Onlayn ictimai-siyasi qəzet
Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tələsmir və ayağı altına qoyulan “əngəl daşları”nı təmizləyir - rəy
44 günlük müharibədə əldə edilən zəfərin indi diplomatiya savaşında qələbə ilə möhürünü vurmaq zamanıdır. Azərbaycan diplomatik masada tələskənliyə yol vermədən sülh müqaviləsi imzalamağa hazırlaşır. Ona görə rəsmi Bakı bütün tələblərində israrlıdır və xüsusən də Ermənistanın qanunvericilik aktlarına düzəliş etmədən sülh sənədi imzalanması gözlənilmir.
Azərbaycanın bu tələbi Ermənistanda “daxili işə müdaxilə” kimi qiymətləndirilir, lakin baş nazir Paşinyan etiraf edir ki, konstitusiyaya dəyişikliklər labüddür. İrəvan anlayır ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları hüquqi sənədlərdən götürülməsə, barışıq mümkün deyil. O baxımdan Vətən müharibəsində qazanılan nailiyyəti diplomatik masada da qələbəyə çevirməklə prosesi yekunlaşdırmaq qarşıda duran əsas siyasi hədəfdir və Azərbaycan bu məsələdə işini möhkəm tutub, sülh yolunda ayaqlarımız altına döşənən bütün daşları təmizləməmiş sənədə qol çəkən deyil. Elə prezident İlham Əliyev də aydın şəkildə anons verdi ki, Ermənistan öz konstitusiyasından bu iddiaları qaldırmayanadək sülh müqaviləsi olmayacaq. Baxmayaraq ki, ABŞ tələsdirir, ən azı çərçivə sazişi üçün dəridən-qabıqdan çıxır, hətta keçmiş amerikalı həmsədr Bakının tələbini sonraya saxlamağa çağırır, amma Vaşinqtondan gələn bu siqnallara rəğmən, Azərbaycan siyasətini dəyişmir. Üstəlik, Ermənistan sülh mövzusunda öz xeyrinə yalan piar aparır, guya sülhpərvərdir, paralel olaraq isə silahlanır. Bu da ciddi münaqişə və hərbi eskalasiya riski yaradır.
Üstəlik, istənilən vaxt Ermənistan konstitusiyadakı tələblərini əsas götürərək, sülhdən imtina edə və ərazi iddialarını yenidən gündəmə gətirə bilər. Amma Ermənistanın sərgilədiyi siyasət göstərir ki, onlar mövcud konstitusiyanı bu il dəyişdirmək niyyətində deyil. Çünki Paşinyan yeni konstitusiyanın 2026-cı ilin dekabrına qədər hazırlanması və qəbul edilməsi tapşırığı verib. Bu halda sülh sazişinə dair hansısa sənədin cari ildə qəbul edilməsi sual altına düşür.
Onu da demək lazımdır ki, Bakı və İrəvan arasında həm sərhəd, həm kommunikasiyanın hansı prinsiplərlə açılmasına dair fikir ayrılığı var. Azərbaycan haqlı olaraq uzunmüddətli proses olan sərhədin delimitasiyasını sülh sazişindən ayırmağı təklif edir, əks təqdirdə, sazişin imzalanması illərlə zaman ala bilər. Eyni zamanda kommunikasiyanın açılmasında “Azərbaycandan Azərbaycana prinsipi”nin tətbiqini istəyir, yəni Azərbaycandan Naxçıvana gedən sərnişinlər və aparılan yüklər gömrük yoxlanışına məruz qalmamalı, bu yoldan istifadə edən digər ölkələrə gömrük qaydaları tətbiq edilməlidir. Ermənistanın bunu qəbul etməməsi sazişin imzalanmasını da çətinləşdirir, lakin İrəvan sonda bu tələbi qəbul etmək məcburiyyətində qalacaq, əks təqdirdə, “dalan ölkə” vəziyyətindən xilas ola bilməyəcək.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, Azərbaycanın müharibə meydanında qazandığı uğuru siyasi masada uduzacağını proqnozlaşdıranlar yanılmış olduqlarını dərk edirlər: “Azərbaycan ilk gündən prosesi sistemli həyata keçirir. Bura keçmiş Laçın dəhlizinin ləğvi, ermənilərlə reinteqrasiya işləri, ardınca antiterror əməliyyatı, sonra ikitərəfli razılaşma əsasında sülhməramlıların çıxarılması aiddir. Azərbaycan öz suverenliyini bərpa etmək istiqamətində Qazağın 4 kəndini işğaldan bir güllə atmadan azad etdi, Tavuş istiqamətində sərhəd müəyyən olundu, bu da aparılan siyasətin davamı idi. İndi sırada Kərki və daha üç anklav kənd var. Bakı bu məsələləri də həll edəcək. Biz erməniyə bir qarış torpaq güzəştə gedən deyilik. Fikrimcə, suverenliyin tam təmin olunması ilə bağlı bu kimi məsələlərin həllinə nail olduqdan sonra sülh sənədi imzalana bilər”.
X.Teyyublu sülh sazişinə qədər niyyət protokolunun olmasını istisna etmir, lakin tarixi bir müqavilə üçün bütün məsələlər həll edilməli, heç bir siyasi-hüquqi çətinlik qalmamalıdır: “Biz Ermənistana gələcəkdə heç bir səbəb buraxmamalıyıq. Unutmayaq ki, bu gün Paşinyandır, sabah xəstə təfəkkürlü bir Vazgen ölkənin rəhbəri ola bilər və təzədən başlayar ki, Qarabağ uğrunda mübarizə aparmalıyıq. Odur ki, işimizi bərk tutmalı, onların bütün rıçaqlarını əllərindən almalıyıq. Mən inanıram ki, Azərbaycan dövləti Zəfər yolunda xalqın arzularını tam həyata keçirəcək və heç bir hüquqi problem qalmayacaq. Tarixi sülh sənədi də o zaman imzalanacaq ki, Ermənistanın heç vaxt bizə iddia irəli sürməyə əlində bəhanəsi olmasın”.
Hüquq müdafiəçisi Paşinyanın referenduma gedəcəyini gözləyir: “Nikol yeni konstitusiyadan danışır. Bu, yaxşı əlamətdir. İkincisi, yeni qanunverici aktlarda Qarabağ məsələsi yer almayacaq. Paşinyan referendumda xalqdan bu səsi almağa hazırlıq işi aparır. Ən əlverişli vaxtsa ümumxalq səsverməsinə gedəcək. Nəhayət, orada tək Qarabağ yox, Türkiyə məsələsi aradan götürüləcək, Avrointeqrasiya ilə bağlı müəyyən niyyətlər ifadə olunacaq. Yəni referendum tək Azərbaycanla sülh müqaviləsinə görə olmayacaq. Bir sözlə, biz Ermənistanı sülhə məcbur edəcəyik. Özləri də anlayır ki, sülh yoxdursa, hər an sərhəddə toqquşma ola, erməni tabutları qapılara gedə bilər”.
Yazını hazırladı: Emil SALAMOĞLU
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ