İnsanlara hürriyət, millətlərə istiqlal!

6 nəfərlik dəstə ölkədən 254 milyon 409 min 947 manat “qara pulu” belə çıxarıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir verir ki, ötən prosesdə Bahadır Qasımovun vəkili Kamandar Nəsibov bir neçə şəxsin məhkəməyə çağırılması üçün vəsatətlə çıxış etmişdi.

Qısa müşavirədən sonra vəsatətlər təmin olunmayıb. Vəkil vəsatətin təmin edilməməsinə etirazını bildirib.

Qeyd edib ki, məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı əsaslı arqument təqdim etməyib:

"Həmin şahidlər müdafiə etdiyim şəxsə qarşı ifadə veriblər. Onlar gəlib, məhkəmə iclasında da ifadə versinlər".

Bahadır Qasımov ifadə verib. O, bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb:

"1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznes işlərindən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım qoymuşam.

Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Ora gedəndə məni tutdular.

Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətlərindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa heç vaxt ehtiyacım olmayıb".

Bahadır Qasımov məhkəmə tərkibinin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdıqdan sonra ifadə vermək növbəsi qardaşı İkram Qasımova çatıb.

O, ifadəsində göstərib ki, əsas ticarəti Dubayda olub:

"Mən əsasən Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə isə qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələri qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu, doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm.

Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllara gəldikdə, onlar ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. 2-3 ev, 5-6 maşın niyə ala bilməyim ki?"

Digər təqsirləndirilən Vəli Əliyev ifadəsində bildirib ki, o, sadəcə pasportu olduğu üçün ona verilmiş əmanətləri (qızılları) Dubaya aparıb və ya oradan gətirib:

"Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri və onların peçatlanmış sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə xahiş ediblər mən də eltmişəm. Daha sonra onları Bakıya gətirib Müşviq adlı şəxsə vermişəm. Mən mənə verilən qaçaqmalçılıq və digər ittihamıları qəbul etmirəm".

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib. İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər.

Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar. Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb.

Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR