Onlayn ictimai-siyasi qəzet
II dünya müharibəsi illərində nasistlərin SSRİ-nin işğal olunmuş ərazilərində qurduqları həbs düşərgələri yüzlərlə olub. Onlar hər yerdə - anbarlarda, fermalarda, fabriklərdə, hərbi hissələrdə, açıq sahələrdə və ya bataqlıqlarda qurulub.
Nasistlər məhbusların saxlanma şəraitindən xüsusi narahat olmayıblar. Məhz buna görə bu günə qədər çox az məlum olan və ya ümumiyyətlə bilinməyən konsentrasiya düşərgələri mövcuddur. Bəzi məlum həbs düşərgələrindən əsər-əlamət qalmayıb, eləcə də şahidlər. Bu düşərgələrdən biri haqqında 1943-cü il fevral ayının 11-də “Qırmızı ulduz” qəzetində məqalə dərc olunub.
Məqalədə yazılır ki, 1942-ci ilin sentyabrında Kabardin-Balkarın Proxladnı şəhərində faşistlər 181 nömrəli hərbi əsir düşərgəsi təşkil ediblər. Düşərgə keçmiş kərpic zavodunun iki talvarında tikilib, ətrafı tikanlı məftillərlə əhatə olunub, elektrikləşdirilib, ətrafında dərin arx qazılıb. Proxladnı vətəndaşlarına nəinki düşərgə ərazisinə yaxınlaşmaq, hətta onun yanından keçmək də qadağan edilib. Məhkumlar səhər tezdən iş üçün düşərgədən çıxarılıb, hava qaralandan sonra, küçələrdə heç kim olmadıqda geri qaytarılıb.
Dekabrda düşərgə Mineralnıye Vodı şəhərinə köçürülüb. Heç kim düşərgənin köçürüldüyünü təxmin etməsin deyə, məhbusları gecənin qaranlığında şəhərin içi ilə aparıblar. Məhkumlardan biri qeyd qoyduğu şüşə flakonu küçəyə atmasa, heç kim bu addımdan xəbər tutmayacaqmış. Səhər yerli əhali təsadüfən onu tapıblar. Qeyddə belə yazılıb:
“Mən adımı deyə bilmərəm. Mən məhbusam və 181 saylı düşərgədəyəm. Əvvəlcə 540 nəfər idik, indi cəmi 410 nəfər qalıb. Sentyabrın 26-na keçən gecə kommunistlər İvan Terentyev, Stepan Şirokov, Vladimir Kaznadze, Aron Minşteyn və daha 18 nəfər kərpic zavodunun arxasındakı xəndəyə göndərildi. Biz onları bir daha görmədik. Sonra Ernvanidən xəstə Liloyan və Stepanyan, Kamışindən Kozlov və Alma-Atadan Kojaxmetov itkin düşdülər. Noyabrın 8-də daha 42 əsgər yox oldu. Onların hamısı azərbaycanlı idi və almanların onlara nə dediyini başa düşmürdülər. İndi bizi naməlum istiqamətə aparırlar”.
Mineralnıye Vodıya cəmi 360 nəfər çatıb. Düşərgə yerli şəhər mənzil-kommunal təsərrüfatının tövlələrində yerləşib. Düşərgə vaxtaşırı yenidən məhbuslarla dolmağa başlayıb. Səhər tezdən ac və işgəncəyə məruz qalan məhbuslar işə aparılıb, orada arxlar qazılıb, vaqonlara, maşınlara sursat yüklənilib. İşdə hər hansı bir gecikmə dərhal cəza ilə müşayiət olunub. Eyni zamanda, gün ərzində məhbuslara, demək olar ki, yemək verilməyib.
Mineralnıye Vodıda düşərgə 25 gün fəaliyyət göstərib, bundan sonra yeni yerə köçürülüb. Yalnız uzun məsafələri müstəqil qət edə bilməyən xəstələr yerində qalıblar. Bu xəstə insanlardan biri, əsgər İvan İvanoviç Xarçenko sağ qala bilib və sonra bu düşərgə ilə bağlı ifadə verib. Onun sözlərinə görə, məhbuslar praktiki olaraq qidalandırılmayıb, xəstələr müalicə olunmayıb və daim yalnız işə aparılıb.
İş yerində məhbusların bir-biri ilə danışmaq hüququ da olmayıb. Tez-tez olub ki, mühafizəçidən biri sadəcə olaraq hər hansı məhbusu səbəbsiz yerə öldürüb. Nəticədə Mineralnıye Vodıya gələn 360 nəfərdən 127-si öldürülüb.
Bu konsentrasiya düşərgəsinin məhbuslarının sonrakı taleyi heç də ürəkaçan olmayıb. Onlar Mineralnıye Vodıdan Nevinnomyssk - Armavir - Kropotkin vasitəsilə Ust-Labinskaya kəndinə aparılıblar. Düşərgəni tərk edən 127 nəfərdən yalnız 17-si son ünvana çatıb. Bu münasibətlə düşərgə komendantı yerli qarnizonun rəisinə məktub yazmaq qərarına gəlib:
“Yazıb bildirirəm ki, yanvarın 15-də mənə həvalə edilmiş 181 nömrəli sovet hərbi əsirlərinin bir komendant, səkkiz qarovul və 17 əsirdən ibarət düşərgəsi Ust-Labinskaya kəndinə gəlib. 176 məhbus yolda soyuqdan və xəstəlikdən ölüb. Mənimlə gələn 17 məhbus işə yararsızdır. göstərişlərinizi gözləyirəm”.
Məlumdur ki, qarnizon komandiri komendanta kifayət qədər kobud və qısa formada cavab verib: “Bu 17 əsiri niyə gətirmisən? Onları protokolla xəstə kimi yazmaq daha yaxşı olardı...”
Sonralar sovet ordusunun bölmələri Ust-Labinskaya kəndinə daxil olanda stansiyada yanmış vaqon tapıblar, orada üzərində 181 rəqəmi olan yamaq tapılıb. Əvvəlcə 540 nəfər sakini olan bu düşərgədən qalan yalnız bu yamaq olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ