Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə beynəlxalq mediada Çeçenistan lideri Ramzan Kadırovun övladılarını və qohumlarının əksəriyyətini hökumətdə yüksək vəzifələrə təyin etməsi barədə xəbər vardı.
Xəbər verilirdi ki, Kadırovun 24 yaşlı qızı Kadizat hökumətdə vitse-prezident postuna, onun 25 yaşlı böyük bacısı Ayşat isə baş nazirin müavini (əvvəllər mədəniyyət naziri imiş) vəzifəsinə təyin edilib.
Kadırovun yenicə yeniyetməlikdən gəncliyə adlayan 18 yaşlı oğlu Əhməd idman və gənclər nazirinin müavini qoyulub. Bundan başqa, Çeçenistan rəhbərinin kürəkəni kənd təsərrüfatı naziri, qaynı nəqliyyat naziri, qardaşı oğlu Həmzət isə təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindədir. Yəqin ki, Kadırovun kiçik oğlu Adam həddi-büluğa çatan kimi atası ona da bir yüksək dövlət vəzifəsi verəcək. Bir şey qalmayıb.
Bu, nə deməkdir? Bu, o deməkdir ki, Çeçenistan 89 bərabərhüquqlu subyektdən - respublikalardan, ərazilərdən, bölgələrdən, federal şəhərlərdən, muxtar dairələrdən və muxtar vilayətlərdən ibarət olan Rusiya Federasiyasında “dövlət içində dövlətdir”.
Başqa heç bir federal subyektin rəhbəri bu qədər geniş, hətta hüdudsuz səlahiyyətə malik deyil. Heç kim Kadırovun özünə rəva gördüyü şeyləri edə bilməz, edərsə, həm aşağıdan, həm də yuxarılardan təpkilərlə, müqavimətlə üzləşər.
Yalnız Kadırovun ixtiyarı var ki, kiçik Qafqaz diyarını özü bildiyi kimi idarə etsin, dünyəvi dövlət quruluşuna malik olan Rusiyanın içindəki muxtar subyektdə şəriət qaydaları qoysun.
Təkcə Kadırovda belə səlahiyyətlər var ki, Çeçenistandan kənarda olan bir qadını gecəylə evindən oğurlatdırıb, Qroznıya gətirsin və demək olar ki, heç nə üstündə mühakimə etdirib türməyə göndərsin.
Əli-qolu bağlı jurnalisti təcridxanada yeniyetmə oğluna döydürüb, daha sonra bununla fəxr etdiyini federasiya ictimaiyyətinə, eləcə də dünyaya nümayiş etdirməyi, bu zaman heç bir cəza almamağı yeganə olaraq Kadırov bacarardı.
Onun mühafizəçilərinin RF prezidentininkindən artıq saya məxsus olduğunu ölkədə hamı bilir.
İllərdir ki, Kadırov özünü orta əsrlər padşahları, sultanları kimi aparır, öz sarayı, əndərunu, hərəmxanası da var. Rusiyada belə bir presedenti iqtidar komandasına mənsub şəxslər də qəbul edə bilmirlər, amma əllərindən bir iş gəlmir. O, kürəyini Putinə yaslayıb.
Bəs bütün dünyaya meydan oxuyan Putin nə əcəb lap erkən yaşlarından Çeçenistanın başında duran bu adamın satraplığına dözür?
Əslində burada dözmək-filan amili yoxdur. Putin Kadırovu çeçen xalqına cəza olaraq bəsləyir. O, Kadırovun geriyə yolu, başqa variantı olmadığını əla bilir, Ramzanın sona qədər ona sadiq qalacağından əmindir.
Kreml başbilənləri federal qüvvələrə şiddətli müqavimət göstərən çeçen döyüşçülərini məhz əvvəldə ata Kadırovun, daha sonra oğul Kadırovun əli ilə ram etdi. Kəşfiyyatçı Putin zamanında məhz bu ata-oğuldan “balta sapı” kimi yararlandı, onları dəmirlə silahlandırıb “meşə”yə - öz xalqlarını içinə, onları qırmağa göndərdi.
Cövhər Dudayev, Aslan Məshədov, Zəlimxan Yandarbiyev kimi siyasi liderlər, Şamil Basayev, Mövladi Uduqov, Ruslan Labazanov, İlyas Əhmədov kimi səhra komandirləri, eləcə də Türkiyəyə və BƏƏ-yə sığınmış onlarca müqavimət fəalları öldürüldükdən sonra meydan kadırovlara qaldı.
İndi ilk baxışdan çeçen müqavimətindən əsər-əlamət qalmayıb. Ramzan Kadırov Çeçenistanda tam hökmrandır, əlinin üstündə əl yoxdur. O, bir zamanların qürurlu, dikbaş çeçenlərini müti vəziyyətə salıb. Bu, yəqin ki, görüntüdür. Vəziyyətin bir qədər dəyişəcəyi təqdirdə çeçenlər yenidən üsyan bayrağı qaldıra bilərlər. Nə qədər olmasa da, onlar başlarına gətirilən müsibəti unutmuş, onun qisasını almaqdan vaz keçmiş deyillər.
İndilikdə isə dağlar da, fərman da Ramzan padşahındır. Onun idarəetmə üsulu, açıqlamaları bütün Avropaya əyandır və Rusiyaya yönəlik xroniki tənqid predmetlərindən biridir. Ancaq bu cür tənqidlər birə yüz artsa da, Putin Kadırovdan vaz keçəsi deyil. Hətta Kreml sahibinin Ramzanın başına bir iş gələcəyi təqdirdə Kadırovlar sülaləsinin 3-cü fiqurunu muxtar respublikanın başına keçirmək kimi bir niyyəti də var. Açıq-aşkar hiss edilir ki, 18 yaşlı nazir müavini Əhməd bu post üçün yetişdirilir, ona gələcək varis kimi baxılır.
Ramzan özü Çeçenistana 28 yaşından etibarən rəhbərlik edir. Mayda ölümünün 20-ci ili tamam olacaq atasının qətlindən bir gün sonra o, əvvəlcə muxtar respublikanın baş nazirinin 1-ci müavini təyin edilib, daha sonra, 2005-ci ilin noyabrında baş nazir postunu tutub, 2007-ci ildən isə Çeçenistan prezidenti vəzifəsindədir.
Bu günlərdə Rusiya qvardiyasının hərbçiləri, rəsmi məlumata görə, Qroznıda “saxla” əmrinə məhəl qoymayan poqon yoldaşlarını – DİN-in polkovnik-leytenantını güllələyərək öldürüblər. Bu, özü də Qafqazdakı kiçik səltənətin hansı tipdən olduğunu göstərir.
Ayaz Altyalı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ