Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur.
Zərərçəkənlərin heç biri prosesə qatılmayıb. Prosesdə şahid qismində xarici şirkətin Azərbaycandakı nümayəndəsi Rövşən Dadaşovun iştirakının təmin edilməsi qərara alınıb.
Şahid hazırda həbsdə olduğundan saxlanıldığı istintaq təcridxanasına çağırış göndəriləcəyi bildirilib.
Nizami Alışanın vəkili Samir İsayev vəsatət verərək "İnvest.az"ın Müşahidə Şurasının üzvü Ceyhun Abdullayevin şahid qismində məhkəməyə çağırılmasını xahiş edib. Vəsatət baxılmamış saxlanılıb.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər. Digər zərərçəkmişlərdən biri isə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-cü ilin aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun mərhum atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. Uzun illər Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi olub. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğənninin qızı Günellə evlənib.
Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ