Onlayn ictimai-siyasi qəzet
“BMT-nin əsas qurumlarından biri olan Beynəlxalq Ədalət Məhkəməsində Qarabağ məsələsinin müzakirəsi zamanı iddia edilib ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyata keçirib, guya ermənilərə qarşı zorakılıq aktları olub. Tələblər isə budur ki, Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq haqqını, həmçinin təhlükəsiz yaşayışını təmin etmək üçün Azərbaycan hərbi qüvvələri Qarabağın sivil yaşayış məntəqələrindən çıxarılmalı, həmçinin bölgədə daimi fəaliyyət göstərəcək beynəlxalq mexanizm yaradılmalıdır. Bu cür absurd tələblər ancaq Ermənistan kimi “dövlət” tərəfindən irəli sürülə bilərdi”.
Bu fikirləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib. Ekspert Ermənistan tərəfinin iddialarının və tələblərinin əsassız olduğunu belə əsaslandırıb:
“Əksini düşünək, sanki, biz Ermənistana tələb irəli sürürük ki, Sünik/Zəngəzur rayonu ərazisində heç bir ordu birləşməsi, heç bir polis məntəqəsi olmasın, o cümlədən Qərbi azərbaycanlıların Ermənistana qayıtmasının təhlükəsizliyini, o cümlədən açılacaq regional kommunikasiyaların təhlükəsizliyini təmin etmək üçün Ermənistanda beynəlxalq mexanizm təsis olunsun. Mümkündürmü belə bir şey?! Təbii olaraq Ermənistan bunu qəbul etməz, odur ki, hazırda mümkün deyil. Beynəlxalq aləmdə də bunu çox gözəl dərk edirlər. Sadəcə bəzi qüvvələr, xüsusilə də Fransa, Ermənistandan çox erməni təəssübkeşliyi edərək Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq üçün hər cür, o cümlədən ən axırıncı yollara, saxtakarlıqlara əl atır. Bunun üçün Azərbaycan dövləti yetəri qədər hazırlıqlıdır və düşmən tərəfin hücumlarına cavab vermək üçün öz gündəliyimiz vardır. Ümumiyyətlə, müvafiq məhkəmənin qərarı nə olur olsun, məcburedici xarakter daşımır”.
Ş.Cəlilzadə xatırladıb ki, Azərbaycan əraziləri işğal edildikdən sonra beynəlxalq mexanizmlər sanki unudulmuşdu: “Biz səsləndiririk ki, I Qarabağ müharibəsi dövründə Ermənistandan, Qarabağın özündən və 7 ətraf rayondan 1 milyonadək insan məcburi şəkildə ermənilər tərəfindən qovularkən, hər cür zorakılığa məruz qalarkən, beynəlxalq təşkilatlar niyə bura müşahidəçilər yollamırdı?! Beynəlxalq mexanizmlər niyə o vaxt işə düşmürdü?! Azərbaycan dəfələrlə çağırış edib, lakin azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün ötən 30 ildə heç bir mexanizm yaradılmayıb. Lakin, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən antiterror tədbirləri səbəbilə Qarabağ erməniləri öz istəkləri ilə Ermənistana köç etməyə başladıqdan dərhal sonra Ermənistanın çağırışı əsasında beynəlxalq müşahidəçilər Qarabağa səfər etmək istədiyində Azərbaycan öz qapılarını onların üzünə açdı. 30 sentyabr-1 oktyabrda BMT-nin ilk missiyası Qarabağda oldu və Azərbaycan tərəfindən Qarabağda heç bir sivil məntəqəyə, mədəniyyət abidəsinə qarşı hücum olmadığını, sivillərin köç zamanı hər hansı zorakılığa məruz qalmadığını, köçün məcburi xarakter daşımadığını fiksasiya etdi. Məhz bu açıqlamaya görə dünya erməniçiliyi BMT-nin Qarabağda gələn birinci missiyasını öz hədəfinə alaraq “saxta” adlandırdı. Hazırda 2-ci dəfədir ki, BMT missiyası Qarabağdadır və bu dəfə də Azərbaycan onların səfəri üçün bütün lazımi şəraiti yaradıb. Azərbaycan tərəfi BMT missiyasının qalıcı olmasının tərəfdarı deyil, odur ki, indi və gələcəkdə bir və ya bir neçə günlük səfərlər formatında həyata keçirilməsi, həmçinin ad-hoc əsasda yaradılacaq, BMT-nin müvafiq qurumlarının Bakı ofisləri ilə birgə işləmək imkanlarına malik qrupların yaradılması nəzərdə tutulur. Vurğulanmalıdır ki, BMT-nin müvafiq münaqişəli ərazilər üzrə yaradılan mandatları (qalıcı missiyaları) bir çox hallarda faydalı olmayıb, məsələn, Kosovoda albanların serblər tərəfindən hücumlara məruz qalmasının qarşısı alına bilmədi, əksinə problem daha da dərinləşdi, separatizm gücləndi. Odur ki, Azərbaycan bütün beynəlxalq təcrübələri öyrənir və müvafiq olaraq beynəlxalq hüquqa əsaslanaraq öz milli maraqlarını qoruyur. Gələcəkdə Qarabağ ermənilərinin reinteqrasiyası üçün BMT-nin müvafiq qurumlarının Bakı ofislərinin birgə iştirakı ilə, hər iki tərəfin vətəndaş cəmiyyətlərinin (ermənilər və azərbaycanlılar) ortaq təşkilatçılığı ilə əməkdaşlıq platformalarının yaradılması, bunun üçün zəruri qrant layihələrinin həyata keçirilməsi də nəzərdən keçirilə bilər. İndiki və gələcəkdəki missiyalar 30 illik işğal ərzində Ermənistan tərəfindən torpaqlarımızda törədilən dağıntılara yerində şahidlik etdiklərini, 1 milyonadək insanımızın Ermənistan, Qarabağ və ətraf 7 rayondan qovulmasının dəhşətli foto-video görüntülərini gördüklərini, hazırda Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin geri qayıtmasına dair çağırışlar səsləndirdiyini, regionda Azərbaycan tərəfindən həyata keçirilən cari humanitar fəaliyyət və infrastruktur quruculuğu, reinteqrasiya prosesinin bütün beynəlxalq normala uyğun həyata keçirilməkdə olduğunu da mütləq qaydada öz hesabatlarında əks etdirməlidirlər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ