Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyev bildirdi ki, Qazaxın 7 kəndindən dördü anklav deyil, yəni qeyd-şərtsiz geriyə qaytarılmalıdır. Həmin kəndlərin Ermənistanın əlində saxlanması üçün hər hansı bir əsas yoxdur. Naxçıvanın Kərki kəndi haqqında da eyni sözləri söyləmək mümkündür”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Qazaxın 3 kəndinin içərisindən Rusiyaya gedən strateji əhəmiyyətli yol çəkilib:
“Prezident onun adını çəkmədi, amma biz belə bir yolun çəkildiyini bilirik. Həmin 3 kəndin ərazisi Ermənistan ərazisində qalıb. Demək olar ki, kəndləri şumlayıb üzərindən yol çəkiblər. Sərhədlərin delimitasiyası ilə məşğul olan komissiya bu ayın sonunda toplanacaq. Onlar bu məsələni – anklav olmayan Azərbaycan kəndlərinin taleyi məsələsini, o cümlədən ermənilərin iddia etdikləri Gədəbəydəki Başkənd məsələsini müzakirə edib bir qərara bağlamalıdırlar.
Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan anklav olmayan kəndlərin dərhal, qeyd-şərtsiz qaytarılmasını istəyir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiyanın bu ayın sonunda baş tutacaq iclası isə sırf Kərki və Qazaxın 3 kəndinin qaytarılması məsələsinə həsr olunacaq. Bu məsələ orada həll olunmalıdır.
Ermənistan tərəfi bəzi sayıqlamalar edir. Məsələn, Gədəbəydə Başkənddən başqa daha bir neçə kəndin də anklav şəklində Azərbaycanın istilası altında olduğunu iddia edir. Bu kəndlərin adı çəkilmir, heç kimə məlum deyil. Bütün bunlar müzakirə edilən məsələni mürəkkəbləşdirir. Azərbaycan tərəfi öz mövqeyini bəyan edib. Görək, Ermənistan tərəfindən hansı iddialar irəli sürülür, məsələnin həllinə onların münasibəti necədir. Hər halda ermənilər istər-istəməz 4 kəndi yaxın vaxtlarda qaytarmalıdır. Beynəlxalq hüququn normalarına görə, bu, reallaşmalıdır. Əgər sülh müqaviləsinə doğru gediriksə, bu yolda əngəllərdən biri də anklavlar məsələsidir. Bu məsələlərin həllini tezliklə həyata keçirmədən sülh müqaviləsini bağlamaq mümkün olmayacaq. Əgər Ermənistan sülh müqaviləsini istəyirsə, bu tələbləri yerinə yetirməlidir”.
Aytən Novruz
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ