İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ildə Azərbaycan iqtisadiyyatı NECƏ OLDU? - Maraqlı məqamlar

COP29 sədrliyinin əldə etdiyi nailiyyətlər Azərbaycanın dünyadakı rolunu daha da artırdı; 2025-ci ildə Azərbaycan güc mərkəzlərində yer alacaq; Yaşıl iqtisadiyyatla bağlı daha çox layihə reallaşdırılacaq

2024-cü il yekunlaşmaq üzrədir. Dünyada siyasi baxımdan bir çox yaddaqalan hadisə baş verdi. Seçkilər ili kimi xarakterizə olunan 2024-cü il Azərbaycan tarixinə önəmli hadisələrlə yazıldı. İlin əvvəlində, fevralın 7-də Azərbaycanda Zəfər seçkisi keçirildi. İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. COP29 sədrliyinin əldə etdiyi nailiyyətlər sayəsində COP29 ən möhtəşəm COP-lardan biri kimi yadda qaldı.

Cari il ölkəmizdə regional və qlobal layihələrə verilən töhfələr, eləcə də iqtisadiyyatın inkişafı, bir çox istiqamətdə yeni hədəflərin müəyyənləşdirilməsi ilə də yadda qaldı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində 2024-cü ildə Azərbaycan üçün yaddaqalan siyasi yekunları şərh etdi. H.Babaoğlu qeyd etdi ki, ilin əvvəlində keçirilən prezident seçkiləri mühüm siyasi-hüquqi hadisə kimi ölkəmizdə idarəetmənin yeni mərhələsini müəyyənləşdirdi:

1696168201_1687594627_1677491165.jpg (90 KB)

“Nəzərə almaq lazımdır ki, 2023-cü ildən sonra Azərbaycanın suveren hüquqları bərpa olunduqdan sorna yeni prezident seçkiləri həm də onunla əlamətdar oldu ki, ilk dəfə olaraq yeni seçilmiş prezident ölkəmizin bütün ərazisində konstitusiya ilə müəyyən olunmuş hüquqlarımızın icrası ilə bağlı imkanlar əldə etdi. Bu, çox mühüm tarixi seçki oldu. İkinci mühüm hadisə isə Milli Məclisin yeni tərkibinin formalaşdırılması oldu. Buna böyük zərurət var idi. Üçüncü ən böyük tədbir isə Azərbaycanda COP29 tədbirinin keçirilməsidir. 2024-cü il həm də müstəqillik tariximizin ən iritutumlu maliyyə sənədinin, yəni 2025-ci ilin büdcəsinin qəbul olunması ilə yadda qaldı. Biz ilk dəfə olaraq rekord miqdarda müdafiə-təhlükəsizliklə bağlı maliyyə sənədi qəbul etdik. Amma bunlar məsələnin sadəcə bir tərəfidir. 2024-cü il Azərbaycan iqtisadiyyatının gələcəyinə qoyulan yatırımlarla yadda qaldı. ”Böyük Qayıdış" termini altında həm 30 il həsrətində olduğumuz yurd-yuvalarımıza qovuşmaq hadisəsi, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına, sosial-siyasi münasibətlərinə reinteqrasiya məsələsi var. Bu əslində Azərbaycanın gələcəyinə qoyulan yatırımdır. Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də mühüm hadisə kimi dəyərləndirilə bilər. Düşünürəm ki, bu Azərbaycanda keçirilən kompleks islahatların həyata keçirilməsi kontekstində qiymətləndirilməlidir. 2024-cü ildə Milli Məclisdə də çoxsaylı qanunlar qəbul edildi. Bəzi qanunlara dəyişiklik edildi. Ölkəmizin təhlükəsizliyini təmin edəcək daha mükəmməl qanunlar qəbul edildi".

Azərbaycanın 2024-cü ildəki xarici siyasətinə gəlincə, H.Babaoğlu bildirdi ki, ölkəmizin tarixi zəfərinə kölgə salmaq istəyənlər hibrid müharibə elan ediblər: “Bu müharibənin komponentlərinin hər dəfə yeni, fərqli şəkildə təzahür etdiyini görürük. Biz əvvəlcə ermənipərəst mərkəzlər tərəfindən diplomatik müharibənin şahidi olduq. İndi isə strateji alətləri və imkanları tükənənlərin Azərbaycan vətəndaşlarından istifadə etməsinin şahidi oluruq. Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi tədbirlər, keçmiş diplomatların ifşa olunması, onların yaratdığı şəbəkə bir daha onu göstərdi ki, hədəf Azərbaycanın milli maraqlarıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan tarixi zəfərini qorumağı bacardı. Beynəlxalq təşkilatlarla, erməni lobbisinin motivasiya etdiyi ayrı-ayrı qurumlarla Azərbaycan yaxşı əlaqələr yaratmağı bacardı. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da artırdı. 2024-cü ildə Azərbaycanın xarici siyasəti ilə bağlı çoxsaylı konfranslar keçirildi. Cari ilin ideoloji tezislərini xülasə etməyə çalışsaq, iki mühüm məsələni xüsusi qeyd etmək lazımdır. Bunlardan biri Azərbaycan Prezidentinin Şuşada keçirilən beynəlxalq konfransda səsləndirdiyi fikirdir: ”Azərbaycan yeni dünya nizamında Türkiyə rəhbəri ilə birgə güc mərkəzlərindən biri ola bilər". Düşünürəm ki, bu Azərbaycanın xarici siyasətinin və milli maraqlarımızın müdafiə olunmasının prioritetlərini özündə əks etdirir. İkincisi isə, Prezident bildirdi ki, bizim ailəmiz türk dünyasıdır çünki başqa ailəmiz yoxdur. Bu tarixi çağırış və tarixi ideoloji siyasi fikir həm də xarici siyasətimizi əhatə edəcək yeni keyfiyyət mərhələsi yaradır. Sırf ideoloji konteksdə Prezident yeni milli ideya lazım olduğuna diqqət çəkdi. Əslində Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər bizə lazım olan milli ideyanın həm siyasi-ideoloji, həm də xarici siyasət istiqamətlərini özündə ehtiva edir. Əgər bütün bunları ümumiləşdirməyə çalışsaq, görərik ki, Azərbaycan dövlətçiliyi və Azərbaycan ictimai-siyasi münasibətlər sistemi keyfiyyət etibarilə 2024-cü ildə yeni mərhələyə qədəm qoydu. Nəzərə almaq lazımdır ki, biz illərlə davam edən problemi cəmi bir ildə həll etdik, Qarabağ problemindən yalnız 2023-cü ildə xilas ola bildik. Bunun üzərindən cəmi 1 il və bir neçə ay keçib. Buna görə də tamamilə yeni mərhələyə keçdiyimiz xüsusi vurğulanmalıdır və vətəndaşlarımızın ictimai fəal mövqeyi ilə müşahidə olunmalıdır. İctimai, ixtisaslaşmış hüquq təşkilatları, ümumiyyətlə, bütün resurslar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi bu yeni milli ideya ətrafında səfərbər olmalıdır".

H.Babaoğlu 2025-ci ildə gözlənilən siyasi prioritetləri belə şərh etdi: “2025-ci ildən gözləntilər çoxdur. 4 ildir sülhdən danışsaq da, bəlli oldu ki, müharibəyə daha çox yaxınlaşmışıq. Azərbaycan Prezidentinin Rusiya mediasına verdiyi müsahibədə də bir daha Ermənistanın sülh istəmədiyi və sürətlə silahlandığı aydın oldu. Düşünürəm ki, növbəti ildə sülh üçün ümidlər var. Bu, Azərbaycanın xarici siyasətinin ilk prioriteti olacaq. Sırf sosial-iqtisadi konteksdə gözləntilərə gəlincə, 2025-ci ilin büdcəsinə baxmaq lazımdır. Büdcəmizin investisiya xərclərinin artması onu göstərir ki, növbəti ildə iqtisadi inkişafla bağlı gözləntilər böyükdür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialı yavaş-yavaş rentabelli şəkildə yenidən Azərbaycan iqtisadiyyatının dirçədilməsinə töhfə verir. Ən böyük gözləntimiz isə regional inteqrasiyanın baş tutması, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasıdır. Düşünürəm ki, ictimai rəyin diqqət mərkəzində olan ən aktual məsələlərdən biri də budur. Ümid edək ki, 2025-ci ildə bu gözləntilər reallığa çevriləcək”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə “Yeni Müsavat”a 2024-cü ilin iqtisadi yekunlarını şərh etdi. Deputat cari ili Azərbaycan üçün vacib illərdən biri kimi xarakterizə etdi:

vuqar_bayramov.jpg (215 KB)

“2024-cü ildə Azərbaycan COP29-a ev sahibliyi etdi. COP29 dünyada ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir. Konfransın miqyasına nəzər yetirdikdə aydın olur ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə töhfə verən ölkələrdən biri kimi regionda yaşıl zona şəbəkəsinin formalaşmasına dəstəyini davam etdirir. Sözsüz ki, bu il üçün xarakterik cəhətlərdən biri ÜDM-dəki artım tempinin qorunub saxlanmasıdır və bu artımın proqnozlaşdırılandan daha çox olmasıdır. İlkin yekunlara əsasən, ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda 6,7 faizlik artım qeydə alınıb. Bu, iqtisadiyyatdakı artımın daha çox qeyri-neft sektorundakı artım hesabına formalaşması anlamına gəlir. Bu baxımdan təbii ki, qeyri-neft sektorunun iqtisadi artımda payının artması 2024-cü ilin pozitiv cəhətlərindən biridir. Sözsüz ki, bu il Qarabağ və Şərqi Zəngəzurun bərpası davam etdirildi. İşğaldan azad edilmiş ərazilərin bərpa olunmasına yalnız dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait ayrılıb. Eyni zamanda növbəti ildə bu istiqamətə ən azı 4 milyard manat yönəldiləcək. Paralel olaraq, məskunlaşma davam etdi. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb. 2025-ci ildə də bu proses davam edəcək. 2024-cü il Azərbaycanın mavi qaz hasilatını artırması, bütövlükdə regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsinin genişləndirilməsi ilə yadda qaldı. Azərbaycan artıq Avropa İttifaqının mavi qaz idxal etdiyi ölkələr arasında ilk beşlikdədir. İlkin gözləntilərə görə, Azərbaycanın Avropaya mavi qaz ixracatı 8 faizə yaxın artacaq. Bu da həm hasilatın artması, həm də buna uyğun olaraq mavi qaz ixracatının çoxalması ilə bağlıdır. Qeyri-neft ixracatında da artım tempi qorunub saxlandı. Xüsusilə, 2024-cü ilin ikinci yarısında artım müşahidə olundu”.

V.Bayramov növbəti il üçün gözləntilərlə bağlı isə bunları dedi: “Cənab Prezident tərəfindən yeni dövrün yeni hədəfləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması davam etdiriləcək. Artıq dövlət büdcəsi qəbul olunub. Növbəti ildə sosial paket genişlənəcək. 3 milyonu əhatə edən sosial ayırmalar həyata keçiriləcək. Eləcə də milli təhlükəsizliyin, müdafiə qabiliyyətimizin gücləndirilməsi də prioritetdir. 2025-ci ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması, sahibkarların daha da dəstəklənməsi ilə bağlı islahatların dərinləşməsi gözlənilir. Digər vacib məqamlardan biri də yaşıl iqtisadiyyatın genişləndirilməsi ilə bağlıdır. Azərbaycanın 2025-ci ildə yaşıl iqtisadiyyatla bağlı daha çox layihənin reallaşdırılmasını həyata keçirəcəyi gözlənilir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR