Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Ukrayna müharibəsi Rusiya haqqında formalaşmış mifləri dağıdıb”
Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 3 ili tamam oldu. Qonşu suveren ölkəni 3 günə işğal etməyi planlaşdıran Rusiya 3 ildə buna nail ola bilmədi. Bundan sonra nə olacaq, 2025-də, nəhayət, müharibə bitəcəkmi və necə, hansı şərtlərlə? Bəzi məlumatlara görə, Rusiya özünü qalib elan etməyə hazırlaşır. Rusiya müharibədə qalibmi?
Maraqlıdır ki, məhz üçüncü ildönümü ərəfəsində ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başlanmasına görə Rusiyanın günahkar olmadığını bildirib. O, məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın 46-cı prezidenti Co Baydenin üzərinə qoyub. Bu azmış kimi, məlum olub ki, Vaşinqton hər ildönümü BMT-də Ukrayna ilə bağlı hazırlanan, onun ərazi bütövlüyünün dəstəkləndiyi və Rusiyanın işğalçı kimi göstərildiyi sənədin həmmüəllifi olmaq istəməyib. ABŞ eyni yanaşmanı G7 sammitində də sərgiləməyə hazırlaşır. Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz “Fox News”a müsahibəsində qeyd edib ki, Ukraynada sülh yolu ilə nizamlanma məsələsində Rusiya və ABŞ-ın maraqları üst-üstə düşür.
O hansı maraqlardır belə? Ötən həftəsonu Tramp həmçinin bəyan edib ki, müharibə bir həftəyə bitə bilər? Mümkünmü?
Bu xüsusda Rusiya XİN başçısı S.Lavrovun qəfil Türkiyə səfəri də diqqət çəkir. Səfər hansı zərurətdən doğub, Ankara yenidən sülh prosesinə qoşulur?..
Öz növbəsində “Washington Post” analitiklərə və ukraynalı qanunvericilərə istinadən yazıb ki, Ukraynanın gələcəyi Volodimir Zelenskinin ABŞ-la münasibətləri bərpa edə bilib-bilməyəcəyindən asılı olacaq. Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Oleksandr Merejko isə qəzetə bildirib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampla mübahisə etmək iqtidarında deyil.
Aqşin Kərimov
Siyasi təhlilçi Aqşin Kərimov “Yeni Müsavat”a deyib ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından ötən 3 il ərzində baş verənlərə faktlar və hesablamalar üzərindən yanaşılmasının tərəfdarıdır: “Ukrayna Prezidenti Zelenski müharibə başlamamışdan 5 gün öncə, 2022-ci il fevralın 19-da Rusiya Prezidenti Vladimir Putinə görüşməyi təklif etdi. Putin bu istəyə məhəl qoymadı və 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı.
Zelenski 2022-ci ilin martında Putini “istənilən formatda” birbaşa danışıqlara çağırıb və Ukraynanın NATO-ya daxil olması məsələsində güzəştə getməyi təklif edib. Rusiya isə Ukraynanın tam təslim olmasını və demilitarizasiyasını tələb edirdi.
Ukrayna ərazilərinin 20 faizi işğal altındadır. ABŞ Müharibə Tədqiqatları İnstitutunun hesablamalarına əsasən, Rusiyanın Ukrayna ərazilərində mövcud irəliləyiş sürəti Ukraynanın qalan 80 faizini ələ keçirmək üçün 83 ildən çox vaxt tələb edir. Ehtimal ki, həmin hesablama, Rusiya qüvvələrinin cəbhə xəttində irəliləmə sürətinin son üç ayda əhəmiyyətli dərəcədə azalması hesablamasına istinad edir.
Avropa İttifaqı üzvləri və Aİ təsisatları üstəgəl, Norveç və Böyük Britaniya Ukraynaya birbaşa yardımın məcmu ayırmalarına görə ABŞ-ı geridə qoyub. Belə ki:
- Avropa Ukraynaya cəmi 166 milyard dollar məcmu yardım ayırıb və 2030-cu ilə qədər əlavə olaraq 34,7 milyard dollar ayrılacağını vəd edib;
- Avropa ümumilikdə təqribən 204,1 milyard dollar təmin edib və öhdəlik götürüb. Bu rəqəmlərə Aİ və G7-nin Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən kreditlərin verilməsi üzrə öhdəlikləri daxil deyil.
- Avropanın Ukraynaya verdiyi kreditlər Ukraynadan deyil, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilir. Bununla belə, ABŞ-ın Ukraynaya hərbi yardım kampaniyası daha səmərəlidir, çünki:
- Avropa İttifaqı ilə ABŞ arasındakı müqayisədə Şərqi Avropada yerləşdirilən ABŞ qüvvələrinin xərcləri nəzərə alınmır;
- Ukrayna məhz ABŞ istehsallı silahlarla Rusiyanın cəbhə xəttini əhəmiyyətli olmasa da, dəyişdirməyə nail oldu və Ukraynanın taktiki çəkindirmə faktına çevrildi;
- Birləşmiş Ştatların Ukrayna üçün ayırdığı vəsaitlərin əksəriyyəti daxili müdafiə sənayesi bazasını maliyyələşdirməyə yönəlib".
Siyasi təhlilçi qeyd edib ki, ABŞ-la Rusiya arasındakı sövdələşmə bu dövlətlərin niyyətini ortaya çıxarır: “Rusiya ilə ABŞ arasındakı sövdələşmə üçün elan edilmiş qarşılıqlı niyyət bəzi kartları açır. Ortada isə daha çox iqtisadi-ticari və qarşılıqlı investisiya imkanları ilə əməkdaşlıq modelinin müzakirə predmetinə gətirildiyini görmək olur. ABŞ-la Rusiya bu məsələdə bir-birilərinə müəyyən formada güzəşt sahəsi tanıyırlar. Bunu son açıqlamalar və bir təyinat fonundakı tendensiyalarla əlaqələndirək. Belə ki:
- ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff 2022-ci ilin əvvəlində İstanbul protokollarına istinad edərək, Rusiya və Ukrayna arasında fevralın 23-də danışıqlar üçün təklif etdi. Əgər Kiyev bu protokollara əsaslanan razılaşmanı təsdiqləsə, bu, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq. Burada fokuslanacaq başqa bir məqam odur ki, ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Səudiyyə Ərəbistanında keçirilən görüşün əsas iştirakçılarından biri idi. Ehtimalla Rusiya Yaxın Şərqdə ABŞ-a güzəşt sahəsi tanımağa hazır olmağın müqabilində Vaşinqtonu Ukrayna məsələsində əlini çəkməyin faydalarına inandırır;
- Rusiya Prezidenti Vladimir Putin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevi Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi təyin etməsi diqqət çəkir. Nəzərə alaq ki, Dmitriyev fevralın 17-də Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşən Rusiya nümayəndə heyətinin tərkibində olub. Dmitriyevin ABŞ-ın Standford Universitetində və Harvard Universitetlərində təhsil alması və ABŞ şirkətlərində işləyib. Bu, Rusiyanın ABŞ-ın “anlayacaq” birini təyin etməsi ilə bağlı ABŞ-ın tələblərinə cavab olaraq ortaya çıxmış bir təyinatdır".
Onun sözlərinə görə, Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıdıb, Kremlin üzləşdiyi kəşfiyyat və təhlükəsizlik çətinliklərinin düşünüldüyündən də dərin olduğunu meydana çıxarıb: “Burada ən böyük hadisə Ukraynanın Kursk regionuna hərbi müdaxiləsi idi, lakin bu, cəsarətli plan olsa da, taktiki və strateji baxımdan səmərəsiz idi. Çünki Kurskdakı hərbi əməliyyatlar nə Rusiya qoşunlarının irəliləyişinin qarşısını ala bildi, nə də ABŞ Ukraynanın bundan sonrakı qələbə planına inam bəslədi. Eyni zamanda Ukraynadakı müharibə Transatlantik fırtınaları da qızışdırdı. İndi bunun daha aşkar əlamətləri ABŞ-la Avropa İttifaqı, ümumilikdə NATO daxilindəki fikir ayrılıqlarının dərinləşməsi faktı ilə görünür. Donald Tramp və Putin hakimiyyəti hazırkı durumu ABŞ-la Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar. Bunun üçün:
- Kremllə Ağ Ev Ukrayna üçün “sülh üsulları” axtarır, Tramp bunun üçün İkinci Dünya müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır. Rusiyanın isə hələlik sensasion dönüş etdiyi görünmür, hərçənd böyük ölçüdə Moskva Vaşinqtona Arktika regionu və Hind-Sakit Okean regionunda “azad hərəkət” imkanları tanıya bilər. Bütün bunlar baş verərkən Çinin Rusiya və Ukrayna arasında atəşkəsin bir hissəsi olaraq öz əsgərlərini sülhməramlı rolda yerləşdirməyi əldə etmək üçün münasib şərait axtardığı fikri yaranır. Bu, Çinin Avropada yaranan təhlükəsizlik boşluqlarına sızmasına görünməmiş şərait yarada bilər. Hələlik konseptual şəkildə beynəlxalq sistem üzrə mümkün Rusiya-ABŞ-Çin bölgüsü belə təsvir edilə bilər".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ