Onlayn ictimai-siyasi qəzet
Prezident seçkisinin 15 ay önə çəkilərək 2024-cü ilin fevral ayının 7-nə təyin edilməsi ətrafında müzakirələr açılması təbiidir, əlbəttə, davam da edəcək. Qarabağda ərazi bütövlüyümüz tam təmin edildikdən sonra media mövzu qıtlığı da çəkirdi, yaxın iki ay da bu problem həll edildi.
Çoxları hələ ki, yalnız bir fikirdə yekdildir ki, hakimiyyət yenə də “sağı göstərib, sola vurdu”. Çünki rəsmi olmasa da, yaxınlarda referendum təyin ediləcəyi, növbədənkənar parlement seçkilərinin elan olunacağı haqda danışılırdı, heç kimin gözləmədiyi zamanda isə erkən prezident seçkisi təyin edildi.
Əslində, məhz bu istiqamətə yönəlsəydik, məsələn, bu ilin yayında Özbəkistanda növbədənkənar prezident seçkisi keçirildiyinə nəzər yetirərək, Azərbaycanda da bunun mümkün variant olduğunu qeyd edə bilərdik.Şavkat Mirziyoyev bu ilin mayın 8-də növbədənkənar prezident seçkisinə qərarı verdi, iyulun 9-da isə böyük üstünlüklə qalib gəldi. Bundan bir il əvvəl, 2022-ci ilin martında Türkmənistanda, noyabrında isə Qazaxıstanda məhz növbədənkənar prezident seçkisi keçirildiyini yada salmaqda fayda var. Həmin seçkilərdə də Sərdar Berdıməhəmmədov və Kasım-Jomart Tokayev qələbəsini qeyd etdilər. Bir az da geriyə baxsaq, 2021-ci ilin yanvarında Qırğızıstanda da növbədənkənar prezidenti seçkiləri(eyni zamanda referendum) keçirilmişdi və Sadır Japarov böyük üstünlüklə qalib gəlmişdi. Bu ölkələrin heç birində növbədənkənar seçki siyasi böhrana görə keçirilməyib, səbəbləri və hədəfləri müxtəlif olub. “Orta Asiya liderləri belədir” deyib ağız büzməyə gərək yox, bu ölkələrə son illər Qərbin artan diqqəti, Baydenin bir müddət əvvəl birlikdə görüşməsi çox şey deyir...
Azərbaycanın müxalifət partiya liderlərindən biri deyib ki, ölkədə “siyasi böhran yoxdur”, o səbəbdən növbədənkənar seçki üçün əsas görmür. Siyasi baxımdan qiymətləndirmə yanlış sayılmaz, amma konkret qərara (hadisəyə) baxış obyektiv deyil. Dünyada siyasi konyukturalar o qədər sürətlə dəyişir ki, ona nəinki ayaq uydurmaq, hətta izləyib qiymətləndirmə aparmaq çətinləşir. Ona görə öncəliklə Prezident Əliyevin bu qərarını bölgəyə hər keçən gün daha ciddi təsir edən “siyasi küləklər” konteksində baxmaq lazım gəlir. Müxalifətin daha bir lideri isə hesab edir ki, “seçki saxtalaşdırılacaq”, sən demə, son aylarda ABŞ, Avropa İttifaqı, ATƏT kimi qurumlarla “ölkənin münasibəti süni şəkildə gərginləşdirilməsi növbədənkənar seçkinin daha asan saxtalaşdırmaq üçün zəmin” imiş. Heç kimi düşüncələrinə görə qınamaq olmaz, amma bu cür iddia da axı absurddur, ədalətsizdir. ABŞ-ın, Avropa İttifaqının, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin seçkiyə nə aidiyyəti ola bilərdi ki? Qərbin Azərbaycanla münasibəti Qarabağda öz ərazi bötüvlüyünü bərpa etdiyinə görə gərginləşib. Bakının bu dövlət və təşkilatların ermənipərəst siyasətinə etirazını “seçkiləri saxtalaşdırmaq məqsədilə” edilməsi ilə izah etmək korazehinklikdir, üstəlik, Qərbin Azərbaycana qarşı aşkar qərəzli münasibətini müdafiə etmək, ört-basdır etmək cəhdidir.
Bu qərarın guya O'Braynla görüşdən dərhal sonra verilməsinin “Azərbaycan iqtidarı ilə ABŞ arasında münasibətlərində daha gərginli şəkildə davam edəcəyi”, Rusiyada martda keçiriləcək prezident seçkisi ilə izah edən zehniyyətlər də var.
Media əhli ölkədə az-çox məlumatlı adamlar hesab olunsa da, məsələn, deyə bilmərik ki, bu qərar nə vaxt verilib, verilərkən hansı faktorlar, hansı risklər göz önünə alınıb, yaxud məsələn, YAP rəhbərliyi ilə belə məsləhətləşmələr olubmu və sairə…
Son 3-4 ayda Mərkəzi Seçki Komissiyasının fəaliyyətində nəzərəçarpacaq fəallıq vardı, amma Məzahir Pənahovun rəhbərlik etdiyi qurum bunu adi prosedur qaydaları, dairə və məntəqələrin dəqiqləşməsi, üzvlərin yenilənməsi kimi izah edirdilər.
Seçki müzakirələri yaxın 60 gündə gündəmin əsas mövzularından biri kimi qalacaq, ən müxtəlif versiyalar haqda yazmağa, danışmağa zaman da olacaq. Əgər İlham Əliyevin ancaq son üç il müddətində Ali Baş Komandan və Prezident kimi fəaliyyətinə qiymət vermiş olsaq, seçkidə onun nə rəqibi var, nə ona səs vermək istəyənlərin tərəddüdü. 2003-cü ildən sonra seçkidə Əliyevə altenativ olanların bu nələrinə lazımdır, mənim üçün anlaşılmaz olub. Amma bu dəfə belə alternativ olanlar özlərini komfort hiss etməyəcəklər. Çünki son üç ildə Azərbaycan elə dəyişib ki, “Mən Əliyevə rəqibəm” deyənə bəlkə də ciddi siyasətçi kimi baxmamaq da olar.
İlk dəfə ölkədə prezident seçkisi bütün ölkədə keçiriləcək ki, bu növbədənkənar seçkinin ən böyük özəlliyi və gözəlliyi olacaq. İlham Əliyevin bu seçkidə şansı boldur. “Prezident əslində Milli Qəhrəman kimi qəbul edildiyi bir zamanda seçkilərə gedir. Öz xalqından ən yüksək şəkildə "etibar səsi" gözləyir və bu, belə də olacaq. Üstəlik, zəfəri, yenilənməni, yeni çağırışları komandasında tətbiq etmək, ASAN hakimiyyət modelini formalaşdırmaq üçün hər şeyi öz seçkisi ilə başlayır”. Bu şərhi də ekspertlərdən biri qəzetimizə deyib. Maraqlı qiytmətləndirmədi, oxucularla bölüşməkdə xəsislik etmədim.
Xalqın İlham Əliyevdən gözləntiləri var. Bu gözləntiləri Prezident Əliyev hamıdan yaxşı bilir. Bunlar haqda qarşıdakı günlərdə yazacağıq. Bizə indiklikdə “Azərbaycan üçün xeyirli olsun” demək düşər...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ