İnsanlara hürriyət, millətlərə istiqlal!

130 il əvvəlki harınlığın davamı - o zaman da primadonnalara sərvət verirdilər, indi də verirlər

127 il əvvəl erməni yazıçı Aleksandr Şirvanzadənin yazdığı və Bakıının 19-cu əsrin son illərindəki həyatından bəhs edən “Xaos” adlı roman var, çox ibrətamiz əsərdir.

Yeri gəlmişkən, Şamaxıda doğulmuş Şirvanzadə Azərbaycanın ilk “xalq yazıçısı” olub, daha sonra Ermənistan da ona analoji fəxri ad verib. Ancaq bu, başqa bir söhbətin mövzusudur.

1898-ci ildə qələmə alınmış “Xaos”da o zamanın varlı gənclərinin harınlığı, qudurğanlığı təsvir olunub.
Əsər əsasən Bakını erməni şəhərinə çevirmiş, onun yeraltı sərvəti ilə milyonçu olmuş erməni burjuylarından bəhs edir. Onlardan biri kef məclisində o dövrün primadonnasına brilyant qaşlı qızıl üzük bağışlayır.

Amma romanda bir azərbaycanlı neft milyonçusu da var - adı Kazımbəy Adilbəyovdur. Bir gün o, evində təşkil etdiyi eyş-işrət, qumar, əyləncə məclisində necə qızışırsa, zala mərmər vanna və çoxlu şampan şərabı gətirməyi əmr edir, “özümü pis hiss edirəm” deyə aradan çıxmış qadın müğənninin vokalistini soyundurub vannada şampan şərabıyla çimizdirmək istəyir. Mane olurlar, alınmır.

II Nikolayın devrilməsindən 19 il əvvəl yazılmış “Xaos”da sosial bərabərsizlikdən də söz açıılır. Gecədən səhərə qədər qumar oynamış, o dövrün puluyla 7-8 min udub-uduzmuş (400-500 fəhlənin bir aylıq maaaşı), yeyib-içib qızmış ermənilər səhər açılanda bulvara çıxırlar, kef-damaqlarını davam etdirirlər.

Şirvanzadə “Xaos”da həmin epizodu belə təsvir edir:
“Qrişa, Movses və Mikael hambalların belinə minmişdilər. Papaqlarını yelləyərək vəhşicəsinə ulayır, heyvana çevrirdikləri insanların qarnını və yanlarını amansızcasına təpikləyirdilər. Niyə də əylənməsinlər, çünki onlar hambalların hərəsinə bir rubl vermişdilər – bu, gündəlik muzda işləyən fəhlənin iki günlük maaşıydı. Qoy ağalar əylənsinlər, cənablara hər şeyi etməyə icazə verilir...”.

Təsəvvür etdinizmi? Varlı erməni dığalar Bakıda aborigen hambalları minib çapırmışlar...

O zamandan 130 ilə yaxın vaxt keçib. Bakı həmin Bakıdır, yerindədir, sadəcə, qara tüstülü, hisli-paslı, mazut gölməçələri ilə dolub-daşan, neft buruqlarından və neftçi baraklarından ibarət olan Qaraşəhərin yerində şüşə-beton konstruksiyalı, bahalı, elit yaşayış kompleksləri tikilib və indi həmin yer Ağşəhər adlandırılır. Neft-qaz-quyuları da 130 il əvvəlki kimi işləyir, ölkəyə daha böyük sərvət gətirir.

İndi Bakıda 1 rubl muzdun qarşılığında hambalların belinə minən, onları mahmızlayan qudurğan erməni gədələr də yoxdur. İndiki bomond millidir. 130 il əvvəl Bakının ən varlıları ruslar, ermənilər, yəhudilər, gürcülər, polyaklar idisə, indi öz burjuylarımız əyləncə və kefə ətək-ətək pul xərcləyirlər.

Artıq Moskvadan, Peterburqadan primadonnalar, vokalistlər, aktrisalar dəvət etməyə də ehtiyac yoxdur. Gecə saat 2-də belə kef məclisinə dəvət edilən, “özümü pis hiss edirəm” deyib aradan çıxmayan, xidmətləri qarşısında böyük sərvət qazanan müğənnilər N qədərdir.

Bu günlərdə onlardan bir neçəsi telekanallarda aylıq qazanclarını açıqlayaraq, ölkə xalqını heyrətləndiriblər. Biri ayda 30 min, o biri 70 min manat qazandığını deyib. Başqa biri şəhərdə 5 evi olduğunu, hazırda villa tikdirdiyini və 95 min manatlıq avtomobil aldığını bildirib.

70 min manat bir ali məktəb professorunun 4-5 illik maaşı deməkdir. Səhərdən axşama qədər marketlərdə, mollarda və sair bu kimi işlərdə çalışan və ayda 500-1000 manat arası maaş alan adamlar 70 mini heç 7 il boyunca qazana bilmirlər.

Sabah vergi xidməti bu cür fantastik qazanc əldə edənlərin qapısına getsə, xanımlar deyəcəklər ki, bədxahlarına acıq vermək üçün bəlli məzmunda öyünüblər. Ancaq hiss olunur ki, yalan demirlər. Çünki hələ 130 il əvvəldən sənətçi xanımların qarşısında ətək-ətək “palazqulaq” əskinaslar tökən varlılar vardısa, indi onlardan 100 qat imkanlı olanlar nədən xəsislik etsinlər.

Təxminən iki ay əvvəl sosial şəbəkələrdə yayılmış videoda üzü görünməyən bir kişinin 10 saniyənin içində müğənni xanımın ovcuna 13 dənə yüzlük əskinas basdığı görünürdü.

Belə səxavətlər də, o hesaba əldə edilən 70 minlər, villalar, lüks avtomobillər də, hamısı “zəhmətsiz gəlirlər” kateqoriyasına girir. Bunlarla hüquq-mühafizə, eləcə də vergi orqanları məşğul olmalıdır.

Ancaq bu, asan yolla əldə olunmuş varidatın ölkə xalqına nümayiş etdirilməsi, qürrə predmetinə çevrilməsi cəmiyyətdəki sosial narazılığı artırır, partlayış təhlükəsi yaradır.

Bəyənmədiyimiz sovet hakimiyyətini uzun illər ayaqda saxlayan məhz insanların aşağı-yuxarı (kiçik istisnalarla) bərabər səviyyədə yaşamasaydı. Alimlər, yazıçılar, sənətçilər, yüksək vəzifə tutanlar o zaman da pis yaşamırdılar, amma televiziya ekranından xalqa öz varidatlarını nümayiş etdirmir, həyat tərzləri haqqında lüzumsuz açıqlamalar vermir, kütlələrə pis nümunə olmurdular.

Harınlığın, qudurğanlığın bariz nümayişi mütləq sonda pis nəticələr verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR