İnsanlara hürriyət, millətlərə istiqlal!

13 yaşlı azərbaycanlı reper kimdir? - Hər kəs ondan danışır (FOTO)

13 yaşlı Rəsul Xəlilov son günlərdə sosial şəbəkələrdə geniş müzakirə olunan yeniyetmələrdən birinə çevrilib. Hazırda ailəsi ilə birgə Gürcüstanda yaşayan Rəsulun “Instagram” platformasında “resulrap” istifadəçi adı ilə paylaşdığı rep videosu qısa müddətdə minlərlə baxış toplayaraq gündəmə düşüb.

Yaşının az olmasına baxmayaraq, peşəkar reperlərin diqqətini cəlb edəcək qədər istedadlı olması Rəsulu tez bir zamanda məşhurlaşdırıb.

Musavat.com xəbər verir ki, hazırda məktəbli olan Rəsul eyni zamanda güləş idman növü ilə də məşğuldur.

Boş vaxtlarında rep musiqisi dinləyir, tanınmış reperləri izləyir və bu sahəyə böyük maraq göstərir.

Öz sözlərini yazaraq ifa edən Rəsul bildirib ki, repə olan sevgisi uşaq yaşlarından başlayıb.

Gündəmə səbəb olan videosu “Part 3” adlanır və onun ardıcıl paylaşdığı rep videolarından biridir.

Rəsul deyir ki, bu videodan sonra həyatında hər şey dəyişib. Heç bir gözlənti olmadan çəkib paylaşdığı video sosial şəbəkələrdə sürətlə yayılıb, müxtəlif səhifələrdə paylaşılıb və tanınmış şəxslərin də diqqətini cəlb edib. Məşhur reperlər ona şərhlər yazıb, dəstək göstərib, bəzi səsyazma studiyaları isə onu əməkdaşlığa dəvət ediblər.

Ailəsinin verdiyi məlumata görə, videonun yayıldığı günün səhəri bir neçə televiziya kanalı – o cümlədən AZTV və Xəzər TV – Rəsulla maraqlanaraq əlaqə saxlayıb. Bundan başqa, müxtəlif tədbir və konsertlərdə iştirak etməsi üçün bir sıra təkliflər də alıb.

“Rəsul özünü dərk edəndən repə həvəsi var. Daim maraqlanır, reperləri izləyir, bu sahəni öyrənir. Yaşı az olsa da, ciddi həvəsi və istedadı var. Biz də ona dəstək oluruq. Rəsulu ruhlandıran və yanında olan hər kəsə təşəkkür edirik”, – deyə ailəsi bildirir.

Hazırda Rəsulun sosial şəbəkə hesabında izləyici sayı sürətlə artır və onun növbəti paylaşımı maraqla gözlənilir.

Məhəmməd Türkmən
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR