İnsanlara hürriyət, millətlərə istiqlal!

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

Keçən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü idi. Əlamətdar yubiley ili ölkəmizdə rəsmən “Heydər Əliyev İli” olaraq böyük coşqu ilə qeyd edildi. Budur, yeni təqvim ilinin beşinci ayının onuncu gününə yetişirik, Böyük Ömrün ikinci yüzilliyinin birinci ilini – şanlı 101-ci ildönümünü qeyd edirik.

Bu, həm ötən bir il içində görülmüş, həm də görülməkdə olan və görüləcək işlərə bir daha nəzər yetirmək üçün yaxşı məqamıdır. Başqa sözlə, 10 may ömrünü xalqımızın, dövlətimizin ölməzliyinə calamış şəxsiyyətin ruhu qarşısında mənəvi hesabat günü kimi də xarakterizə oluna bilər. Belə mənəvi hesabatlılıq bayramlarda – örnəyi, Novruzda, Ramazanda, Qurban bayramında necə qarşımıza çıxır? Ev-eşiyimizi, həyət-bacımızı, yol-izimizi səliqə-sahmana salaraq, abadlıq-quruculuq işləri görərək, eləcə də xeyirxahlığımızı nümayiş etdirərək, yardımlaşaraq, bağışlayaraq və sair.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.

O qeyd edib ki, 10 may bütün əməli fəaliyyət sahələri üzrə pozitivləri yükləyə biləcəyimiz xüsusi bir gündür. Yaradıcı insanlar öz əsərlərini, istehsalat, təhsil, mədəniyyət müəssisələri öz uğurlarını, digər qurumlar isə özünəməxsus şəkildə qayğısını, nailiyyətlərini, təcrübələrini, gələcəyə yönələn işlərini, planlarını 10 may da daxil olmaqla, may ayında bölüşmə haqqına sahibdir. Faşizm üzərində qələbə günü də, Müstəqillik Günümüz də bu aya düşür. Almaniya faşizmdən rəsmən imtina etsə də, XX yüzilliyin sonu XI yüzilliyin ilk onilliklərində o faşizmi daha qəddar forma və “yeni məzmun”da davam etdirənlər var idi – adı: Ermənistan faşizmi, erməni vandalizmi... Məhz erməni faşizmi nəticəsində mayın bayram ovqatını zədələyən iki qara günümüz var idi – Tanrıya şükürlər olsun, onları da dövlət-xalq birliyi, “Dəmir yumruq” ilə, ruhumuzla dəyişdik. Artıq 8 mayın Şuşanın, 18 mayın Laçının işğal günləri olması keçmişdə qaldı – işğal günü qüvvədən əbədi düşüb! Bu il Şuşaya ilk köç məhz mayın 8-də olacaq. İşğal günü qayıdışı gününə dönüb! Əgər mayın 18-də Laçına köç olacaqsa, bu, artıq növbəti köç olacaq. Azərbaycanın intibahı köç-köç, yol-yol, körpü-körpü, vağzal-vağzal, bina-bina... irəliləyir, çiçəkləyir, yaşıllanır, qol-budaq atır... Yəqin o da təsadüfi deyil ki, bu il respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili”dir. Yaşıllıq, ayağı torpaqda, başı Günəşdə olmaq... - bunlar təbiət üçün bir, cəmiyyət üçün başqa bir nemətdir, gözəllikdir. Cəmiyyət, vətəndaş o zaman ayağını torpağa bərk basır, başını dik tutur ki, ölkəsi, dövləti güclü olur.

QHT-sədri, həmçinin vurğulayıb: “Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş dövlətin vətəndaşları bu gün qürurludurlar. Bu qürur Heydər Əliyev irsinə, əcdadın ruhuna əsaslanmaqdan, haqq-ədalətə inamdan qaynaqlanır. 101 il əvvəl xalqımızın bəxtinə doğan Günəş vaxtilə belə deyirdi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Biz Günəşin torpağı necə isitdiyini, təbiətin necə cana gəldiyini, bəlağətli çıxmasını, çiynimizin dikəlib ala buludlara, başımızın Günəşə yetişdiyini məhz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edib görmüşük. Heydər Əliyev bu günləri görürdü, inanırdı və haqlı olaraq xalqı da inandırırdı: “Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvən yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır”.

Arzu Bağırova deyib ki, o böyük şəxsiyyətin başqa bir parlaq ümidi, sarsılmaz inamı da var idi. Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də - ovaxtkı prezident seçkiləri ərəfəsində xalqa müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. ...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu iki sitatdan sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dillər əzbəri sözlərini xatırlamaq tam yerinə düşür: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”.

Bayramlar ayı öz şövqü, zövqü-səfası ilə könlümüzü-gözümüzü oxşayır. Bu ay həm də Qazaxın 4 kəndində Azərbaycan Bayrağı qaldırılacaq. Ermənistan siyasi-hərbi hakimiyyəti “Dəmir yumruğ”un yaratdığı reallıqları qəbul etməkdən başqa yol olmadığını anlayır, havadarları Azərbaycanla hədə dili ilə danışmağın faydasızlığını görür və ölkəmizin uğur qatarı kəsafətləri doğraya-doğraya irəliləyir. O qatar, əlbəttə, Zəngəzurdan da keçəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR