Onlayn ictimai-siyasi qəzet
Dünyanın bütün qütblərində yeni siyasi reallıqların ortaya çıxdığı heç kimə sirr deyil. Soyuq müharibənin bitməsindən sonra ilk dəfədir ki, güc mərkəzlərinin sərt ritorikası bu qədər kəskin xətlərlə özünü büruzə verir. Bir müddət öncə Çin rəhbəri Si Cinpinin Rusiya ziyarəti zamanı işlətdiyi tarixi bir cümlə var idi: “100 ildə olmayan bir dəyişiklik gəlir və biz bu dəyişikliyi birlikdə həyata keçiririk”. Bəli, Çin rəhbərinin bu cümləsi dünya mətbuatında ciddi müzakirələrə səbəb olmuşdu.
Bu gün supergüclərlə müqayisədə orta güclər adlandıra biləcəyimiz dövlətlər İkinci Dünya müharibəsindən bu tərəfə hər zaman olduğundan daha çox səlahiyyətə malikdir. Hansı ki, bunlar geosiyasətdə əhəmiyyətli təsir rıçaqları olan ölkələrdir. Bu ölkələrin sırasında Fransa, Almaniya, Yaponiya, Rusiya, Cənubi Koreya və s. var. Hansı ki, Rusiya istisna olmaqla, bu ölkələr ABŞ-la geniş planda siyasi gedişlərini uzlaşdırdıqları üçün biz onların güc və təsir rıçaqlarının dəyişmə dinamikasını aşağı-yuxarı təxmin edə bilirik. Bu ölkələrin hər hansı yüksələn inkişaf dinamikası bizə yeni istiqamətlər göstərmir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, onlar öz potensiallarını müəyyən qədər ortaya qoymaqla bərabər, dünyanın süpergücü, yəni ABŞ ilə paralel addım atma yolunu seçiblər.
Heç şübhəsiz ki, Braziliya, Hindistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Türkiyədir. Bu dövlətlər birmənalı şəkildə heç bir supergüclə tam uyğunlaşmır və buna görə yeni güc dinamikası yaratmağa meyillidirlər. Hər biri G-20-nin üzvüdür və həm geosiyasətdə, həm də geoiqtisadiyyatda fəaldırlar. Bu altılıq həm də yer kürəsində daha geniş geosiyasi tendensiyalar üçün yaxşı barometr rolunu oynayırlar.
Bu 6 dövlətin artan əhəmiyyətinin bir çox səbəbi var, lakin onları bir neçə bənddə qruplaşdırmaq olar. Birincisi, uzunmüddətli, tarixi inkişaflar və daha yeni qlobal tendensiyalar. İlk növbədə onu qeyd edim ki, “Soyuq müharibə”dən sonrakı tendensiyalar bu güclərə beynəlxalq münasibətlərdə daha çox səlahiyyət verdi. “Soyuq müharibə” qarşı-qarşıya olan bloklar, ardından isə ABŞ-ın təkqütblü hegemoniyası dövründə demək olar ki, bütün dövlətlərdən Vaşinqtona sədaqət tələb edilirdisə və bunu təmin etməyin müxtəlif yolları var idisə, bugünkü Çin-ABŞ gərginliyi fonunda bunu hər hansı bir tərəfin mütləq şəkildə təmin etməsi mümkün deyil. Bu konyektura bütün orta güclərə daha çox hərəkət azadlığı verir.
İkincisi, dünya son iki onillikdə müxtəlif yollarla qloballaşma keçirdi və nəticədə regional səviyyədə yeni geosiyasi və geoiqtisadi əlaqələr formalaşdı. Orta güc deyə adlandırdığımız dövlətlərin hər biri də bu qloballaşmadan müəyyən maraqlarını təmin edərək regional liderə çevrildilər. Mərkəzdən periferiyaya dağılan güc, onların regionlarına ötürüldükcə, daha da vacib əhəmiyyətə malik oldular. Bu, eyni zamanda ticarətdə də özünü göstərməyə başladı. Bu dövlətlər regional ticarətin də mərkəzlərinə çevrilməyə başladılar. Çinin təsiri azalsın deyə atılan addımlar istər-istəməz onları gücləndirməyə başladı. Misal üçün, Hindistan ən yaxşı nümunələrdəndir. Çünki bəzi ABŞ firmaları orada istehsal mərkəzləri qurur və Çindən çəkməyə çalışdığı gücü Hindistana vermək məcburiyyətində qalır. Enerji bazarları daha çox regional xarakter alır ki, bu da Səudiyyə Ərəbistanının xeyrinədir. Eynilə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da regional maliyyə mərkəzi kimi meydana çıxır. Həmçinin Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın parçalandığını və parçalanan dünyada regional orta güclərin məntiqi olaraq getdikcə daha mühüm rol oynadığını vurğulayır.
Üçüncüsü, “Soyuq müharibə” dövründə Hindistan və İndoneziya müstəmləkə idarəçiliyindən təzəcə çıxmışdı. Bu, həmin gərgin dövrdə onların qlobal rolunu məhdudlaşdırdı. Lakin daha sonra onlar Qoşulmama Hərəkatının və ya G-77 və BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) kimi qlobal təşkilatlarda təcəssüm edərək güc mərkəzlərinə çevirildilər. İdeoloji yaxınlığın olmaması bu dövlətlərə xarici siyasətdə sərt əsaslı tranzaksiya yanaşmasını azad etməyə kömək edir ki, bu da öz növbəsində beynəlxalq məsələlərə onların ümumi təsirini artırır.
Bu dövlətlər ABŞ-Çin münasibətlərini getdikcə daha çox səciyyələndirən rəqabət və qarşıdurma nəticəsində əldə etdikləri təsir imkanları ilə güclənməyə başladı. Hər bir fövqəldövlət regional dövlətlərin onunla uyğunlaşmasını arzulayır. Bu uyğunlaşmalar da istər-istəməz regional gücləri möhkəmləndirir. Məsələn, ABŞ-ın Çini tarazlaşdırmaq üçün ən mühüm səyi olan Dördtərəfli Təhlükəsizlik Dialoqu və ya QUAD-a qoşulduqdan sonra Hindistanın gücü və təsir imkanları kəskin şəkildə artdı. Braziliya və İndoneziya Çinin kritik minerallar, xüsusilə litium, nikel və alüminiumla bağlı sövdələşmələri həyata keçirmək istəyindən ciddi mənada faydalandı. Bu yaxınlarda aparılan bir araşdırma göstərir ki, 6 dövlətin hər biri hər hansı müəyyən bir məsələdə ABŞ və ya Çinə tərəf istiqamət alsa, bu, o tərəfin mütləq qələbəsinə aparacaq. Hələlik isə onlar bir çox sahələrdə sadəcə öz mənfəətləri üçün balanslaşdırılmış siyasəti üstün görürlər.
Eynilə bu dövlətlər böyüyən iqtisadiyyatları ilə beynəlxalq iqlim siyasətlərindən də təsir imkanları əldə edirlər. Bu dövlətlərin iştirakı olmadan çirklənmə və iqlim təsirlərindən yaranan problemlərin həlli mümkün deyil. Dünya karbon bazarları, dekarbonizasiyada Braziliya, İndoneziyanın və əsasən Hindistan və İndoneziyanın xüsusən də kömürün istifadəsi ilə bağlı konstruktiv iştirakına ehtiyac duyur.
Bu dövlətlər sanksiyalarda və Ukraynadakı müharibənin optikasının qurulmasında mühüm rol oynadı. Onlar lap əvvəldən Qərbin Ukraynaya hərbi yardımı və Rusiyaya qarşı sanksiyaların arxasında durmaqdan imtina ediblər. Onlar müharibənin qlobal təhlükəsizliyə deyil, yalnız Avropaya təsir etdiyini və onların inkişaf, borcların azaldılması, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və digər sahələrdə milli maraqları ilə üst-üstə düşmədiyini iddia etdilər.
Lakin bu dövlətlərin müharibəyə ən mühüm təsiri Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxmaqda və bəzi hallarda onları sarsıtmaqda liderlik rolunu oynamaqları olub. Cənubi Afrika Rusiyaya meyl etsə də, digər orta güclərin əksəriyyəti qəti şəkildə neytral qaldı. 6 dövlətin hamısı müharibə başlayandan bəri Rusiya ilə ticarət və digər əlaqələri saxlayıb və ya artırıb. Hətta BVF Rusiya iqtisadiyyatının bu il 0,7 faiz genişləyəcəyini proqnozlaşdırır.
Orta güclərin əhəmiyyətli dərəcədə artan rıçaqları onların vasitəçilik təşəbbüslərində də aydın görünür. Türkiyə Ukraynadakı müharibədə ən təsirli xarici gücdür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişlərinin əsas müzakirəçisi olub, müharibənin əvvəlində sülh danışıqlarında iştirak edib və gələcək danışıqlarda da açar rolunu oynayır. Bu məsələdə Braziliya prezidenti Luiz İnasio Lula da Silva da öz təşəbbüsü ilə çıxış etmişdi. Bu dövlətlər hazırda digər münaqişələrdə də vasitəçilik etmək üçün yaxşı mövqedədirlər. Hindistanın bu baxımdan nüfuzu xüsusilə yüksəkdir, ən azı ona görə ki, o, fevral ayı etibarilə BMT sülhməramlılarının 8 faizini təşkil edir.
Nəhayət, bu ölkələrdə yüksələn tendensiyaya çevrilən elmi və mühəndislik təcrübəsi onları gələcəkdə də əhəmiyyətli yerə doğru aparır. Əgər bundan sonra nüvə silahlarının yayılmasının növbəti nümunəsi baş versə, çox güman ki, bu, 6 ölkədən biri olacaq. Nüvə məsələsində İran dünyanın ən təhlükəli yayılma riski olaraq qalır. Onu qısa müddətdə bomba düzəltmək qabiliyyətinə malik olan, nüvə gücünə çevrilməkdən yalnız bir neçə texnoloji addım saxlayır. Ər-Riyadla münasibətlərin pisləşdiyi və Tehranın tamamən nüvə silahlarına hakim olduğu bir ssenaridə səudiyyəlilər və ola bilsin ki, türklər də nüvə silahı tələb edəcək. Məhz buna görə də səudiyyəlilərin İsraillə diplomatik əlaqələr qurmaq müqabilində digər güzəştlərlə yanaşı, ABŞ-dan nüvə zəmanəti tələb etdiyi bildirilir. ABŞ daha öncə bu məsələlərə o qədər isti baxmasa da, indi vəziyyət bir az daha qəlizdir. Çünki 7 il sonra yenidən istiləşən İran-Səudiyyə Ərəbistanı münasibətləri şərtlərin dəyişməsindən xəbər verir.
Çin bu gün dünyada iki böyük gücdən biridir. Lakin Çin hər nə qədər BRICS üzvü olsa da, onu bəhsi keçən altılığın bir hissəsi hesab etmək böyük bir yanlış olar. Çünki Çinin iqtisadi gücü və geniş geosiyasi ambisiyaları onu fərqli bir dövlət növü edir. Rusiya da həmçinin orta gücdür, lakin tənəzzüldə olan bir dövlətdir. O, həm də dünyaya öz yanaşmasında hiper-revizionistdir. Yüksələn 6-lıq isə bu məsələdə Rusiya kimi düşünmür. Beləliklə, iki geosiyasi cəhətdən ən aktiv BRICS dövlətinin siyasəti yüksələn inkişaf dinamikası olan 6-lıqdan fərqlidir. Səudiyyə Ərəbistanı, Braziliya, Türkiyə, Hindistan və hətta Cənubi Afrikanın təhlükəsizlik və ya ticarət sahəsində ABŞ və digər əsas Qərb ölkələri ilə hələ də əhəmiyyətli əlaqələri var. Bu ölkələr Birləşmiş Ştatlardan uzaqlaşa bilər, lakin bu, ABŞ-a fəal şəkildə qarşı çıxan Çinin idarə etdiyi, Rusiyanın yardım etdiyi bir dünyanın tərkib hissəsi olmayacaqları açıqdır.
Rəsmi Vaşinqton qlobal güc balansında ABŞ-ın mövqeyinin əhəmiyyətli dərəcədə zəifləməsinin qarşısını almaq üçün 6 dövlətə qarşı müxtəlif addımlar atacaq. Genişləməyə qərar verən və Türkiyəni də öz sıralarında görməyi arzulayan BRICS-in güclənməsi onu narahat etməyə bilməz. ABŞ-Çin gərginliyi kəskin şəkildə yüksələrsə və “Soyuq müharibə” tərzində qarşıdurmaya çevrilərsə, belə demək mümkündürsə, bütün dünya bundan öz payına düşəni alacaq.
Bu dövlətlər arasında öz milli maraqlarının intensiv şəkildə həyata keçirilməsindən başqa nəzərəçarpan davranış nümunələri yoxdur. İndi əsas məsələ odur ki, hər bir geosiyasi məsələdə sözü keçən çox iştirakçı var.
12 Iyul 2023
16 Iyun 2023
15 Iyun 2023
09 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ