Onlayn ictimai-siyasi qəzet
Moskvadan 22 kilometr aralıda, Moskva vilayətinin Vidnoe şəhəri ərazisində yerləşən həbsxana rəsmi olaraq SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) qapalı təcridxanası adlansa da, onun məxfiliyini qorumaq üçün təcridxanaya “110 nömrəli xüsusi obyekt” adı verilib.
Türmə 1938-ci ildə “NKVD” rəhbəri Nikolay Yejovun başçılığı ilə inşa edilib və 15 il ərzində onun yerləşdiyi yer, fəaliyyəti və digər göstəriciləri tam məxfi saxlanılıb. Burada işləyənlərin, cəza çəkənlərin, hətta güllələnlərin adları şərti rəqəmlərlə göstərilib, əsl soyadları isə kodlaşdırılaraq “tam məxfi” qrifli qovluqlarda saxlanılıb. Türmə siyasi məhbuslar və Stalin rejiminə qarşı çıxanlar üçün nəzərdə tutulub.
Araşdırmaçıların qənaətinə görə, “110 nömrəli xüsusi obyekt”də verilən işgəncələr dünyanın heç bir yerində tətbiq edilməyib. 70-ə yaxın işgəncə növünün tətbiq olunduğu türmədən sağ çıxmaq möcüzə sayılıb.
Türmədə ən adi işgəncə növü döyülmə, bədənə müxtəlif alətlərlə xəsarət yetirmə olub. Digər türmələrdən fərqli olaraq “110 nömrəli xüsusi obyekt”də bu proses bir neçə saat yox, sutkalarla davam edib. Belə ki, bu prosesin davamlı olması üçün türmədəki xüsusi qrup növbəli şəkildə məhbusları rezin dəyənək, armaturdan hazırlanmış alətlə gecə-gündüz döyüblər.
Türmədə məhbuslardan lazım olan ifadəni almaq üçün ağılasığmaz variantlardan istifadə edilib. Məsələn, müstəntiqlərin ittihamları ilə razılaşmayan məhbusları qaynar su ilə doldurulmuş çəlləklərə salıblar. Yaxud da onları arxa söykənəcəyi olmayan və tərsinə çevrilən stulda otuzdurublar. Belə vəziyyətdə kiçik bir hərəkət stulun ayağının məhbusun düz bağırsağına qədər keçəcəyi ilə nəticələnib. Daha bir ağılasığmaz işgəncə məhbuslara bir-birlərinin sidiklərini məcburi içirtmək olub. Bu və digər işgəncələr nəticəsində istisnalar olmaq şərtilə məhbuslar “günah”larını etiraf ediblər, müstəntiqlərin təqdim etdiyi sənədlərə imza atıblar.
Kişi məhbuslarla yanaşı qadın məhbuslarına da eyni amansız münasibət sərgilənib. Fərq yalnız bir məsələdə olub. Qadınlara işgəncə verməklə yanaşı onları cinsi zorakılığa da məruz qoyublar. Türmədə saxlanılan qadın məhbuslara günahlarına, törətdiyi cinayətlərə, yaşlarına, hətta hamilə olduqlarına görə heç bir fərq qoyulmayıb. Onlar sadəcə “110 nömrəli xüsusi obyekt”in şəxsi “əşya”ları sayılıb.
1939-cu ildə marşal Kulikin həyat yoldaşı da bu türmənin sakininə çevrilib. Onu yaşadığı evindən oğurlayaraq türməyə gətiriblər. Marşalın həyat yoldaşına qarşı heç bir ittiham irəli sürülməyib. Sadəcə son dərəcə yaraşıqlı olan bu xanım yuxarılardan kiminsə xoşuna gəlib. Ondan bir neçə dəfə “istifadə” etdikdən sonra səsini çıxarmasın deyə əlçatmaz “110 nömrəli xüsusi obyekt”ə salıblar. Marşal həyat yoldaşı ilə bağlı Lavrenti Beriyaya müraciət edəndə, o, bu müraciəti “həyəcanla” qarşılayıb:
-Əlbəttə, biz məsələni ciddi araşdıracağıq. Həyat yoldaşınız ən qısa vaxtda tapılacaq, cinayətkarlar öz layiqli cəzasını alacaq.
Üç gündən sonra isə Beriya “110 nömrəli xüsusi obyekt”də marşalın həyat yoldaşını şəxsən özü güllələyib.
Yejovun həbsindən və güllələnməsindən sonra türməyə nəzarət “NKVD”-nin növbəti rəhbəri Beriyaya keçib. Qeyd edək ki, Yejov həbs olunduqdan sonra özü tikdirdiyi “110 nömrəli xüsusi obyekt”də saxlanılıb və ömrünün son günlərini də onun divarları arasında keçirib.
Beriya “110 nömrəli xüsusi obyekt”ə şəxsi əmlakı kimi baxıb. “Hər şeyə qadir narkom” üçün türmədə geniş kabinet də hazırlanıb. Beriya məhz bu kabinetdə marağında olan məhbusları sorğu-suala tutub.
Beriyanın gəlişindən sonra türmədə “qanun”lar daha da sərtləşdirilib. Aclıqdan, xəstəlikdən, işgəncələrdən ölənlərin sayı üç dəfə artıb, yeni işgəncə metodları tətbiq edilib.
Dəhşətli faktlardan biri odur ki, işcəncələrdən ölənlərin və məhkəmə qərarı olmadan güllələnlərin qeydiyyatı rəsmi olaraq heç bir yerdə aparılmayıb. Onlar itkin düşmüş sayılıblar. Minlərlə insan öz doğmalarının harada olmasından, heç olmasa harada ölməsindən xəbər tuta bilməyiblər.
“110 nömrəli xüsusi obyekt” cəmi 15 il, 1938-ci ildən 1953-cü ilə qədər fəaliyyət göstərib. Beriyanın həbsindən sonra türmənin təyinatı dəyişdirilərək məhbuslar üçün xəstəxana kimi istifadə edilib. Hələ 1952-ci ildə türməyə aid olan 684 sənəd müəmmalı şəkildə yoxa çıxıb. Bəzi versiyalara görə bu sənədlər insanlığa qarşı törədilən cinayətlərin üstünü ört-basdır etmək üçün Beriyanın göstərişi ilə məhv edilib.
Fəaliyyət göstərdiyi 15 il ərzində “110 nömrəli xüsusi obyekt”də təxminən 35 min nəfərə yaxın insanın həyatına son qoyulub. Bu rəqəmə qeydiyyata salınmayan ölümlər daxil deyil.
Göründüyü kimi özünü dünyaya humanist ölkə kimi təqdim edən SSRİ-də qırmızı şüarlar altında insanlığa qarşı ən dəhşətli cinayətlər törədilib. “Məxfi qrif”li qovluqlar açıldıqca bu cinayətlərin nəhəng sovetlər ölkəsindəki coğrafiyası da böyüyür...
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ