İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-də Türk dünyasının ürəyi Şuşa ilə döyünəcək - hansı tədbirlər zəruridir?

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi qeyd olunub.

Bildirilib ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Beləliklə, müqəddəs Şuşa 2023-də təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq. Təbii, Azərbaycan, Qarabağ həqiqətlərinin, erməni vandallığının dünyaya çatdırılması üçün bu müddətdə çox mühüm və sanballı, əhatəli tədbirlərin təşkilinə ehtiyac var.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, prezidentin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Şuşanı təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəniyyət paytaxtı etməyə nail olunub: “Tədbirlər planında bir çox vacib məqamlar əksini tapıb. Dərin, əhatəli, məzmunlu plan hazırlanıb. Azərbaycan mədəniyyəti, həqiqətləri, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verən sənəddir. Hesab edirəm ki, ən önəmli məsələlərdən biri Şuşanın dini abidələri ilə bağlıdır. Prezidentin bu məsələ ilə bağlı fərqli fikirləri, yanaşması olub. Şuşada çoxlu məscidin, dini abidənin olması Şuşanın həm də dini paytaxt olduğunun göstəricisidir. Biz fürsətdən istifadə edərək erməni vəhşiliyini daha böyük kütlələrə çatdırmalıyıq, dünya birliyinə daha geniş təqdim etməliyik. Bununla bağlı davamlı tədbirlər keçirməliyik. Planda qeyd olunduğu formada müxtəlif konfranslar, seminarların keçirilməsi də önəmlidir. Eyni zamanda Şuşanın tarixi, mədəniyyəti ilə bağlı yeni əsərlərin yazılması önəmlidir. Bu gün qarşımızda duran əsas məsələlərdən biri təkcə Şuşa ilə bağlı yox, ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərlə bağlı filmlərin çəkilməsidir. Biz tədbirlər çərçivəsində daha çox qonağın dəvət olunmasına çalışmalıyıq. Qarabağı bərpa edirik, Şuşanı yenidən qururuq, amma indiki halı ilə, dağıdılmış vəziyyətdə mütləq dünyaya təqdim olunmalıdır. Qarşımızda duran məqsədlərə çatmağımız üçün  dünya öz gözü ilə görməlidir. Xüsusilə müsəlman dünyasının diqqətini çəkmək üçün dini-tarixi abidələrin təbliğinə də önəm vermək lazımdır. Ermənistanın, ermənilərin təbliğatı, yalanları davam edir. Bu baxımdan bizim daha geniş, ətraflı, məzmunlu təbliğat aparmağımıza ehtiyac var”.

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçildi |  KORRUPSİYA

QHT sədri: “İdeyalar çoxdur, yetər ki, buna uyğun olan resurslar müəyyən olunsun”

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova xatırlatdı ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Şuşa İli” ilə bağlı qrant müsabiqəsi elan etmişdi: “Müsabiqə çərçivəsində filmlər çəkilib, beynəlxalq tədbir keçirilib, beynəlxalq təşkilat nümayəndələrinin, gənc blogerlərin Şuşaya səfəri təşkil edilib, xarici ölkələrdə Şuşa ilə bağlı tədbirlər həyata keçirilib. Türk dövlətlərinin Şuşanı mədəniyyət paytaxtı elan etməsi ilə əlaqədar bütün türk dünyasını əhatə edən tədbirlər təşkil edə bilərik. Türk dövlətlərinin həyatına müsbət təsir edən qadınlarla bağlı forumun təşkil edilməsini çox istərdim. 2023-cü ildə həmçinin Zərifə Əliyevanın 100 illiyi tamam olacaq. Türk dünyası qadınlarının cəmiyyətdə rolu mövzusunda türk dünyasının mədəniyyət xadimlərinin iştirakı ilə tədbir təşkil etmək olar. Müxtəlif sosial şəbəkə platformalarından istifadə etməklə gender məsələləri ilə bağlı təbliğat apara bilərik. Məsələn, Özbəkistan, Türkmənistanda cəmiyyətə töhfə verən məşhur qadınlar, Şuşada dünyaya göz açan qadınlarla bağlı forum keçirmək olar. Əlbəttə ki, sərəncamdan irəli gələn tədbirlər planı var. Düşünürəm ki, QHT-lər buna fokuslanmalıdır. Eyni zamanda videolar, bloqlar vasitəsilə informasiya təbliğatını sürətləndirmək lazımdır. Türk dövlətləri ilə bağlı informasiyaları Şuşa ilə əlaqələndirib müxtəlif dillərdə mədəni tədbirlər keçirmək olar. İdeyalar çoxdur, yetər ki, buna uyğun olan resurslar müəyyən olunsun”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR