Onlayn ictimai-siyasi qəzet
Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir. Fevralın sonunda musiqi məktəblərində fəaliyyət göstərən müəllimlərin attestasiyası aparılıb. Proses ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edib.
Sosial şəbəkələrdə, bir sıra mətbuat orqanlarında attestasiyadan keçə bilməyən müəllimlərin musiqi məktəblərindən işdən çıxarıldığına dair iddialar yayılıb.
Suraxanı rayonu 3 saylı Musiqi Məktəbinin müəllimi Qənimə Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans verilmədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar: “Təxminən 700 müəllim həmin attestasiya imtahanında iştirak edib. Onlardan yalnız 50 müəllim güzəştli şərtlərlə imtahandan keçib. Bu hələ Bakı, Xırdalan, Sumqayıt şəhəri üzrə fortepiano şöbəsinin imtahanı idi. Aprel ayında xalq çalğı alətləri üzrə attestasiya imtahanı başlayacaq. Görün nə qədər adam kəsiləcək. 63 yaşım var, 33 ildir ki, dərs deyirəm. Bundan sonra gedim harada işləyim, necə dolanım. Orta məktəblərdə imtahan olanda kəsilən müəllimlərə ikinci imtahan şansı verildi, bizi isə işdən çıxarırlar. Qabiliyyət və test imtahanları olmalı idi. Bizi ard-arda iki imtahana saldılar. Əvvəlcə qabiliyyət, ardınca isə şifahi imtahan verdik. İmtahan elə bir şeydir ki, stress keçirirsən, həyəcanlanırsan. 45 il dərs deyən, ali məktəbi qırmızı diplomla bitirən, konkurslara şagird hazırlaşdıran müəllimə necə kəsilə bilər? Əlbəttə ki, burada həyəcan böyük rol oynayıb. İmtahandan keçə bilməyən müəllimlər işdən çıxarılır. Niyə bizə ikinci şans verilmir? Müəllim qabiliyyət imtahanından keçib, sorğu-sual hissəsində özlərini itiriblər. Yüzlərlə müəllim işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bizə "sən yararsızsan" deyib işdən uzaqlaşdırırlar".
Mədəniyyət Nazirliyi təsdiq edib ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb. Komissiyaların tərkibinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20-yə yaxın professor və dosenti, eləcə də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, ixtisaslaşmış musiqi və incəsənət məktəblərinin təcrübəli müəllimləri daxildir.
492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla, 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib.
Tutduğu vəzifəyə uyğun hesab edilməyən yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq.
Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var.
Mədəniyyət Nazirliyi sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub.
Kamran Əsədov
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: ""Təhsil haqqında" Qanununun 30-cu maddəsinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin mütəmadi olaraq attestasiyadan keçməsi və onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi qanuni əsaslara malikdir. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bir mexanizmdir. Lakin burada vacib olan məqam bu prosesin obyektiv, şəffaf və mərhələli şəkildə həyata keçirilməsidir.
Sosial şəbəkələrdən izlədiyimə görə müəllimlərə təkrar imtahan imkanı verilmədən birbaşa işdən azad edilmələri, onlara bacarıqlarını artırmaq üçün kursların təklif edilməməsi ciddi suallar doğurur. Məsələn, Suraxanı rayonu 3 saylı Musiqi Məktəbinin müəllimi Qənimə Rəhimova bildirir ki, ikinci şans təqdim edilmədən birbaşa “peşəyə yararsız” damğası vurularaq işdən uzaqlaşdırılıblar. Bu isə həm pedaqoji etika, həm də insan hüquqları baxımından mübahisəli yanaşmadır".
Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi attestasiyalar ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün tətbiq olunan təcrübəyə əsaslansa da, musiqi və incəsənət sahəsində çalışan müəllimlərin fəaliyyəti çox zaman fərqli və yaradıcılıq yönümlü olur: “Bu səbəbdən, onların qiymətləndirilməsi üçün yalnız test imtahanı və ya nəzəri bilik yoxlaması kifayət deyil. Onların praktik bacarıqları, musiqi ifaçılığı, pedaqoji yanaşmaları və şagirdlərə təsiri də nəzərə alınmalıdır”.
Ekspert qeyd edir ki, 492 nəfərin attestasiyadan keçməməsi, bu qədər geniş miqyasda “uyğun deyil” qərarının verilməsi həm də qiymətləndirmə mexanizminin yenidən nəzərdən keçirilməsini zəruri edir: “Çünki bu qədər geniş rəqəmlə bağlı nəticə ya müəllimlərin hazırlıqsızlığını, ya da qiymətləndirmə meyarlarının qeyri-adekvatlığını göstərir. Müasir təhsil sistemlərində - xüsusilə Finlandiya, Estoniya və Almaniyada - müəllimlər attestasiyadan keçmədikdə birbaşa işdən çıxarılmır, əksinə, onlara təlim, mentorluq və dəstək proqramları təklif edilir. Məqsəd həmin şəxsi cəzalandırmaq yox, inkişaf etdirmək və təhsilə yenidən qazandırmaqdır.
Bu baxımdan, Azərbaycanın musiqi müəllimlərinə də eyni yanaşmanın tətbiq olunması gözləniləndir. Əgər həmin müəllimlərin müəyyən sahələrdə çatışmazlıqları varsa, onlar üçün ixtisasartırma kursları, təlim proqramları təşkil olunmalı və bu müddətdə onların iş yeri qorunmalıdır. Məsələn, attestasiyadan keçməyən müəllimə 6 ay və ya 1 il ərzində əlavə dəstək verilə, sonra təkrar qiymətləndirmə aparıla bilərdi. Bu həm ədalətli yanaşma olar, həm də təhsil sisteminin inklüzivliyini və insan yönümlü olmasını sübut edərdi".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ