Onlayn ictimai-siyasi qəzet
28 May Azərbaycan tarixində təkcə bir dövlətin yaradılma günü deyil, milli iradənin, azadlıq istəyinin və müstəqil dövlətçilik düşüncəsinin doğum günüdür.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ilk dünyəvi, parlamentli, müsəlman Şərqində yaranmış demokratik respublikanın yaranmasından 107 il ötür. Hər il olduğu kimi, bu il də 28 May ölkədə geniş şəkildə qeyd olundu. Amma bu il bu əlamətdar tarix iki fərqli səhnədə – iki fərqli məna və mövqelə bürünmüş şəkildə təqdim edildi.
Bir tərəfdə Laçın vardı. Qarabağın azad edilmiş müqəddəs torpaqlarından biri. Prezident İlham Əliyevin Müstəqillik Gününü məhz Laçında – Azərbaycan tarixinin qürur simvollarından birində qeyd etməsi sadə təsadüf deyil. Bu, həm də simvolik və strateji seçimdir.
Müstəqilliyin anlamı bu gün ərazi bütövlüyü, milli suverenlik və beynəlxalq müttəfiqliklə ölçülür. Prezidentin yanında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və dost Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif var. Bu üç liderin birlikdə Laçında bayram etməsi bir çox mesajların daşıyıcısı oldu:
- Azərbaycanın beynəlxalq nüfuzu və güvənilən tərəfdaş olma statusu,
- Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması,
- postmüharibə reallığında yeni güc balansının mərkəzində Azərbaycanın dayanması və sülhə hazır, amma prinsipial mövqedə olan dövlətin liderliyi.
Prezident İlham Əliyev bu addımı ilə göstərdi ki, 28 May yalnız keçmişin xatirəsi deyil, həm də bu günün və sabahın yol xəritəsidir. O, bayrağı Laçında – illərlə düşmən tapdağında olmuş bir yerdə ucaltdı və Azərbaycan xalqının azadlıq ruhunu konkret məkan, konkret hadisə ilə simvolizə etdi.
Lakin eyni gündə fərqli bir məkanda – Novxanıda, Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında baş verənlər təəssüf və təəccüb doğurur. Özünü “xalqın müxalifəti” adlandıran bir qrup tərəfindən təşkil olunan ziyarət mərasimində Azərbaycan bayrağı əvəzinə Avropa İttifaqının bayrağının qaldırılması təkcə bir simvolik jest deyil, həm də onların ideoloji kimliyini ortaya qoyan ciddi mesajdır.
Bu, göstərir ki, bu insanlar xaricdən gələn siyasi rüzgarların daşıyıcılarıdır. Onlar üçün milli bayraq simvol yox, dəyişdirilə bilən bir atributdur. Bu isə milli suverenliyə və müstəqil siyasi mövqeyə açıq şəkildə hörmətsizlikdir. Bu mənzərə onların heç zaman xalqın dəstəyinə arxalanmadıqlarının, öz fəaliyyətlərini daim xarici dairələrdən alınan siyasi və maliyyə impulsları ilə yönləndirdiklərinin göstəricisidir. Kimlərinsə siyasi "layihəsi" olmaq, milli maraqlara deyil, xarici tapşırıqlara xidmət etmək onların illərdir dəyişməyən kimliyidir.
Azərbaycan xalqı isə bu fərqi çox yaxşı görür. Müstəqillik bayramında Laçında bayraq qaldıranlarla, Novxanıda Avropa bayrağının arxasında gizlənənlər arasındakı fərq göz qabağındadır. Xalq 30 illik çətinlikdən, müharibələrdən, işğaldan, diplomatik savaşlardan keçərək bu günkü gücə çatıb. Bu gün Azərbaycan artıq beynəlxalq hüquqda tanınan sərhədlərini real güclə bərpa etmiş, müstəqil qərarlar verən, öz yolunu özü müəyyənləşdirən dövlətdir.
Bayraq – bu dövlətin kimliyidir. O bayrağı hansı məkanda, kiminlə və necə qaldırdığın isə mövqeyini göstərir. Rəsulzadənin məşhur fikridir: “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Bu bayraq bu gün Şuşada, Laçında, Füzulidə, Ağdamda və Zəngilanda dalğalanır. Bu bayraq Azərbaycan xalqının bayrağıdır. Bu bayrağın yerinə hər hansı başqa bir simvolun qaldırılması – istər daxili hesabla, istərsə də xarici direktivlə edilsin – milli yaddaş və şüur qarşısında cavabsız qalmayacaq.
Azərbaycan xalqı seçim edib – onun adı sabitlik, inkişaf və dövlətçilikdir. Və bu seçim yalnız Laçında deyil, Azərbaycanın hər yerində ucaldılan üçrəngli bayraqla öz təsdiqini tapır. Xalq kimlərin həqiqətən onunla olduğunu, kimlərin isə kiminsə "piyadası" kimi davrandığını çox yaxşı görür. Bayraqla birlikdə bu xalqın iradəsi də artıq yüksəlib. Onu heç bir süni simvol əvəz edə bilməz.
Əli Rais,
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ