Onlayn ictimai-siyasi qəzet
Bu gün 21 illik fasilədən sonra ilk dəfə prezident seçkilərində səsimi verdim - Azərbaycanın Vaşinqtondakı Səfirliyində təşkil olunmuş seçki məntəqəsində.
Sonuncu dəfə 2003-cü ildə prezident seçkilərində seçici olaraq iştirak edib, o vaxtkı Müsavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbərə səs vermişdim. Sadəcə səs yox, həm də onun seçilməsi üçün əmək verib, fədakarlıqlar etmişdim. İsa bəyin namizədliyinin müdafiəsi üçün qurulan Bizim Azərbaycan Blokunun Sədrlər Şurasının məşvərətçi səslə üzvü idim.
O vaxt MÜƏYYƏN səbəblərdən verilən səslərə sahib çıxıb, onları siyasi reallığa çevirmək mümkün olmadı.
1992-ci ildə yeniyetmə olaraq proseslərin iştirakçısı olsam da, 18 yaşım tamamlanmadığı üçün Elçibəyin seçildiyi seçkilərdə səs verə bilməmişdim.
Bu gün keçirilən seçki bütün əskikləri, çatışmamazlıqları və yanlışlarına rəğmən TARİXİ SEÇKİDİR.
Çünki müstəqillik dövrümüzdə ilk dəfə hansısa bir seçki Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü əhatə etməklə, bütün torpaqlarımızda seçki məntəqələrinin qurulması ilə müşayiət olunur.
Mən - Zaur Bayramlı, sadə bir vətəndaş olaraq kimə səs verdim???
Mən torpaqlarımızın bizə 30 ildən çox həm millət, həm də fərd olaraq utanc gətirən işğaldan azad edilməsinə siyasi və hərbi müstəvidə öncüllük edən namizədə səs verdim.
Tam səmimi deyirəm - əgər bu şəxs bu gün seçki bülletenində adları yer alan digər namizədlərdən hər hansı biri - Zahid Oruc, Razi Nurullayev , Qüdrət Həsənquliyev, Fazil Mustafa , Elşad Musayev , Fuad Əliyev olsaydı, heç düşünmədən səsimi həmin şəxsə verərdim.
Əgər bu şəxs, yəni torpaqlarımızın işğaldan azad edilməsi sürəcinin önündə gedən siyasətçi - bu seçkini boykot yolunu seçən, şəxsiyyətinə və siyasi zəkasına çox böyük hörmətim olan və hələ də Azərbaycanın dövlət idarəçiliyində yer alacağı təqdirdə dövlətimizə və millətimizə faydalarının toxunacağını düşündüyüm hörmətli İsa bəy Qəmbər, Müsavat Partiyasının başqanı hörmətli Arif Hacılı bəy, heç vaxt siyasi simpatiyam olmayan hörmətli Əli Kərimli bəy, dəyərli Mirmahmud Mirəlioğlu bəy, illərdir siyasətdən uzaq alsa da, sözünün hələ də ağırlığı olan Etibar bəy Məmmədov və hər hansı başqa birisi olsaydı, heç tərəddüd etmədən seçki bülletenində onun adını işarələyərdim.
Tale bu ŞƏRƏFİ - 200-300 illik torpaq itirmək tendensiyasına son qoyaraq, torpaq qazanmaq cığırını açmaq şansını İlham Heydər oğlu Əliyevə bəxş etdi.
İlham Əliyevə qarşı olan bütün haqlı və haqsız tənqidlər, tutulan bütün səmimi və qərəzli iradlar onun TORPAQLARIMIZIN İŞĞALDAN AZAD EDİLMƏSİNƏ BAŞARILI BİR ŞƏKİLDƏ ÖNCÜLLÜK ETDİYİ GERÇƏYİNİ DƏYİŞDİRMƏZ, DƏYİŞDİRƏ BİLMƏZ!!!
Mən şəxsən bir vətəndaş olaraq, hörmətli İlham Əliyevin 2003-cü ildən 2020-ci ilin payızına qədərki siyasətinə zamin deyiləm, amma 2020-ci ildə 44 günlük şərəfli savaşımızla başlayan və 2023-cü ilin sentyabrında 23 saatlıq uğurlu antiterror əməliyyatı ilə sonuclanan sürəcdə çox ustalıqla və peşəkarlıqla yeritdiyi siyasətə zaminəm!
O dönəmdə ustalıqla dəf edilən bölgəsəl təzyiqləri uzaqdan izləsəm də, yaşadığım ölkədən və bütövlükdə Qərbdən edilən bir çox beynəlxalq təzyiqlərin bəzilərinin şəxsən şahidi olmuşam, bəziləri ilə əlaqəli ciddi məlumatlarım olub. İndi keçmişdə qalan bu olaylarla bağlı detallara varmaq istəmirəm.
İndi nə İlham Əliyev 2003-cü ildəki İlham Əliyevdir, nə də ki, siyasi və hərbi reallıqlar 2003-cü ildəki siyasi və hərbi reallıqlardır.
Bəli, mən xalqımızın ürəkaçan olmayan sosial-iqtisadi durumunun, rifahının yaxşılaşdırılması, ölkədə demokratiya və insan hüquqları vəziyyətinin düzəldilməsi ilə bağlı tənqid və tələblərimi baki saxlamaqla, həyatımda ilk dəfə İlham Əliyevə səs verdim.
İlham Əliyev Konstitusiya borcunu yerinə yetirdi, mən isə buna görə ona olan vəfa borcumu.
Cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi önünü çəkdiyi torpaqlarımızın işğaldan azad edilməsi mərhələsində Qarabağımızın təkrardan Türk torpağı, Azərbaycan torpağı olmasında və ondan əvvəlki dövrlərdə canlarını fəda etmiş bütün Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, bütün Qazi və Döyüşçü qardaşlarımıza dərin ehtiramımı bildirir və bu seçkinin ölkəmiz və xalqımız üçün xeyirlərə vəsilə olmasını Uca Tanrıdan diləyirəm.
Sayğılarımla,
Zaur Bayramlı
Vaşinqton - ABŞ
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ