İnsanlara hürriyət, millətlərə istiqlal!

100 günə bərabər 15 gün - Tramp artıq tənqid hədəfidir

Yanvarın 20-də ABŞ prezidenti postunda işə başlayan Donald Tramp dünən Ağ Evdə 15-ci iş gününü keçirib. Birləşmiş Ştatlarda belə bir qayda var ki, prezidentlər 100 gün tənqid edilmir, həmin müddət onların fəaliyyəti kənardan müşahidə olunur, sonra hər hansı bir rəy açıqlanır.

Tramp isə bu 15 gündə o qədər mübahisəli qərarlar qəbul etdi, o qədər qalmaqallı açıqlamalar verdi ki, “100 gün” ənənəsini pozdu. İndi öz ölkəsində də, dünyada da Trampa yönəlmiş çoxsaylı tənqidlər var.

Bəs azərbaycanlı jurnalistlər, siyasi təhlilçilər Trampın 15 günlük fəaliyyətini necə qiymətləndirirlər?

Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO - Oxu.az

Qulu Məhərrəmli

Əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bildirib: “Birinci prezidentlik dövründən fərqli olaraq, ikinci prezidentlik dövrünə Tramp çox inamlı başladı. Trampın hakimiyyətə gəlişi təkcə Amerikadakı ayıq-siyasətçi qüvvələri deyil, ümumilikdə Avropada, Çində və Afrikada müəyyən dərəcədə narahatlıq yaradıb. Trampın fəaliyyəti daxildə hələlik bir qədər məmnunluq yaradır. Amma bu, gələcəkdə Amerikanın xarici siyasətində ciddi böhranla nəticələnə bilər.

Trampın xarici siyasətində əsas məsələ iqtisadi faktora istinad edilməsi özünü göstərsə də, gələcəkdə Amerikanın öz iqtisadiyyatına ciddi zərbə vura bilər.

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar

Kənan Rövşənoğlu

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu qeyd edib ki, Tramp qeyri-standart adamdır, gözlənilməz qərarlar qəbul edə bilir: “Tramp dünyanın ən böyük və güclü dövlətinin birinci şəxsidir, onun qərarları və açıqlamaları bütün dünyada oxunur və izlənir. Ona görə də fərqli reaksiyaların olması başadüşüləndir. Onun fəaliyyətinə müsbət və ya mənfi yanaşan da var, amma indi onun fəaliyyətinə qiymət vermək tezdir, zamanı gələndə həqiqi qiymətini alacaq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirib ki, Tramp hakimiyyətə gəldiyi 15 gündə dünyanı o qədər lərzəyə salıb ki, onun 100 gününü gözləməyə ehtiyac yoxdur: “Trampın başlatdığı ticarət müharibələri, "Kanada, Qrenadiya və Panama kanalı Amerikaya məxsus olmalıdır" kimi açıqlamaları və atdığı addımlar beynəlxalq aləmin əsas müzakirə mövzularıdır. İndi də Qəzzanı nəzarətə götürmək istəyir. Tramp siyasətə alver kimi baxır.

Donald Tramp prezidentliyinin ikinci müddətində ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub. “ABŞ bundan sonra axmaq ölkə olmayacaq” deyən Tramp başqa ölkələrə trilyonlarla dollar xərcləməyəcəyini bildirib. Onun sözlərinə görə, Kanada, Meksika və ABŞ-dan 36 trilyon dollar qazanıb".

Zeynal Əmrəliyev: "Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında  sərhədlər açıla bilər"

Zeynal Əmrəliyev 

Politoloq Zeynal Əmrəliyev isə qeyd edib ki, Donald Trampın fəaliyyətinin ciddi qalmaqallara səbəb olacağı hələ onun Respublikaçılar Partiyasının praymerizlərində iştirak etdiyi vaxtdan bəlli idi: “Çünki siyasətçi kimi o, vergi siyasəti də daxil olmaqla, kifayət qədər radikal fikirlər səsləndirirdi və bu mövqeləri ABŞ-ın dövlət siyasəti ilə müəyyən ziddiyyət təşkil edirdi.

Ümumiyyətlə, ABŞ-da belə bir qayda var ki, Ağ Evin rəhbərliyinə kim gəlirsə gəlsin, dövlət siyasəti dəyişmir və vahid bir xətt üzrə davam edir. Prezidentin kimliyindən asılı olmayaraq, bu siyasət ümumi strategiya çərçivəsində həyata keçirilir. Lakin Donald Trampın hakimiyyətə gəlməsi ilə bu qaydanın pozulduğunun şahidi olduq.

Tramp administrasiyasının həm daxili, həm də xarici siyasətdə atdığı addımlar tamamilə fərqli bir istiqamətə yönəldi. Qəbul edilən qərarlar geniş müzakirələrə səbəb oldu və Amerika cəmiyyəti hələ də bu qərarları sorğulayır. Bəzi hallarda bu qərarların ciddi problemlər yaratdığı və gələcəkdə ABŞ üçün daha böyük çətinliklərə yol aça biləcəyi fikri irəli sürülür.

Son 15 gün ərzində ABŞ-ın Panama, Meksika, Kanada, Avropa İttifaqı, xüsusilə də Danimarka ilə münasibətləri kəskin şəkildə gərginləşib. Çinlə isə demək olar ki, faktiki olaraq iqtisadi müharibə vəziyyətindədirlər. Hazırda Çin və ABŞ arasında iqtisadi sahədə mövqelərin mübarizəsi gedir və bu proses hər iki ölkənin təsir dairəsinə əhəmiyyətli dərəcədə təsir edir.

Buna görə də 15 gündən sonra artıq onun fəaliyyət istiqamətləri ciddi şəkildə müəyyən olunub. Çünki bu müddət ərzində kifayət qədər radikal qərarlar qəbul edib".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR