Onlayn ictimai-siyasi qəzet
Günlərdir Sabunçu Tibb Mərkəzində komada olan 2008-ci il təvəllüdlü Sübhan Əliheydər oğlu Heydərov dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Sübhan Heydərov mayın ortalarında bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə gətirilib. Məlum olub ki, yeniyetmə idarə etdiyi motoskletlə qəzaya düşüb və ağır bədən xəsarətləri alıb. Xəstəxanaya gətirilərkən komaya düşən yeniyetmə mayın 27-də ayılıb. Hələ ki, bəlli olmayan səbəbdən özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindən atıb. Ağır xəsarətlər aldığından yenidən komaya düşən gənc, həkimlərin səylərinə baxmayaraq, iyunun 7-də həyatını itirib.
Sübhan Heydərov Xəzər rayonu, Türkan qəsəbəsinin sakinidir. Qəsəbədə onu tanıyanlar zəhmətkeş gənc olduğunu, müxtəlif işlərdə çalışdığını bildiriblər.
Sübhanı içki və narkotikdən uzaq biri kimi xarakterizə ediblər. Onu tanıyanlar intihar səbəbi haqda hər hansı bir ehtimal irəli sürməyə çətinlik çəkirlər.
Fakt odur ki, 17 yaşlı gənc iki dəfə həyatına son qoymağa cəhd edib. Onu bu addıma vadar edən hansı səbəblər olub? İkiqat intiharın motivi nə ola bilər? Bu hadisənin motivləri haqda rəsmi məlumat verilməyib. Amma bəzi versiyalar diqqət çəkir. Mümkündür ki, Sübhan Heydərov ilkin qəza zamanı aldığı xəsarətlər, komadan oyanmaq şoku və ya əlil qalmaq qorxusu onun psixoloji durumuna ağır təsir edə bilərdi. Komadan ayılan gənclərdə depressiya və hətta posttravmatik stress sindromu müşahidə olunur. Ola bilsin ki, oyanarkən öz vəziyyətinin ağır olduğunu anlayıb və yaşamaq istəməyib. Posttravmatik stress sindromu yaşayan belə xəstələr daimi nəzarətdə saxlanılmalıdır. Sabunçu Tibb Mərkəzində isə görünür ki, bu qayda pozulub. Bəs gənc komadan ayılanda onun yanında bir tibb işçisi niyə olmayıb? Bu sualın cavabı da açıqdır.
İstisna deyil ki, gəncin qəza keçirməsi də əvvəlcədən intihar cəhdi olub. Bu barədə hazırda heç bir rəsmi məlumat yoxdur. Əgər bu ehtimal doğrudursa, demək, Sübhan Heydərov əvvəldən ağır psixoloji durumda olub.
Amma müasir gənclər üçün "görünməyən təhlükə" bəzən sosial şəbəkələrdən, internetdən, "challenge" oyunlardan da gələ bilər. İntihara təhrik hallarının artdığı bir dövrdə Sübhanın belə təsirlərə məruz qalıb-qalmaması da aydın deyil.
Bu suallar açıq qalır və aidiyyəti qurumların istintaq nəticələrindən sonra cavab tapacaq. Sübhan Heydərovun ikiqat intiharı haqda ehtimallar var, istintaqın gəldiyi qənaət isə hələ ki, ortada yoxdur.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ