Onlayn ictimai-siyasi qəzet
Mayın 15-dən etibarən 1 ay boyunca ölkə ərazisində “Təmiz hava” aylığına başlanacaq. Normadan artıq tullantı ixrac edən avtomobillərin sahibləri 50 manat məbləğində cərimə olunacaqlar.
Bu haqda avtosfer.az saytı xəbər yayıb. Bu isə o deməkdir ki, ölkədə cərimələnməmiş az avtomobil sahibi qalacaq. İllərdir ki, “Təmiz hava” aylığında avtomobil sahibləri cərimə olunur. Nəzərə alınmır ki, ölkənin avtomobil parkı qonşu ölkələrin avtomobil parkı ilə müqayisə olunmaz dərəcədə köhnəlmiş avtomobillərdən ibarətdir. Statistikaya görə, yollarımızdakı avtomobillərin 40 faizə qədəri hətta “Avro-2” standartına da uyğun gəlmir. Avtomobil parkının əhəmiyyətli bir hissəsi yalnız 1991-ci ildə qəbul edilmiş QOST-a uyğundur, buna görə karbon dioksidin (karbon monoksid - CO) miqdarı mühərrik sürətində icazə verilən həddi 1,5 faiz, boş sürətdə (xolostoy) isə 3,5 faizdir. “Avro-1” və “Avro-2” standartlarında bu rəqəm 0,5 faiz və 0,6 faizdir.
Azərbaycanda 1 avtomobil almaq üçün verilən kredit faziləri “atın belindədir” və avtomobil idxal edərkən gömrük rüsumları avtomobilin özünün qiymətinə çatır. Bütün bunlar köhnə avtoparkın yenilənməsinin qarşısını alır. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bu mövzu aktiv şəkildə müzakirə olunur. Sürücülər indidən “Təmiz hava” aylığında ciblərinə vurulacaq ziyanı hesablamağa başlayıblar. Müzakirələrdə ötən illərin acı təcrübəsini paylaşan sürücülər katalizatoru olmayan və ya katalizatoru tutulmuş avtomobil sahiblərinin cərimədən yayına bilməyəcəyini qeyd edirlər.
Bu mövzuda əsas arqumentlərdən biri 50 dənə “Çeşka”dan çıxan tüstünün, 1 dənə “Kamaz”dan çıxmasıdır...
Sual olunur ki, belə olan halda minik avtomobilinin sahibinin cərimələnməsi nə dərəcədə doğurur?
Bundan başqa, sovet və Rusiya istehsallı əksər avtomobillərdə katalizator, ümumiyyətlə, istehsalçı tərəfindən nəzərdə tutulmayıb. Belə olan halda cərimə tətbiqi avtomobil sahibləri arasında ayrı-seçkilik deyil?
“Sürücülərin maariflənməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov 3 il əvvəl bu xüsusda AYNA-ya verdiyi açıqlama bu gün də aktualdır.
Musavat.com xəbər verir ki, Fazil Məmmədov demişdi ki, katalizator - katalitik konvertor avtomobilin alt hissəsində, səsboğucu ilə buraxıcı kollektorun arasında yerləşir ki, bu da gözlə görünə bilməz: “Elə qanunda da bir filtr olmaması üçün cərimə qaydası yoxdur. Katalizatorun mövcudluğunda və ya olmamasında sürücünü günahlandırmaq hüquqi cəhətdən savadsızlıqdır. Yol polisi yalnız zərərli tullantıların tərkibini tənzimləyən qazçıxarma sisteminin müəyyən edilmiş ekoloji standarta cavab vermədiyini iddia edə bilər. Və bu, yalnız müəyyən bir vaxtda qazçıxarma sistemindən havaya buraxılan qazların toksikliyini ölçərək yoxlanıla bilər”.
Fazil Məmmədov qeyd edir ki, qanunvericilikdə filtrlərin olmamasına görə heç bir cəza nəzərdə tutulmayıb: “Məsələnin mahiyyəti budur ki, maşın sahibindən yalnız buraxılan qazın ətraf mühitin ekoloji standartına uyğunluğuna riayət etməsi tələb olunur. Avtomobilində bir filtrin olub-olmaması - avtomobilin qazçıxarma sistemi bu nəqliyyat növü üçün müəyyən edilmiş ekostandarta uyğundursa, gerisinin heç kimə dəxli yoxdur”.
Dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması üçün 30 il əvvəl atmosferə atılan zərərli maddələrin - mühərriklərdə işlənmiş qazların və karbonmonoksid ehtiva edən yanacaq buxarlarının miqdarının normasını təyin edən xüsusi ekoloji standartlar tətbiq etməyə başlanıb. Hər il bu normalar daha sərtləşir və “Avro-1”-dən “Avro-6”-ya doğru inkişaf edir.
Fazil Məmmədovun sözlərinə görə avtomobildən buraxılan qazlar ekoloji standarta cavab verirsə, sistemdə katalitik konvertor yol polisini narahat etməməlidir: “Yol polisinin edə biləcəyi yeganə şey sensoru səsboğucuya bağlamaq və buraxılan qazların müəyyən olunmuş normaya uyğunluğunu yoxlamaq və beləliklə avtomobilin bu hissədəki istismar qabiliyyətini təyin etməkdir. Normaya uyğundursa - yaxşıdır, deyilsə - problemlər var. Katalizatorun olmamasında sürücünü günahlandırmağa haqları yoxdur – bu, qanunaziddir”.
Mütəxəssis onu da diqqətə çatdırıb ki, ekostandartlarda katalizatorlardan bəhs edilmir: “Varlığı və ya olmaması ilə bağlı sözlü ifadələr qanunsuz və texniki cəhətdən savadsız fikir tətbiqetməsidir. Bu, savadsız sürücülər üçün hazırlanmış və qanunsuz cərimələrin səbəbi olan başqa bir ixtiradır. Qazçıxarma sisteminin standartına uyğunluq baxımından bu vəziyyətdə avtomobilin köhnə və ya yeniliyi əhəmiyyət daşımır. Sürücü mühərriki o qədər yaxşı tənzimləyə bilər ki, köhnə avtomobildən çıxan qaz standartlara cavab verəcək. Əlbəttə ki, yeni avtomobillər texniki cəhətdən daha yaxşı təchiz olunub. Lakin bu, o demək deyil ki, “Jiquli”dən çıxan qaz standarta uyğun gəlməyəcək”.
İctimai Birlik sədrinin dediyinə görə, ətraf mühit həqiqətən zərərli tullantılardan əziyyət çəkir: “Ancaq dövlət bu problemin həllində maraqlı olmalıdır. Yerli məmurlar məsələyə geniş miqyasda yanaşmalı, zərərli qazların tullantılarının artmasının nə olduğunu başa düşməlidirlər. Ancaq bunun səbəbi, ilk növbədə, səhv tənzimlənmiş bir mühərrik, daimi tıxaclarda artan yanacaq istehlakıdır. Vətəndaşları “kəşf” edilmiş bəhanələrlə cərimələməkdənsə, avtomobillərin hərəkətinə mane olan və benzinin boş yanmasına səbəb olan yollarda düzgün olmayan parklanma problemini aradan qaldırmaq və park yerləri yaratmaq lazımdır. Halbuki məmurlarımız üçün tikintiyə bir torpaq sahəsi satmaq, orada müasir bir dayanacaq tikməkdən daha asandır”.
Digər bir problem isə ölkəyə gətirilən 2-ci əl avtomobillərin katalizatorlarının olmaması və ya universal katalizatorlarla təhciz edilmələridir.
Avtosfer.az bu xüsusda yazır ki, dünyanın əksər ölkələrində avtomobil katalizatorlarının oğurlanması normaya çevrilib. Avropada artıq bu işlə məşğul olan şəbəkə formalaşıb. Onlar nəzarətsiz qalan avtomobillərin katalizatorunu metalkəsən qayçı ilə kəsib çıxarırlar. Peşəkar oğru dəstəsi üçün 1 katalizatorun çıxarılması 3 dəqiqədən tez başa gəlir. Qərbi Avropada oğurlanan katalizatorlar Rumıniya və Bolqarıstana göndərilir. Buradan da post-sovet məkanına yola salınır.
Nisbətən köhnə, çox da tələbat olmayan modellərin katalizatoru isə yerində parçalanaraq rodium, platin və palladium çıxarılır. Afinaj yolu ilə təmizlənən xalis rodiumun 1 qramı təxminən 300 avroya (600 manat) təklif edilir. Təkcə Fransanın Yuxarı Qarona departamentində ötən il katalizator oğurluğu 14 faiz artıb. Fransa polisi bir Rumıniya vətəndaşını 37 ədəd Prius katalizatoru ilə saxlamışdı. Ötən həftə eyni departamentdə 1 gecədə 16 katalizator oğurlayan Bolqarıstan vətəndaşı saxlanılıb. Avtomobil detallarının oğurluğu isə daha ciddi hal alıb. Sözügedən departamentdə detal (disk, təkər, güzgü, fara, bamper və s.) oğurluğu bir ildə 98 faiz artıb. Ən ciddi maraq isə yüngül ərintilərdən olan disklərədir. Polis sırf təsadüf nəticəsində minədək oğurluq diskin Bolqarıstana göndərilmək üçün toplandığı anbarı aşkar edib. Detal oğruları Paris, Berlin, Şturqart və ya Strasburq kimi böyük şəhərlərdə deyil, əhalisi az olan kommunalarda “iş görməyə” daha çox üstünlük verirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ