Onlayn ictimai-siyasi qəzet
İyulun 11-də Litvanın paytaxtı Vilnüsdə başlayan 2 günlük NATO sammiti həm də ona görə diqqət mərkəzində idi ki, burada Ukrayna məsələsində ciddi qərarların verilməsi, Ukraynanın NATO taleyi necə həll ediləcək suallarına cavab tapılacağı gözlənilirdi.
Baydenin isə öz növbəsində tez-tez: “NATO-nu bir arada saxlamaq həqiqətən çox önəmlidir” ifadəsini işlətməsi alyansdakı fikir ayrılıqlarından xəbər verir. NATO-nun 31 üzvünün birgəliyi, Litvada keçirilən zirvədə Ukraynanın üzvlüyünə nail olması ilə bağlı ən böyük sınağını verdi. Polşa, Baltik ölkələri Ukraynanın NATO üzvlüyünə tez bir şəkildə nail olmasını istəyir. Başqa bir qrup isə hansı ki, bu qrupa ABŞ rəhbərlik edir və Almaniya tərəfindən dəstəklənir, prosesi yavaşlatmaq və Ukrayna üçün digər təhlükəsizlik təminatı formasını təşkil etmək istəyir. Bu gün bitəcək sammitdən gələn ilkin informasiyalara görə Ukrayna yenə də tədbirdən məyus şəkildə ayrılacaq. İstədiklərini ala bilməyən Ukraynanın həm də xətrini xoş tutmaq istəyirlər. Bundan sonrakı mərhələdə diplomatlar çox ehtiyatlı ritorikadan istifadə edərək Ukrayna administrasiyasının könlünü almağa çalışacaq. Əsas deyəcəklərinin ana xətti ondan ibarət olacaq ki, Ukrayna gələcəkdə birliyə qoşulacağını təsdiqləyəcəyik, amma hazırda bu prosesin sürətləndirən bir mexanizmin işə salınmasına söz verə bilmirik.
Lakin ümumilikdə bu məsələnin son nöqtəsi olmayacaq. Çünki Ukrayna mövzusunda NATO-nun daxilində fikir ayrılıqları mövcuddur. Ukrayna müharibəsini necə bitirmək və bitdikdən sonra sülhü təmin etmək haqqındakı düşüncələr fərqlidir.
Sərt xətti təmsil edənlər, məqsədin Ukrayna üçün tam qələbə və Rusiya üçün təhqir edici bir məğlubiyyət olması vacibliyini müdafiə edirlər. Onlar sülhü təmin etmək üçün yeganə yolun Rusiyanın gücünü qırmaq və daha sonra Ukraynanın NATO-ya qoşulmasını təmin etmək olduğunu düşünür. Onlar ABŞ və Almaniyanın silah göndərmə prosesində həddindən artıq ehtiyatlı davranmaqlarının Ukrayna üçün çox ağır nəticələrə gətirib çıxardığına inanırlar.
Görünən odur ki, amerikalılar və Almaniya hökuməti daha ehtiyatlıdır. Misal üçün, Polşa isə tam əksini düşünür. Polşa Vladimir Putinin tam məğlubiyyətinin vacibliyindən danışır və bu prosesin Rusiyanı parçalanmaq ehtimalının olduğunu vurğulayır.
Amerikalılar Ukraynanın heç vaxt NATO-ya qoşula bilməyəcəyini demirlər. Amma onlar hər bir texniki tələbin tamamlanmasının labüd olduğunu ifadə edirlər. Ukraynalılar Finlandiya nümunəsini xatırlatdıqda isə, ABŞ-nin cavabı ondan ibarət olur ki, Finlandiya AB üzvü olduğu üçün anti-korrupsiya tədbirləri, demokratik idarəetmə və s. tələbləri çoxdan yerinə yetirirdi.
Amerikanın formal etirazların arxasında, Ukraynanı NATO-ya tez qoşma təminatı vermənin müharibəni uzadacağı və gələcəkdəki sülh müqaviləsinə təhlükəli əlavələr edə biləcəyi ehtimalı ilə bağlı narahatlıq yatır. Məsələn, Krım Ukrayna üçün NATO təhlükəsizliyi təminatı altında olacaqmı? ABŞ rəsmiləri bəzi müttəfiqlərinin birbaşa Rusiya ilə müharibəyə qoşulmasını arzu etmədiklərini söyləyir. Eyni zamanda ABŞ özü də Rusiya ilə açıq müharibənin tərəfdarı deyil.
ABŞ-ın NATO mövzusunda Ukraynaya təklifi isə “İsrail Modelidir”. Ukraynaya yüksək texnologiyalı silahların göndərilməsi və intensiv hərbi-tərəfdaşlığa əsaslanan unikal hərbi tərəfdaşlıq yaratmaqdır. Məqsəd, Ukraynadan Rusiya hücumlarından müdafiə-oriyentasiyalı bir qüvvə yaratmaqdır. Bayden administirasiyasinın hədəfi İsrail ilə olan ABŞ münasibətinə bənzər ikinci bir “İsrail” yaratmaqdır. İsrail kimi Ukraynalılar da, ən sonuncu hərbi texnikalarla təmin olunan yaxın bir Amerika mütərəqqisi olacaqlar. Ancaq mühüm olan, İsrail kimi Ukrayna, NATO-nun 5-ci maddəsi ilə təminat altına alınmayacağıdır.
NATO-da Ukraynanın ən qatı dəstəkçilərini narahat edən alternativ təhlükəsizlik təminatlarından danışmağın əsas məqsəddən yayınmaq olacağıdır. Estoniya baş naziri Kaja Kallas, deyir ki: “NATO üzvlüyü yolunda praktik, konkret addımlara ehtiyacımız var. Mənim hiss etdiyim odur ki, təhlükəsizlik təminatları haqqında danışmaq bizi əsas məqsədimizdən uzaqlaşdırır. Həqiqətən işləyən yeganə təhlükəsizlik təminatı NATO üzvlüyüdür." Kallas dediklərində haqlıdır. Rusiya NATO üzvü bir ölkəyə hücum etməz. Amma NATO-nun əsas aparıcı qüvvələrinin Rusiya ilə bağlı planı nədən ibarətdir? Eyni zamanda reallıq Amerikanın nə düşündüyünün üstünlük təşkil etməsini zəruri edir. ABŞ NATO ölkələrinin ümumi müdafiə xərclərinin təxminən %70-ni qarşılayır. Bu səbəbdən, NATO-nun strategiyaları nəticədə Brüssel və Vilnüsdə deyil, Vaşinqtonda qərarlaşdırılır. Qarşıdan gələn seçkilər də Ukraynanın NATO üzvü olması məsələsinə təsir edən amillərdəndir. Cari dövrdə Bayden hər nə qədər də Ukraynanın ən yaxın dostu kimi görünsə də bu səbəbdən seçki məsələsini riskə atmaqdan çəkinir.
Görünən odur ki, Ukraynaya təklif edilən ən yaxşı variant ABŞ üçün Yaxın Şərqdə İsrail nədirsə, Ukrayna da elə olsun. Bəs bir gün ABŞ əlində olan və ya olmayan səbəblərdən İsrail və Ukraynadan öz dəstəyini çəksə necə olacaq? Yəqin ki, artıq ukraynalılar bu sual ətrafında düşünməyə başlayıblar.
12 Iyul 2023
16 Iyun 2023
15 Iyun 2023
09 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ