Onlayn ictimai-siyasi qəzet
Ölkədə dana və quzu ətinin qiymətinin kəskin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, son 3 gündə ət və ət məhsullarının qiymətində nəzərəçarpacaq dəyişiklik müşahidə edilir. Qeyd edilir ki, Bakıətrafı qəsəbələrdə dana ətinin bir kiloqramı 12 manata təklif olunur. Quzu ətinin qiyməti isə 21-22 manatdan 17-18 manata düşüb. Rayonlarda dana ətinin bir kiloqramı 11, quzu əti 15 manatdır.
Müsavat TV-nin əməkdaşı ətin qiymətinin ucuzlaşması ilə bağlı deyilənlərin nə dərəcədə reallığı əks etdirdiyini öyrənmək üçün paytaxtın bir neçə ət bazarında olub və satıcılarla söhbətləşib. Onların bəziləri qiymətlərin olduğu kimi qaldığını, ucuzlaşma üçün hansısa səbəbin olmadığını deyiblər. Bildiriblər ki, yemin baha olması ətin qiymətinin ucuzlaşmasına imkan vermir.
“Hələ ki, ziyan edirik. Əsas zərəri isə quzu ətinin satışında görürük, aldığımız qiymətə sata bilmirik. Üstəlik, alıcılıq da aşağı səviyyədədir. Dana ətini 15 manat 50 qəpiyə, quzu ətini isə 21 manata satırıq. Rayonda dana əti 15 manata satılır, biz də üstünə 50 qəpik qoyuruq”, -satıcılardan biri bildirib.
Digər satıcı isə qoyun ətinin 12-13 manata satıldığını deyib:
“Rayonlardan birbaşa özümüz alıb gətirik deyə qiymət qaldırmağa ehtiyac olmur. Quzu ətini isə 18-21 manata satırıq, çəkisindən asılı olaraq dəyişir. Dişi malın əti 11 manatdır. Ucuzlaşma yoxdur, əvvəldən necə idisə, elə də qalıb. Kəskin ucuzlaşma o zaman olar ki, yemlərin qiyməti aşağı düşsün. Hələlik belə hal yoxdur. Alıcılar daha çox mal ətini alır. Çünki digərlərinə nisbətən mal əti daha ucuzdur. Dişi mal ətini 10 manat 50 qəpiyə veririk”.
Bir qisim satıcı qiymətlərdə müəyyən düşmələrin olduğunu bildirib. Onların sözlərinə görə, cüzi də olsa, ucuzlaşma var:
“Əvvəl erkək heyvanın ətini 17-18 mana satırdıqsa, indi 14 manata veririk. Bu gedişlə 12 manata qədər düşə bilər. Qarabağda heyvandarlıq inkişaf edərsə, 10 manata da satıla bilər. Quzu ətini 22-25 manata satırdıqsa, indi 19 manata düşüb”.
Alıcılar satıcılarla bu məsələdə həmfikir deyillər. Onlar qiymətlərin ucuzlaşması ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini bildiriblər:
“Kim deyir ki, qiymət ucuzlaşıb. İki-üç gün bundan öncə ət almışam. 16 manatdan aşağı dana əti tapmaq olur ki? Yalan deyirlər. Çox baha verirlər. Dedilər 12-13 manata düşüb, gördüm ondan bahadır. 10 manata satılan ət nə olcaq, iyrənirəm”.
Digər alıcı isə sümüklü dana ətini 15, sümüksüz əti isə 18 manata aldığını bildirib:
“Əksinə, qiymətlər qalxıb. 20 manatdan ucuz quzu əti tapsan, yerini mənə de. Mən ucuzlaşmanı hiss etməmişəm”.
Şahanə Rəhimli
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ