurulur. Həmçinin, Finlandiya təhsil sistemi yazılı tapşırıqları uzunmüddətli layihə və ya ev tapşırığı formatında həyata keçirir ki, bu da şagirdlərə daha çox vaxt və az stresslə özlərini ifadə etmək imkanı verir”.

Ekspert qeyd edib ki, Azərbaycanda buraxılış imtahanlarının bu formatı bir çox nöqsanları üzə çıxarır və ən böyük problemlərdən biri yazılı işlərin qiymətləndirilməsindəki subyektivlikdir:

“Hər il yazı işlərinin yoxlanılmasında buraxılan səhvlər və nöqsanlar nəticələrin gec açıqlanmasına və şagirdlərin haqsız qiymətləndirilməsinə səbəb olur. Məsələn, Dövlət İmtahan Mərkəzinin illik hesabatlarına əsasən, yazılı tapşırıqların qiymətləndirilməsində hər il 10%-ə qədər şikayət qeydə alınır. Bu, qiymətləndirmə prosesində obyektivliyin təmin edilmədiyini və belə bir sistemin ədalətli olmadığını göstərir. Eyni zamanda, bu qədər çox tapşırığın yer aldığı imtahanlar nəticələrin gec açıqlanmasına səbəb olur, bu da həm şagirdlər, həm də valideynlər arasında narahatlıq yaradır.

Şagirdlərin biliyini və bacarıqlarını qiymətləndirmək üçün alternativ metodların tətbiqi daha məqsədəuyğun olardı. Məsələn, yazılı ifadə bacarıqlarını yoxlamaq üçün esse yazmaq əvəzinə şagirdlərə mövzular əsasında qısa cavab tapşırıqları və ya dialoqlara əsaslanan tapşırıqlar təqdim edilə bilər. Bundan əlavə, yazı tapşırıqlarını imtahan formatı əvəzinə uzunmüddətli layihə və ya təqdimat formatında həyata keçirmək daha məqsədəuyğun olar. Bu yanaşma şagirdlərin yaradıcılığını və düşünmə qabiliyyətini daha yaxşı nümayiş etdirməsinə imkan verərdi.

9-cu sinif buraxılış imtahanlarında xarici dil fənnində esse yazmaq kimi çətin bir tapşırığın tətbiqi gənc yaşda olan şagirdlər üçün artıq yükləmə yaradır və onların təhsilə motivasiyasını azaldır. Dünya təcrübəsi daha balanslı və şagird yönümlü yanaşmaların üstünlüyünü göstərir.

Azərbaycanda bu məsələyə yenidən baxılmalı, şagirdlərin bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək üçün daha effektiv və stressdən uzaq metodlar tətbiq edilməlidir. Təhsil sisteminin əsas məqsədi yalnız akademik nəticələr deyil, həm də şagirdlərin psixoloji rifahını və öyrənmə motivasiyasını qorumaq olmalıdır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR