Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 2025-ci ildə Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinə həsr olunmuş brifinq keçirilib.
Musavat.com xəbər verir ki, birifinqdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi, müxtəlif mərkəzlərin rəhbərləri və ekspertləri iştirak edib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Tacikistan arasında müsbət dinamika üzrə inkişaf edən ikitərəfli münasibətlərə diqqət çəkib. O bildirib ki, iki ölkənin ekspert dairələri arasında da təmasların intensivləşdirilməsi, akademik mübadilənin artırılması zəruridir.
Qazaxıstan, Qırğızıstan və Rusiya ilə ekspert şuralarının müntəzəm görüşlərinə toxunan BMTM sədri müvafiq müzakirələrin praktiki nəticələrinə - Azərbaycan-Rusiya, Azərbaycan-Qazaxıstan ikitərəfli gündəminə həsr olunan icmalların dərc edilməsinə diqqət çəkib.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon bildirdi ki, MDB-də sədrlik BMT Nizamnaməsində təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri, eləcə də MDB çərçivəsində qəbul edilmiş sənədlər çərçivəsində həyata keçiriləcək.
“Tacikistanın addımları qlobal arenada MDB-nin inteqrasiya birliyi qismində müsbət imicinin daha da möhkəmləndirilməsi, Birliyin BMT və onun müvafiq strukturları, həmçinin ŞƏT, KTMT, Aİİ və başqa regional təşkilatlarla əlaqələrinin genişləndirilməsi, o cümlədən konkret tematikalar üzrə birgə tədbirlərin təşkili və ŞƏT-ə MDB yanında müşahidəçi statusu verilməsi məsələsində təmas nöqtələrinin müəyyənləşdirilməsinə yönələcək”,-deyə diplomat qeyd etdi.
Bundan başqa, diplomat siyasi, hüquqi, iqtisadi, sənaye, ekoloji, gömrük, nəqliyyat süni intellekt, humanitar, parlament və gənclər siyasəti istiqamətləri üzrə Tacikistan tərəfindən irəli sürüləcək tədbirlər, planlar barədə ətraflı məlumat verdi.
Səfir qeyd etdi ki, MDB tarixində ilk dəfə olaraq qurumla BMT-nin qarşılıqlı fəaliyyətinə dair birgə yüksək səviyyəli tədbirin keçirilməsi də nəzərdə tutulub:
“BMT Baş Assambleyasının BMT ilə MDB arasında əməkdaşlığa dair növbəti qətnaməsinin qəbuluna da yardım göstəriləcək və Birlik üzvü olan ölkələrin dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində MDB-nin bütün üzv dövlətlərinin maraqlarını əhatə edən beynəlxalq gündəliyin aktual problemlərinə dair bəyanatların işlənib hazırlanması və qəbulu istiqamətində səylər davam etdiriləcək”.
Daha sonra Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Oraz Murtazozoda onlayn formatda, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov, “Strategic Consulting Group” analitik mərkəzinin direktoru Rafiq İsmayılov mövzu ilə əlaqədar fikirlərini bölüşdülər.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ