Onlayn ictimai-siyasi qəzet
Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidininn yerləşdiyi ilk qibləmiz, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi məkan, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi yerdir...İlahi bir tarix, hər daşı-divarı müqəddəsləşmiş bir şəhər...
Bu tarixi-dini-mədəni ortaqlıq isə bitməyən qan-qadaya səbəb olur. Qüdsün statusu hələ ötən əsrin 40-ci illərindən müzakirə mövzusudur. Təkcə müzakirə yox, həm də müharibə... Həm İsrail, həm də Fələstin Qüdsü öz paytaxtı sayır, heç bir tərəf bundan vaz keçmir. Bu qan-qadanın bitməməsinin qısa səbəbi bu...
***
15 aylıq müharibədən sonra İsrail və HƏMAS atəşkəsə razılaşdılar. Qətərin vasitəçilik etdiyi razılaşmaya görə, tərəflər arasında atəşkəs yanvarın 19-da qüvvəyə minəcək. 2 minə yaxın fələstinli məhbusların azadlığı müqabilində HƏMAS da 2023-cü ilin oktyabrından girov saxladıqları israilliləri mərhələli şəkildə azad edəcək. Nəhayət. ən mühümü- İsrail qoşunları Qəzza zolağını tərk edəcək. Atəşkəs rejiminin gedişinə vasitəçilərin - Qətər, Misir və ABŞ-ın nümayəndələrindən ibarət xüsusi qurum nəzarət edəcək.
Müharibənin davam etdiyi 15 ayda bu haqda yazılarımda əslində bizə dost olan İsrail dövlətinə çox “yüklənmişəm”. Dörd tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsrailin özünü və vətəndaşlarını əlbəttə ki, qorumaq haqqı vardı. 7 oktyabrda HƏMAS-ın hücumu zamanı dinc əhalinin başlarına gətirilmiş o müsibəti unutmaq, üzərindən keçmək mümkün deyildi. İsrail dövlətinin imicinə dəymiş ağır zərbəni qanla təmizləmək məcburiyyətində qaldı, intiqam hissi onu Qəzzanın dərinliklərinə apardı, İranla, Livanla, Yəmənlə açıq müharibə vəziyyətinə gətirdi, bir-birlərinin ərazilərinə raket hücumu düzələndilər.
İsrailin ərəblərdən fərqli olaraq dünyada bilinən və bilinməyən çox ciddi dəstəkçiləri, lobbiləri var. NATO üzvü deyil, amma
torpaqlarında ABŞ-ın bazası da var, bunlar nədir, qeyri-rəsmi atom bombası da var! ABŞ hər il İsrailə təmənnasız milyardlarla yardım da edir.
İsrail hökuməti ilk gündən birmənalı bəyan edirdi ki, Qəzzada və bölgədə HƏMAS-ın hərbi gücünə(40 min silahlısı olduğu deyilirdi) son qoymayınca, dinc dayanmayacaq, sülh olmayacaq. Cəmi 41 km uzunluğunda və 10 km enində, amma iki milyondan çox əhalisi olan Qəzza bu 15 ayda əsl faciə yaşadı, minlərlə insan həlak oldu (onların sırasında uşaqlar da var) milyonlar qaçqın düşdü.
İndi bu savaşda kim uddu, kim uduzdu sualı aktualdır. Məsələn, İran bəyan edib ki, qalib HƏMAS-dır. Eyni mövqeyi Türkiyə prezidenti də bölüşür. Qəzzada 2006-cı ildəki seçkilərdə qalib gələn HƏMAS-ın silahlı və siyasi qanadı 15 ay davam edən savaşda ciddi şəkildə zəiflədildi, lideri İsmayıl Haniyə öldürüldü.
İsrail uduzdu deyənlər o arqumenti irəli sürülər ki, bütün cəhdlərə, Netanyahunun vədlərinə, hətta israrına baxmayaraq, HƏMAS siyasi qüvvə olaraq qalır və Tel-Əviv sonda yenə onunla masaya oturdu. HƏMAS-ın hərbi infrastrukturu məhv edilib, lider böhranı aşıla bilmir. Amma İsrail bu razılaşma ilə qəbul etdi ki, HƏMAS Qəzza zolağında fəaliyyət göstərə və ona nəzarət edə bilər. İstisna da deyil ki, bir müddət sonra HƏMAS regionda əvvəlki gücünü və nüfuzunu hətta bərpa da edə bilər. İsrail açıq elan etdiyi bu nəticəyə nail ola bilmədi.
Başqa bir mühüm faktor regionda İsrailin daha bir düşməni olan “Hizbullah”la bağlıdır. Doğrudur, İsrail “Hizbullah”ı da tamamilə məhv etməklə bağlı bəyanat verməmişdi. İki(Yəməni də bura əlavə etsək, üç...) cəbhədə(Livan və Qəzza) müharibə aparmaq hətta İsrail kimi hərbi cəhətdən hazırlıqlı dövlət üçün çətin idi. İsrail bu şiə təşkilatının da əfsaniləşən liderini öldürdü, məşhur “peycer əməliyyatı” ilə əsas üzvlərinə sui-qəsd olundu, ölməyənlər də şikəst edildi. Dünya ilk dəfə olaraq bu cür kütləvi hücumla qarşılaşdığı üçün partlayışların necə törədildiyinin sirrini çözmək mümkün olmadı. Amma HƏMAS kimi “Hizbullah” faktoru da ortadan qalxmadı. Onlar da toparlanmağa çalışacaqlar.
İsrailin uğuru haqda isə onu demək olar ki, bu savaşda həm HƏMAS-ı, həm “Hizbullah”ı zəiflətməklə İrana regional nüfuzuna ciddi zərbə vurdu. Xüsusilə HƏMAS liderinin İranda öldürülməsi Tehrana inamsızlığı gücləndirdi. İranla İsrail arasında qarşılıqlı raket zərbələri mövzusuna gəlincə, burada bir oyun vardı, yəni nə İsrail İranla savaşmağa, nə İran İsrailə öldürücü zərbə vurmağa hazır deyildi. İranın Bəşər Əsədin devrilməsi ilə Suriyadakı mövqelərini də itrirməsini bu mənzərəyə əlavə etsək, İranın bu müharibədə ciddi “qan itirdiyi” şübhəsizdir.
İranın regionda təsirinin azaldığı bu müharibədə Türkiyə yenə adından yaxşı mənada söz etdirə bildi. Prezident Ərdoğanın Fələstin və Qəzza məsələsindəki həssaslığı bəllidir və bu 15 ayda davam da etdi. İranın zəifləməsi Ankaranın regiona təsiri rıçaqlarını artırdı, sonuncu atəşkəs razılaşmasında da Ərdoğanın oynadığı rol ABŞ tərəfindən müsbət qiymətləndirildi. Tək Türkiyə deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də Fələstin torpaqlarında fəallaşmasının nəticələri nə olacaq demək çətindir, amma bu ölkələrin Fələstin dövlətinin yaradılmasına nail olmaq üçün İsrailə təzyiqləri artıracağı da gözlənilir.
Sentyabr ayında BMT İsrailin 12 ay ərzində Fələstin torpaqlarından çıxmasına qərar verdi. Fələstin-İsrail münaqişəsində bu bəlkə də 100-cü müharibə, 100-cü atəşkəsdir. 1967-ci il noyabr ayında Təhlükəsizlik Şurası İsrailin işğal etdiyi ərazilərdən geri çəkilməyi və Fələstin dövlətinin yaranması qərarı da icra edilməyib. Bu sənəd də BMT-nin arxivində Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilməsi haqda qətnamələr kimi bir küncə atılacağına şübhə yoxdur və əslində, heç bir hüquqi qüvvəsi yoxdur. Çünki dünya beynəlxalq hüquqlar, konvensiyalar üzərindən idarəetmədən sürətlə uzaqlaşmaqdadı. Zəmnnimcə, bu müharibə İsrailin imicinə də ciddi zərbə oldu. Aşırı qəddarlıq, xüsusilə uşaqların öldürülməsi İsrailə qarşı etirazları artırdı, hətta Avropa və ABŞ-da antisemit çıxışlar da oldu. Təsadüfi deyilı ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri haqda həbs qərarı verdi. 15 ay İsrail cəmiyyətinin də bu savaşı necə ağrılı qarşıladığını göstərdi. İddialara görə, İsrail cəmiyyəti mövcud vəziyyətə görə parçalanmış vəziyyətdədir.
İsrail sirlərlə dolu ölkədir, onu uduzmağa qoymazlar, çözməyə çalışmaq isə əbəs işdir...
Nazim SABİROĞLU,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ