Onlayn ictimai-siyasi qəzet
İyunun əvvəlində keçirilən ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın paytaxtında Rusiyanın “Qazprom” konserninin nümayəndələrinin iştirakı ilə danışıqlar baş tutub. Bu barədə Haqqın.az mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, gündəliyin əsas məsələlərindən biri Azərbaycanın Rusiya təbii qazının İrana tranzitinin təşkilində mümkün iştirakı olub.
Xatırladaq ki, 2024-cü il iyunun 26-da Tehranda “Qazprom” və İranın enerji şirkəti NİGC arasında Rusiya təbii qazının İrana çatdırılması üçün boru kəməri marşrutlarının inkişafına dair strateji memorandum imzalanıb. Hər iki tərəf üçün Azərbaycanın tranzit logistikasında rolu əsas hesab edilib.
Bu ilin yanvarında İran Prezidentinin Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin artıq qaz kəmərinin tikintisi üzrə razılığın əldə olunduğuna dair açıqlama ilə çıxış edib. İlkin mərhələdə mövcud infrastrukturla 2 milyard kubmetr Rusiya qazının İrana çatdırılması, daha sonra isə 55 milyard kubmetr ötürücülük gücü olan kəmərin çəkilməsi planlaşdırılır. Lakin rəsmi Bakı “Qazprom” və İran Milli Qaz Şirkətinin (NIGC) birgə təklifinə hələ ki, dəqiq cavab verməyib.
“Qazprom”dakı mənbə Haqqın.az-a deyib ki, Bakıdan cavab gözləyirlər: “Hazırda biz yanvar ayında səsləndirilən təklifi indiyədək ictimaiyyətə şərh etməkdən çəkinən Azərbaycan tərəfinin reaksiyasını diqqətlə izləyirik. Nəzərə almaq lazımdır ki, söhbət çoxtərəfli layihədən gedir və Azərbaycan bu təşəbbüsün onun milli maraqlarına nə dərəcədə cavab verdiyini qiymətləndirir”.
Bu plan tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır. Bununla belə, əsas məhdudiyyətlər siyasi şəraitlə bağlı olaraq qalır. Məlum olduğu kimi, Rusiya və İran beynəlxalq sanksiyalar altında qalmaqdadır və bu, rəsmi Bakını Moskva və Tehranın iştirak etdiyi enerji təşəbbüslərinə yaxınlaşarkən ehtiyatlı davranmağa vadar edir. Rusiya və İran qlobal qaz bazarında strateji oyunçular olaraq qalsalar da, xarici siyasət məhdudiyyətləri onların iştirakı ilə irimiqyaslı layihələrin inkişafına maneçilik törətməkdə davam edir. Əsas çətinliklərə beynəlxalq sanksiyaların təsiri, hələ də açıq qalan kommersiya məsələləri və genişmiqyaslı infrastruktur yatırımlarına ehtiyac daxildir. Bu amilləri nəzərə alaraq, uzunmüddətli məqsədlərə - məsələn, illik 55 milyard kubmetr qazın tranziti kimi iddialı planlara - nail olunması riskli görünür.
Bakı Enerji Həftəsi günlərində Bakıda mühüm bir saziş imzalanıb. Bu, SOCAR-la Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə imzalanmış 10 illik müqavilədir. Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt-saat), yəni təxminən 1,5 milyard kubmetrə çatdırılacaq. Bildirilir ki, bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.
SEFE-nin baş icraçı direktoru Egbert Laege bildirib ki, “bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir”: “Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.
SOCAR-ın prezidenti Rövşən Nəcəfə görə, bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir: “SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə biz Azərbaycanla Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək”.
Qeyd edək ki, Avropa enerji bazarında 30 illik təcrübəyə malik SEFE Avropada qaz, elektrik və təmiz enerji məhsullarının aparıcı təchizatçısıdır və Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya, Belçika, Avstriya və Çexiyada fəaliyyət göstərir. "Caspian Barrel"in əldə etdiyi məlumata görə, SEFE-nin keçmiş adı "Gazprom Germania GmbH" olub, hansı ki, 1990-cı ildən 2022-ci ilə qədər dünyanın ən böyük qaz şirkəti “Qazprom”un tam mülkiyyətində olan törəmə şirkəti idi. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra şirkət Almaniyanın federal enerji tənzimləyicisi olan Federal Şəbəkə Agentliyinin himayəsi altına alınıb və o vaxtdan Almaniya Federal Hökumətinə məxsusdur.
SEFE illik 200 TVt/saat qaz və elektrik enerjisi satış həcmi ilə Avropada sənaye müştərilərinin ən mühüm təchizatçılarından birinə çevrilib. Onun 50 min müştərisi kiçik bizneslərdən tutmuş bələdiyyələrə və iri istehsalçılara qədər çoxşahəlidir.
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, bu müqavilənin imzalanması çox yaxşı haldır: “Çünki "Şahdəniz-2" layihəsi müqavilələrindən sonra bizim faktiki olaraq Avropa ölkələri və şirkətləri ilə uzunmüddətli qaz müqaviləmiz yox idi. Almaniyanın federal hökumətinin tam nəzarətində olan SEFE şirkəti ilə kommersiya müqaviləsinin imzalanması bu baxımdan Avropanın lider ölkəsinin Azərbaycaının bir stabil enerji təhcizatçısı kimi dəyərləndirilməsi, həm də SOCAR-a inamın ifadəsidir".
Müqavilədə nəzərdə tutulan qaz Almaniya şirkətinə necə çatdırılacaq? İ.Şaban deyir ki, qazın mütləq Almaniyaya çatdırılması nəzərdə tutulmur: “Hər iki şirkətin açıqlamasında Azərbaycan qazının boru kəməri ilə alınması göstərilib. Amma bu o demək deyil ki, Azərbaycan qazı boru xətti ilə Almaniyaya çatdırılacaq. Çünki SEFE-nin Avropanın bir çox ölkələrində enerji aktivləri var və qazı alıb yerindəcə elektrikə çevirə bilər və öz istehlakçılarının enerji təhcizatını həyata keçirər. Belə sxemlə Almaniyanın Uniper şirkəti də ”Şahdəniz-2" çərçivəsində Azərbaycandan qaz alır".
Ukraynanın Avropaya qaz ixracı xətlərini bağlaması və müharibəyə görə Rusiyaya tətbiq olunan sanksiyaların dərinləşməsi “köhnə dünyanın” “mavi yanacaq”la təminatında da ciddi problemlərə səbəb olub. Elə bu fonda Avropa digər mənbələrdən, o cümlədən Azərbaycandan daha çox qaz almağa can atır. Lakin bunun üçün indi Avropanın özünün də müəyyən addımlar atmasına ciddi ehtiyac var.
Yəni “mavi yanacağın” ixracının genişləndirilməsi ilə bağlı müəyyən problemlər var. Azərbaycanın təbii qaz hasilatı və tədarük infrastrukturu genişmiqyaslı investisiyalar tələb edir. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılması və modernləşdirilməsi gələcəkdə daha böyük həcmli qaz tədarükünü təmin etmək üçün vacibdir. Bunun üçün isə Avropanın müvafiq addımlar atması mühümdür. Azərbaycan qazının Avropaya tədarükünün daha da artırılması daha çox regionun ehtiyaclarından və Avropa tərəfinin yeni infrastruktura sərmayə yatırmaq istəyindən asılı olacaq.
Azərbaycan öz üzərinə düşən işləri vaxtında yerinə yetirir. Elə Bakı Enerji Həftəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin yeni mərhələsi ilə bağlı saziş imzalanıb. Layihə tərəfdaşları (bp (operator - 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19,00 faiz), Cənub Qaz Dəhlizi (16,02 faiz), NİKO (10,00 faiz) və MVM (5,00 faiz)) Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan ediblər.
2,9 milyard dollar dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Bundan əlavə, Türkiyənin TPAO şirkəti “Şəfəq-Asiman” qaz-kondensat yatağında 30 faizlik iştirak payını alıb. Bu isə yatağın işlənməsinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunanlar göstərir ki, dünyada gedən geosiyasi proseslər Azərbaycanın enerji bazarında rolunu getdikcə artırır. Xüsusilə Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə fonunda Avropa İttifaqının Moskva ilə bütün bağları qırması Azərbaycanın həm Avropanın enerji bazarında mövqeyini möhkəmləndirir, həm də güclü şimal qonşu üçün əhəmiyyətini daha da artırır. Avropa İttifaqının 2027-ci ilədək Rusiya qazının idxalını tam dayandırmaq planları Moskvanın yeni bazarlar tapmaq istiqamətində hərəkətliliyini gücləndirir. Bu baxımdan, nəhəng qaz ehtiyatları olmasına baxmayaraq, onun hasilatını təmin edə bilməyən İrana qaz ixracı Rusiya üçün yeni bir istiqamətdir. İrana çatdırılacaq qaz həcmlərinin oradan digər ölkələrə, o cümlədən İraqa satılması imkanı da mövcuddur. Bu vəziyyətdə nəzərlərin Azərbaycana yönəlməsi Bakı üçün seçim məcburiyyəti də yaradır. Ekspertlərə görə, ABŞ-İran danışıqları nəticəsiz bitərsə, Vaşinqton cənub qonşumuzla hər hansı irimiqyaslı enerji layihələrinin icrasına imkan verməyəcək. Buna görə də Bakının Moskva və Tehrandan gələn təklifə hələ münasibət bildirməməsi uzaqgörən addım kimi dəyərləndirilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ