Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın bölgədə, Cənubi Qafqazda yaratdığı reallıqları həzm edə bilməyən ABŞ ildırım sürətilə ölkəmizə qarşı hərəkətə keçib. Azərbaycanın dünyaya səs salan ZƏFƏRİ Amerikanın boğazında ilişib qalıb.
ABŞ dar günündə ona dayaq durmuş Azərbaycanı ittiham siyasətini davam etdirir. Bu dəfə Azərbaycanofob Ceyms O'Braynla Aleksandr Sokolovksinin dili ilə.
Yarandığı gündən fasiləsiz müharibələr aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, on milyonlarla insanı qətlə yetirən bir dövlətin nümayəndəsi Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini tənqid edir.
Amerika bu dəfə də həm Azərbaycana, həm də beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirdi. Arxivə gömülən “Dağlıq Qarabağ” məfhumunu hər vəchlə diriltməyə çalışan ABŞ “Dağlıq Qarabağın gələcəyi”ndən danışır, daha doğrusu, çərənləyir.
1 mülki şəxsin belə qanını tökmədən öz ərazi bütövlüyünü təmin etmək yolunda keçirdiyi antiterror tədbirlərini dəstəkləmək əvəzinə, Azərbaycanı ittiham ssenarisini davam etdirir. Vaxtilə öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökuməti indi həmin bəndi yenə tətbiq edir. Dar günün dostunu küncə sıxıb, tarix boyu azərbaycanlıların qanını tökən, onları saysız-hesabsız soyqırımlara məruz qoyan ermənilərə - Ermənistana qahmar çıxır. Azərbaycana qarşı nifrət dolu çıxışların məkanı olan ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməyib. 1992-ci ildə 907-ci düzəlişi qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğalı dəstəkləyib. Xocalı soyqırımının – onlarla körpə, qoca ahının üzərindən gözüyumulu keçib.
ABŞ 30 il əvvəl olduğu kimi, indi də Ermənistan yolunda hər şeyə gedir. Hərb tarixinə öz adını yazdıran müstəqil ölkənin suverenliyinə kölgə salmağa çalışır. Əslində, ABŞ artıq bizi təəccübləndirmir. Çünki öz yoluna, ənənəsinə sadiqliyindən bir addım belə kənara çıxmır. Necə deyərlər, qatar öz reysi ilə gedir.
Məkrli planların müəllifi ABŞ bu dəfə Qarabağa bir addım irəli baxır - Rusiya sülhməramlılarını öz sülhməramlıları ilə əvəzləməyə çalışır. Rusiyanın başının müharibəyə qarışmasından əməlli-başlı qazancla çıxmağa çalışır.
ABŞ-ın Azərbaycanla, regionla bağlı mənfur planlarından danışan millət vəkili Elman Nəsirov Musavat.com-a açıqlamasında bildirib ki, son zamanlar Fransa, onun Avropa üzrə bəzi müttəfiqləri, ABŞ ölkəmizə qarşı təzyiq və təhdid dili ilə danışırlar.
Deputat Azərbaycana qarşı bu təzyiq və təhdidlərə nümunələr gətirib:
“Xüsusilə, ABŞ Senatında sentyabrın 14-də keçirilən dinləmələr, onun ardınca noyabrın 15-də Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələr. Bu ikinci dinləmələrdə Azərbaycana qarşı təhdid və təzyiq siyasətinin artıq konkret əməli addımlarla müşahidə olunması, yəni Amerikanın yüksək rütbəli şəxslərinin ölkəmizə səfərlərinə qadağa qoyulması, hər il 907-ci maddənin fəaliyyəti 1 il dayandırılırdı, indi isə onun yenidən tətbiq edilməsi.
Yeri gəlmişkən, 1992-ci ilin 24 oktyabrında Azərbaycana qarşı tətbiq edilən 907-ci maddə Birləşmiş Ştatların dövlətimizə iqtisadi yardımını qadağan edən bir sənəd idi. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycan antiterror koalisiyasının fəal üzvü oldu, 2002-ci ildən başlayaraq bu maddənin fəaliyyəti hər il prezident tərəfindən 1 il müddətinə dayandırılırdı.
Bir çox illərdə ABŞ Azərbaycana 11-13 milyon dollar civarında dəstək verib. Maksimum 50-60 milyon dollarlıq yardımlar olub. Azərbaycan sizin sentinizə və vasitəçiliyinizə möhtac deyil!”
Elman Nəsirov vurğulayıb ki, indiki halda biz həm ABŞ-dan, həm də USAID-dən (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) bu təzyiqləri görürük:
“Həm Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın təqdimatında, həm də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksandr Sokolovksinin timsalında biz Konqresin Nümayəndələr Palatasında Azərbaycan əleyhinə çoxsaylı bəyanatlara şahidlik etdik. Onlar, demək olar ki, açıq mətnlə Ermənistanı müdafiə edirlər. Hətta deyirlər ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpası yalnız sülh müqaviləsi imzalandıqdan sonra, həm də Ermənistanla razılaşma əsasında ola bilər. Eyni zamanda, Ermənistanın ərazi bütövlüyünə hər hansı bir təhdid bizim üçün qəbuledilməzdir. 907-ci maddə ilə bizi təhdid edirlər”.
Millət vəkili xatırladıb ki, Fransa Ermənistanı silahlandırır:
“Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda 200 nəfərlik missiyası var, indi onun sayını 2 minə çatdırmaq istəyirlər. Avropa İttifaqının 27 dövlətindən 24-ü bu mülki missiyada iştirak edirdi, halbuki mülki-hərbi missiyadır. Uzaq Kanada da bu prosesə qoşulmaq istəyir. ABŞ-ın son davranışları onu göstərir ki, o da Ermənistana gəlib bu mülki-hərbi missiyada iştirak edə bilər. Bir gün eşitsəniz ki, bu mülki-hərbi missiya hərbi missiya olub və Aİ-ni NATO əvəzləyib, buna təəccüblənməyin. Yəni reallıq bundan ibarətdir.
Heç kim Azərbaycanla təhdid və təzyiq dilində danışa bilməz! Azərbaycan güclü dövlətdir. Bizə qarşı bütün bu təzyiqlərin kökündə dayanan fundamental səbəb Azərbaycan dövləti, onun siyasi rəhbəri və şəxsən Prezident İlham Əliyevin müstəqil siyasət həyata keçirməsi, ABŞ-ın, Fransanın və onun müttəfiqlərinin diktəsi altında deyil, öz xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirməsidir. Bizə təzyiqlərin bəhanəsi və səbəbi var. Bəhanə ondan ibarətdir ki, bizi ittiham edirlər ki, guya Ermənistana qarşı müharibəyə hazırlaşırıq, onun ərazisini zəbt etmək istəyirik.
Səbəbə gəldikdə, Qərb, ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Bunu Ermənistanla reallaşdırırlar, bizi də prosesə qatmaq istəyirlər ki, Rusiya sülhməramlılarını Amerika sülhməramlıları əvəz etsin”.
Elman Nəsirov bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi hər hansı bir ölkədə 1 dollar, 1 sent xərcləyirsə, bunun arxasında təkcə iqtisadi motivlər deyil, siyasi motivlər də gizlənir:
“Hər hansı bir ölkədə vətəndaş cəmiyyəti institutlarına bu və ya digər layihənin reallaşdırılması üçün vəsait ayırırlarsa, bilin ki, onun arxasında çirkin niyyətlər də dayanır. Çünki elə layihələr verirlər və elə layihələri qalib kimi qəbul edirlər ki, o layihələr həmin ölkənin bütün siyasi anatomiyasını aça bilsin, zəif nöqtələrini üzə çıxara bilsin və həmin ölkəyə təzyiq göstərmə imkanlarını genişləndirsin. Lazım gəldikdə ölkə daxilində səfərbər olunmuş cəmiyyətin pozulması, vətəndaş həmrəyliyinin dağıdılması üçün onların verdiyi sentlər, dollarlar əsas rol oynayır.
İlk baxışdan iqtisadi təşkilat olan və iqtisadi yardım funksiyasını həyata keçirən təşkilatın əsas niyyətlərindən biri siyasi təsir mexanizmləridir, ölkədəki siyasi hakimiyyətə təsir göstərməkdir. Eyni zamanda cəmiyyəti hakimiyyətə qarşı formalaşdırmaqdır. Belə olan vəziyyətdə bir çox ölkələr onların fəaliyyətindən imtina edir.
Azərbaycan dövləti də görür ki, bu təşkilatın siyasi rəhbərliyi səviyyəsində Ermənistana dəstək, Azərbaycana isə təzyiq siyasəti həyata keçirilir. Belə olan vəziyyətdə bu təşkilatla əməkdaşlıq təbii ki, böyük sual altına düşür. Bildiyiniz kimi, Azərbaycan XİN rəhbəri noyabrın 20-də Vaşinqtonda ermənistanlı həmkarı ilə danışıqlara getməli idi, imtina etdi. Çünki bir dövlətin Dövlət Departamenti, dövlət katibi səviyyəsində anti-Azərbaycan bəyanatı verilir, bizi hədələyirlər, bizə qarşı irimiqyaslı hesabat hazırlayırlar, belə olan vəziyyətdə o görüş mənasını itirir.
USAID rəhbərliyi də Azərbaycana qarşı bu cür ifadələr səsləndirirsə, deməli, xətt budur, siyasət budur. O zaman biz özümüzü niyə aldatmalıyıq ki, onlarla əməkdaşlıq xəttinə sadiq qalaq? Hesab edirəm ki, bizim münasibətlərimizin gələcəyi məsələsi artıq çox ciddi müzakirə predmeti olmalıdır, əlaqələrimizə yenidən baxmalıyıq”.
“ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi necə təmizlənməlidir?” sualını millət vəkili belə cavablandırıb:
“Hesab edirəm ki, bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Həm DİN, həm də DTX öz missiyasını şərəflə, ləyaqətlə yerinə yetirir. Bu, bir həqiqətdir, bunu hər birimiz təsdiqləyirik. Məsələyə bu məntiqlə yanaşdıqda hesab edirəm ki, Amerikanın bu və ya digər formada şəbəkəsinin mövcudluğu və onların anti-Azərbaycan siyasəti həyata keçirməsi reallığı yəqin ki, nəzarət altındadır. Azərbaycan güclü dövlət olduğundan bu kimi problemlər bizim dövlət siyasətinin reallaşmasına mane ola bilməz”.
Aytən Novruz
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ