Onlayn ictimai-siyasi qəzet
Bu gün dünyanın gözü qaynar müharibə nöqtəsi olaraq Ukrayna və Sudandakı münaqişələrdə olsa da, dünyanın müxtəlif nöqtələrində olan hadisələr bəzən diqqətləri başqa istiqamətlərə doğru çəkir.
Bu hadisələrdən biri də Ərəb Liqasının Suriyada 12 illik müharibənin sona çatdığını etiraf etməsi və ərəb liderlərinin Suriya prezidenti Bəşər Əsədi yenidən kluba qoşulmağa dəvət etməsidir.
Ümumilikdə Suriya və Əsədə qarşı Ərəb Liqası, yəni bu liqada təmsil olunan dövlətlərin siyasət dəyişikliyi bir ildən çoxdur ki, davam edir və hər keçən ay sürətlənir. ABŞ isə öz növbəsində sanki münasibətlərin daha da gərginləşməsi üçün müxtəlif addımlar atmağa davam edir. Ərəb liderləri Suriya hökuməti ilə əlaqələrin yenidən qurulmasına və milyonlarla suriyalı qaçqının sağ-salamat evlərinə qayıtması üçün şərait yaradılmasının ən yaxşı yol olduğu haqqında qərar verdikləri halda ABŞ niyə bu planı dəstəkləmir? Yoxsa bunun qarşısını almağa çalışırlar? Hələlik görünən odur ki, ABŞ bu məsələdə fərqli düşünür.
Bunu Blinkenin ABŞ-ın Suriya ilə müzakirə stoluna oturmayacağına dair verdiyi açıqlamalardan da görmək olar. ABŞ Konqresində məsələyə reaksiya daha da sərtdir. Suriyaya qarşı tətbiq edilən 2025-ci ildə bitəcəyi gözlənilən Sezar sanksiyalarının müddətini 2032-ci ilə qədər uzatmaq üçün qanun layihəsi təqdim edilib. Bununla da Suriyanın infrastrukturunun bərpasına kömək edən istənilən ölkədən olan investoru cəzalandırmaq nəzərdə tutulur. Hansı ki, Ərəb liderləri Suriya xalqının normala dönməsi üçün o bölgəyə ciddi miqdarda invesitisiyanın gətirilməsinin vacibliyini vurğulayırlar.
Donald Tramp administrasiyası dövründə ABŞ Obamanın üstüörtülü şəkildə etiraf etdiyini açıq şəkildə qəbul etmişdi. Rusiyanın 2015-ci ildəki hərbi müdaxiləsi və ümumilikdə Rusiyanın Əsədə dəstəyi davam etdiyi müddət ərzində o, iqtidarda qalacaq. Lakin ABŞ anti-Suriya sanksiyalarını davam etdirmək və Suriyanın şimal-şərqində təxminən 900 əsgərdən ibarət kontingenti Suriya kürd qüvvələri ilə ittifaqda saxlayacağını da tez-tez vurğulayır. ABŞ Əsəd və Putini hər hansı qələbədən məhrum etmək üçün Suriyada qalmaq və orada əsgər saxlamaq istəyir. Görünən odur ki, Amerika siyasətinin əsas istiqaməti Suriyanın yenidən qurulmasına imkan verməməkdir. Çünki Sezar sanksiyalarını tətbiq etməklə və ömrünü uzatmaqla şirkətlərə və xarici sərmayədarlara elektrik şəbəkələrini bərpa etmək, məktəbləri təmir etmək və infrastrukturu bərpa etmək üçün əngəl törədir. Bu yolla Əsədi dolayısı ilə bölgədə Rusiya və İranı zəif saxlamaq istəyir.
Ancaq Yaxın Şərqdə işlərin yalnız ABŞ-ın diktəsi ilə həyata keçməyəcəyi məlumdur. Mövcud konyektura özü ilə bərabər bir çox reallığı da ortaya çıxarır. On il əvvəl Səudiyyə Ərəbistanının Əsədə qarşı müxalifəti maliyyələşdirdiyi və silahlandırdığından bəhs edilirdisə, indi bu vəziyyətin 180 dərəcə fərqli şəkildə dəyişdiyi görünür. Əsədlə yenidən əlaqə qurmaq Məhəmməd bin Salmanın son aylarda başlatdığı üçüncü böyük siyasət dəyişikliyidir. Birincisi, Yəməndə atəşkəsə riayət etmək və husilərlə danışmaq qərarı idi. İkincisi, İranla münasibətləri bərpa etmək idi. İndi də Suriya ilə bağlı yeni siyasət həyata keçirir. Eyni dərəcədə diqqətəlayiq hal odur ki, səudiyyəlilər ABŞ-ın məqsədlərinə meydan oxuyurlar və müstəqil qərarlar qəbul edirlər.
Əsədin Ərəb Liqasına yenidən qoşulmağa dəvət edilməsində Səudiyyənin siyasət dəyişikliyi əsas səbəb olsa da, digər ərəb dövlətlərinin, xüsusilə İordaniya və Livanın bu addımı dəstəkləmək üçün rasional səbəbləri var.
Hazırda Suriyada döyüşlər böyük ölçüdə başa çatıb, onlar qəbul etdikləri qaçqınların sosial və iqtisadi yükünü azaltmaq və onları evlərinə qaytarmaq istəyirlər. Bu yaxınlaşma bir növ amnistiyaya və geri qayıdanların təqib olunmayacağına dair zəmanətə səbəb ola bilər. Ərəb hökumətləri həmçinin Əsədi Suriyadan İordaniya, Livan və Səudiyyə Ərəbistanına qaçaqmalçılıq yolu ilə gətirilən asılılıq yaradan “Kaptaqon”( amfetamin) həblərinin istehsalına son qoymağa razı salmağa çalışır. Bunun üçün onlar Əsədə Suriyanın yenidənqurmasında maddi dəstək verəcəklərini bazarlıq vasitəsi kimi istifadə etmək istəyirlər. İordaniya kralı Abdullah bu ilin əvvəlində oxşar istiqamətlərdə öz sülh planını irəli sürmüşdü.
Əsas suallardan biri də odur ki, Ərəb Liqasının yeni strategiyasının Əsədin getməsinə çağırış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib-edilməməsidir. Rəcəb Tayyib Ərdoğan köhnə siyasətin üstündən xətt çəkərək Əsədlə yenidən əlaqə qurulmasına yaşıl işıq yandıracaqmı? Ruslar hər iki tərəfi barışdırmaq üçün xüsusi ciddi cəhdlər edir. Heç şübhəsiz, hər iki tərəfin də ciddi şərtləri olacaq. Bu mövzu eyni zamanda kürdlər məsələsində Əsədi dilemma qarşısında qoya bilər.
Ərəb Liqasının Əsədlə barışması milyonlarla suriyalı üçün böyük məyusluq, qəzəb mənbəyi də ola bilər. Onlar 12 il əvvəl başlayan etiraz hərəkatının tam rejim dəyişikliyi olmasa da, demokratik islahatlar gətirəcəyinə ümid edirdilər. Hərəkatın ünsürlərinə xarici dövlətlər dəstək verməyə başlayanda bir çox suriyalı bunun strateji səhv olub-olmaması haqqında düşünürdü. Onlar qiyamın hərbiləşdirilməsinin Əsədin xeyrinə olacağında və Suriyanı xarici dövlətlərin öz planları ilə müharibələri aparması üçün döyüş meydanına çevirəcəyindən qorxurdular. Təəssüflə qeyd etməliyəm ki, şübhələr özünü doğrultdu. 6 milyon suriyalı qaçqın, daha 6 milyonu öz ölkəsində evsiz-eşiksiz, yarım milyondan çox insan həyatını itirib, şəhərlər dağıdılıb, müsbət heç nə əldə olunmayıb. Dəyişmək istədiklərini isə dəyişə bilməyiblər. Ancaq indi ümidin ən zəif parıltısı var. Əgər Ərəb Liqası hökumətləri nəhəng neft və qaz sərvətləri ilə Suriyanın yenidən qurulmasında həqiqətən də kömək etməyə hazırdırlarsa və bundan imtina edilməyəcəksə nəyəsə yenidən ümid etmək olar!
12 Iyul 2023
16 Iyun 2023
15 Iyun 2023
09 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ