Общественно-политическая интернет газета
Əslində əvvəlcədən məlum idi ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti alınmayacaqdır. Təkcə ona görə yox ki, hakim partiyanın təmsilçiləri əvvəldən bu haqda ürəksiz, bir az inamsız danışırdılar. Təkcə ona görə yox ki, müxalifət və cəmiyyət prezident Zurabişvilini müdafiə edirdi. Sorğular onun impiçmentinə “yox” deyirdi. Məsələn, ən sonuncu sosioloji sorğulardan birində rəyi soruşulanların 60 faizi Salomenin impiçmentinin əleyhinə olduğunu bildirmişdi.
Bəli, bütün bunlar olmuşdu. Amma ən əsas səbəb budur ki, hakim “Gürcü arzusu” partiyasının “aramsız səylərinə” rəğmən qonşu Gürcüstan hələ də Cənubi Qafqazın ən demokratik ölkəsi kimi qalır və burada “B.İvanişvilinin uşaqları”nın heç də bütün istəkləri reallaşmır.
Amma hazırda bütün dünyada olduğu kimi, Gürcüstanda da vəziyyət qarışıqdır. Yenə də təkcə ona görə yox ki, növbəti siyasi mübarizədən qalib çıxmış Salome Zurabişvili hakimiyyətə qarşı siyasi müharibəyə başlayacağını bildirdi. Ən əsas səbəb odur ki, Zurabişvili hazırda gürcü siyasi olimpində yeganə qərbçi siyasətçi kimi qalır. Başqa bir vaxt biz qərbçilərin gürcü siyasi elitasında artmasını-çoxalmasını istərdik. Amma indi məlum deyil ki, hazırda Gürcüstan üçün hansı variant daha yaxşıdır: Qərblə yaxınlaşmaq, yoxsa ondan bir qədər məsafə saxlamaq?
Bəli, xoşbəxt o insanlardır ki, o xalqlardır ki, özlərinin geosiyasi seçimlərində yanılmırlar. Ən azı insaf xatirinə demək lazımdır ki, Qərb Gürcüstana həmişə dəstək veribdir – bəli, Azərbaycandan və onun düçar olduğu keçmiş Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq Qərb həmişə Gürcüstanı dəstəkləyib, Abxaziyanı və Cənubi Osetiyanı onun qeyd-şərtsiz ərazləri kimi tanıyıbdır.
Məsələn, Bakı ATƏT-in Lissabon sammiti kimi tədbirlərində öz hüquq və haqlarını təsdiq etməyə çalışdığı bir vaxtlarda Tiflis heç bir problemsiz – filansız siyasi dəstək alırdı. Sonrakı vaxtlarda da belə olmuşdu. Amma Gürcüstanla Qərb arasınd qaranlıq məqamlar da var.
Məsələn, Rusiya-Gürcüstan müharibəsi zamanı Tiflisi Rusiyanın caynaqlarından məhz Qərb, xüsusən də ABŞ qurtardı. Amma bununla bağlı müəyyən iradlar da var. Belə deyirlər ki, guya Tiflisi bu savaşa sürükləyən də elə Qərb olmuşdu. Nəticədə Gürcüstan Abxaziyanı və Cənubi Osetiyanı real olaraq itirdi. Amma demək lazımdır ki, bundan sonra Gürcüstan ABŞ-ı qazandı, NATO-nun qeyri-formal üzvünə çevrildi. Qonşu Gürcüstan Cənubi Qafqazın yeganə ölkəsidir ki, bura ABŞ prezidentinin özü səfər edibdir.
Əvvəllər bu detallarla bağlı hər hansı tərəddüdlər yox idi, əslində həsəd vardı. Amma vəziyyət Ukrayna müharibəsinə qədər belə davam etdi. Bu müharibə başlayandan sonra gürcü hakimiyyəti Qərbdən məsafə saxlamağa başladı.
Bunun bir səbəbi bu idi ki, Qərb Gürcüstanı da öz geosiyasi avantüralarına qatmaq və Cənubi Qafqazda da Rusiyaya qarşı cəbhə açmaq istəyirdi. Amma hakim gütcü partiyası buna getmədi.
Üstəlik, Brüsselin Moldova və Ukraynadan fərqli olaraq Gürcüstana “namizəd dövlət statusu” verməməsi də, necə deyərlər, hakim gürcü partiyasının əlinə oynadı. Onlar dedilər ki, biz mənasız yerə Avropaya can atmaqla niyə görə Moskvanı özümüzə qarşı radikal addımlara təhrik etməliyik? Qeyd etməliyik məsələ bu ilin payızına qalıbdır – növbəti ilə qədər Brüssel Tiflisə konkret cavab verməlidir.
Hakim partiyanın bu mövqeyi ilə razılaşanlar çoxdur– məsələ bundadır ki, Gürcüstan Ukrayna deyil, onunla məlum müharibə zamanı Rusiya qoşunları cəmi bircə günə Tiflisə çatmışdılar. Amma bu ölkədə hələ də ardıcıl qərbçilər var. Bunlar, birincisi, Gürcüstan müxalifətidir. İkincisi, prezident Salome Zurabişvilidir, hansı ki, Ermənistanda olduğu kimi hakim partiyanın oyuncağı deyil, tamam müstəqil siyasətçidir və son hadisələr də bunu göstərdi. Sadəcə, bir daha deyirik ki, məqam əvvəlki məqam deyil, bir qədər riskli dövrdür. HƏMAS-İsrail müharibəsi start götürəndən sonra bu risklər bir az da böyüyüb, çünki məlum deyildir ki, Rusiya Ukrayna ilə savaşdan necə çıxacaqdır?..
КомментарииОставить комментарий