İnsanlara hürriyət, millətlərə istiqlal!

"32 nəfərin siyahısında əli günahsız insanların qanına batmış..."- Deputatdan əsirlərlə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində əldə olunmuş müəyyən razılaşmalar bölgədə sülhü daha da yaxınlaşdırır. Xüsusi olaraq,  humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq Azərbaycan tərəfindən erməniəsilli otuz iki şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi çox təqdirəlayiqdir”. 

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu addım Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir".

Millət vəkili xatırladıb  ki, Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov Naxçıvan istiqamətində dumanlı hava şəraitində yolu azaraq Ermənistan tərəfinə keçmişdilər. Lakin erməni tərəfi hərbçilərə qarşı əsassız itihamlar irəli sürdü, qanunsuz məhkəmə ilə məhkum etdilər: "Bugünlərdə Ermənistanın Apellyasiya məhkəməsində Hüseyn Axundov barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. Əlbəttə ki, bütün bunlar qəbulolunmazdır. Həmin əsassız hökmün verilməsinin hərbçimizin ailəsində nə qədər həyəcan, acılar yaşatdığını hamımız təsəvvür edirdik. Amma bu hadisələr fonunda qarşılıqlı razılaşmalar əsasında iki hərbçimizin azad edilməsi hamımızı çox sevindirdi. Biz Hüseyn və Aqşinin əsirliyi müddətində onların analarının narahatlığını, çəkdikləri əzabları, göz yaşlarını çox yaxşı anlayırdıq. Çünki mən özüm də anayam. Anaların bu müddətdə nələr çəkdiyini yaxşı başa düşürəm. Çox şadıq ki, artıq həmin anaların göz yaşı sevinc göz yaşları ilə əvəzləndi. Bu sevinci hərbçilərimizə, onların ailələrinə, bütün xalqımıza yaşatdığı üçün dövlətimizin başçısına minnətdarıq.  Ermənistana  qaytarılması nəzərdə tutulan 32 nəfərin siyahısında əli günahsız insanların qanına batmış, çox sayda müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş separatçıların olmaması göstərir ki, həmin separatçılar törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəklər! Çünki onların cinayətləri bağışlanmazdır".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR