Mən onu performansına görə ölkənin 1 saylı yazarı hesab edirəm. Azərbaycanın Usta Qələmi bu gün 50 yaşını bitirdi.
20 ildir bərabərik, Əlahəzrət Sözə bir yerdə əsgərlik edirik. Amma tanışlığımızın yaşı daha qədimdi. Tələbəliyə dayanır.
Düz 30 il bundan öncə, yaşının 20-də Gəncənin "Vtoroy Çast" adlanan hissəsində, erməni məhəlləsində yerləşən tələbə evinə gəlmişdi. 77 yaşlı erməni qarısı Marusyanın 4 tələbə kirayənişini vardı. "Maksim Qorki 44" ünvanında. Onlardan biri də eyni otağı paylaşdığımız İbrahim- İbiş idi. Ara-sıra İbrahimin kəndçiləri onu yoxlamağa gəlirdilər. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan tələbə gənclərdən biri də Xalid idi. Şeir yazırdı, həm də yaxşı avazı vardı - səsi də uyğun idi, yazdığını elə gözəl söyləyirdi ki...
20 yaşı günü gəlmiş bizə, evdə olmamışam, İbiş bunlarla oturmuş, tələbəliyin və Allahın verdiyindən yemiş-içmişlər; sonra Xalid ortadakı maqintafonun yazan düyməsini basmış, sevdiyim bir kasetin önünə öz şeirini diqtə etmiş və yazdırmış...
Bunu sonradan bildim, çox da qızdım; amma şeir və onun səsləndirilməsi o qədər gözəl idi ki, silmədim; uzun müddət, kaset özü itənə qədər qaldı...
Şeiri gənc şair özünün 20 illiyinə yazmışdı; nəqəratı yadımda: "Ömrümün yarısı hələ qabaqda"...
Sonra yollarımız təkrar kəsişdi; bir yerdə Sovetlərə qarşı, daha sonra ermənilərə qarşı çıxdıq; savaş oldu, uduzduğumuzu nə bildik, nə də qəbullandıq; amma bir də onu gördüm ki, Xalid də, İbrahim də qaçqın oldular; aradan daha bir müddət də keçdi; Allahın sürprizləri bitməz; bizi təkrar Müsavatda qovuşdurdu, bir yerdə işlədik...
İndi Söz Əsgərliyimizin yaşı 20-dir! Gənc şair Xalid vardı ya, mənim kasetimin üstünə "ömrümün yarısı hələ qabaqda", deyə şeirini yazdırmışdı; onunla yaşıddı birgə Yol daşlığımız.
Bu illər bizim dostluğumuzu böyütdü; İbrahimi elə 20 il olar ki, görmürəm; tələbə və otaq yoldaşım həyatımın kiçik bir fraqmentinə, keçmişinə çevrilib; görsəm bəlkə də tanımam; amma ona qonaq gələn kəndçisi, Aşağı Seyidəhmədlidən olan gənc Xalidlə 20 ildir ki, bərabərlik, birgə qələm-klaviatura vururuq. Bu, daha fraqment deyil, həyatın özüdür! Bu birgəlikdə zamanın bütün halları var: Keçmiş də, İndi də, Gələcək də...
Bayaq birgəydik, günü qutlayırdıq, 50-ni onunla birgə, əksəriyyətinin yaşı bizim dostluğumuzun yaşından da kiçik olan kollektivlə qarşıladıq və yola saldıq. Bu qutlamada da zamanın bütün halları bizimlə idi...
Biz indi ona Hoca deyirik. Hesab edirəm ki, bizim Hocamız - Müəllim qardaşımız Polad Ələmdarın da, digər hər kəsin də “Hoca”sından daha böyük, daha gerçək, daha güclü...
O, qələmini, indiki halı ilə desək, klaviaturasını fırça kimi işlədir. Mükəmməl bir yazar, bir o qədər də gözəl KİV rəhbəridir.
Ona özümə arzuladığım hər şeyin iki qatını arzulayıram. O, belə bir jestə layiq birisidir. Xalid Hocama, 30 ilin gənclik və olğunluq dostuna uzun, bərəkətli, yaradıcı bir ömür, ailə səadəti, bir də... xoşbəxtcə yaşanası Vətən arzu edirəm.
Və üstəlik, bayaq yazdığım kimi, özümə arzuladığım bütün yaxşı şeylərin iki qatını.
Doğum Günün qutlu olsun, Xalid Hocam!
ŞƏRHLƏRŞƏRH YAZ