Общественно-политическая интернет газета
Növbəti dəfə aydın mesajlar verildi, özü də Zəfər Parkından! 44 günlük haqq savaşımızı, haqq etdiyimiz Zəfərimizi həzm edə bilməyənlərin gözlərinə, ürəyinin başına sancılmış kimi ucaldılan 44 tağlı, 44 metr hündürlükdə ucaldılmış abidənin qarşısında lazım olanlar, lazımi ünvanlara söyləndi.
Böyük tarixi gündə, 8 noyabr Zəfər günündə, Şuşanın azad edildiyi gündə, Ermənistanın darmadağın edilmiş ordusundan götürülmüş hərbi qənimətlərin sərgiləndiyi məkanın qarşısında deyildi bu, acı həqiqətlər! Bəli, biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik! İşğalı stimullaşdıran məkrli qüvvələr, simasız paytaxtlar 30 çalışdılar ki, Azərbaycan xalqı və dövlətini qələbəyə tamarzı qoysun, əbədi yarımcan halda yaşayaq, utanc təri alnımızdan əskik olmasın, dünyanın hər yerində məğlub xalq və dövlət yarlığını yapşdırsınlar kürəyimizə.
Prezident açıq şəkildə dedi: “Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik”.
Bəli, Ermənistanın havadarlarının arzuları gözlərində qaldı! Hərbi Qənimətlər Parkında düşmənə məxsus silah-sursatlar, hərbi texnikalar dövlətimizin qalib başçısının ucaltdığı üçrəngli bayrağımızın ayağının altında qalacaq əbədi olaraq. Bu, bir dərs olacaq. Olmayacaqsa, yeni dərslərə də hazırıq! Çox deyirdilər tanklarımızla Bakıya gedəcəyik. Tanklarını da, özlərini də qandallayıb, Bakıya gətirdik. Dənizdən-dənizə arzuları var idi. Xəzər sahlindədir Albertin tankını nişan alan erməni tankının məğlub tör-töküntüləri...Bu, təkcə Ermənistanın məğlub olması, rəzil günə düşməsi deyil ki. Prezident İlham Əliyev də məhz açıq şəkildə bunları söylədi.
Sitat: “Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.”
Deyildiyi kimi də oldu, Ermənistana və ona maliyyə, silah verən “ilana zəhər verən kərtənkələlər”ə dərs verdi Azərbaycan! Adını “həmsədr” qoyub, əslində “həmişğalçı”, “həmterrorçu” statusunda çıxış edən adı böyük, lakin mahiyyətcə kiçik olanlar, cılızlar, bəşəri dəyərləri addımbaşı tapdayanlar, beynəlxalq hüquqa kor olanların bəziləri Azərbaycanın qalib statusunu heç cür qəbul edə bilmirlər.
Əslində onlar utanmalı, yerə girməli idilər, bircə sərt tələbləri yetərdi ki, Ermənistan zir-zibilini yığışdırıb cənnət Qarabağdan cəhənnəm olsun! Amma bunu etmədilər, hətta Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qaldılar BMT səviyyəsində keçirilən səsvermələrdə. Baxmayaraq ki, bu təşkilat səviyyəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması barədə qətnamələr qəbul etmişdi, işğalçı zibilliyə tullamışdı həmin sənədləri. Özlərinə, verdikləri qərarlara belə hörmətlə yanaşmadılar illər uzunu.
Azərbaycan cəmi 44+1 günə Qarabağdakı qara yaranı kəsib atdıqdan, separatizmin kökünü kəsəndən sonra hər cür alçaqlığa əl atdılar özlərini “həmsədr” sayanlar. Hətta Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra da bu “kəmsədrlər” it-motal əhvalatındakı kimi, sırtıqcasına bölgəni qarışdırmaq planından daşınmadılar, hələ də suları bulandırmaq istəklərindən əl götürmürlər. Amma artıq karvan gedib.
Özü də ləyaqətli döyüş nümunəsi var ortada: “Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”.
30 il ərzində 300-dən çox şəhər və kəndimizi işğal altında saxlayanlardan hesab sormaq əvəzinə, alçaq niyyətlərini həyata keçirməyə, Azərbaycanı “reallıqlarla barışmağa” çağıranların onurğa sütununu qırdı Azərbaycan dövləti. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə “nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq”, deyə bəyan edən İlham Əliyev torpaqlarımızın əbədi ilhaqına çalışanlara elə dərs verdi ki, gor evinədək unutmazlar...
Amma görünən budur ki, bəd niyyətlərindən əl götürmək istəmirlər.
Prezident Zəfər abidəsinin qarşısından bəyan etdi ki, onların planlarından xəbərdardır: “Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırır və onu yeni müharibəyə hazırlayırlar”. Daha da konkretləşdirsək, Ermənistanın silahlanmasının arxasında bilavasitə Fransa durur. Fransa bu məsələdə tək deyil, ABŞ və Bayden administrasiyası ilə birlikdə addım atırlar. Müharibə dövründə hərbi cinayətlər törədən, dinc şəhərlərimizi bombalayan Ermənistanı “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla təmin edənləri unutmadığımı kimi, bu gün revanşistlərı SEZAR, Bastion göndərənləri də diqqətdən kənarda qoymuruq. Razılaşma 5 apreldə əldə olunub, Brüsseldə, Azərbaycanın üstünə vaxtaşırı hücuma keçən məkrli ünvanların birində! O zaman Fransa, Avropa İttifaqı, ABŞ Ermənistanla birlikdə hərbi pakt yaratdılar. Bunu təkzib etməyə çalışdılar, amma anlamadılar ki, “xoruzun quyruğu” bayırda qalıb. Diqqət edin, Ermənistanı silahlandıran ölkələrdən biri Hindistan həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. “Yaraşar!” O birilərlə əl-ələ verib, terrorçu ölkəni silahlandırdığına görə həm də mükafatı olar. Prezident xəbərdar etdi. Militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları alovlandıran daha bir ölkə bu cür mühüm bir qurumda təmsil olunmamalıdır!
Dövlət başçımız qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülhə çağırış edənlər 30 illik işğalı, bir milyon azərbaycanlının qaçqın və məcbiri köçkünə çevrilməsini, Azərbaycan xalqının maddi-mədəni sərvətlərinin talan edilməsini nəzərə almırlar və bunu ümumiyyətlə unutdurmağa çalışırlar. Ölkə rəhbərinin “unutmuruq və unutmayacağıq” mesajıdır, “həm halal haqqımızı alacağıq” məzmunlu qətiyyətli mövqeyidir. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın başını qatıb, onu savaşın hüquq müstəvisindəki mübarizəsindən yayındırmaq, dəymiş zərərin ödənməsinin qarşısını almaq istəyirlər. Ermənistan on illərlə Azərbaycanın yeraltı, yerüstü sərvətlərini daşıyıb. Özü də bu talama siyasətində Ermənistan tək olmayıb, Fransa şirkətlərindən tutmuş, digərlərinədək Qarabağın qızılının, digər sərvətlərinin sümürülməsində iştirakı faktdır. Onlar bu sərvətlərdən məhrum edildikləri üçün, həm də ifşa olunduqlarına görə qəzəblidirlər, qisas almağa çalışırlar, hətta BMT-nin COP-undan belə qisas almaq yönündə düşük cəhdlərə əl atırlar. Amma heç nə qazana bilməycəklər. 30 illik işğal, işğalçı ilə təcavüzə məruz qalmış ölkələr, habelə öz gücü ilə torpaqların işğaldan azad edilməsi faktları unudulmamalı və nəzərə alınmalıdır!
Azərbaycanı yarımçıq sülhə imza atmağa çağıran Ağ Ev administrasiyasına verilən tutarlı cavab hər birimizin ürəyindən xəbər verdi. Ermənistanla hərbi pakt imzalayan, Qarabağdakı separatçı, terrorçu ünsürləri dəmir barmaqlıqlar arasından çıxartmağa səy göstərən, “erməniləri xilas qətnaməsi”nin qəbul edilməsinədək avantüraya əl atan, gah O Brayn, gah “bu brayn” səviyyəsində üstümüzə gələn, Ermənistanı heç olmasa mina xəritələrini və 4 min azərbaycanlının sorağını verməyə sövq etmək istəməyən Bayden administrasiyasının cavabı verilməli idi və verildi də! Bundan əvvəl İlham Əliyev konqresmenlərin Azərbaycana qarşı sanksiya çağırışının dövlət katibinin kabinetində hazırlandığını deməklə də birilərinin maskasını yırtmışdı. Bu dəfə Zəfər abidəsinin qarşısından sözünü dedi, ifaş etdi: “Artıq tarixdə qalan, qondarma erməni soyqırımını tanıyan, ədalətsiz 907-ci düzəlişi bərpa edən Bayden administrasiyası ABŞ ın antiazərbaycan siyasətini ən pik həddə çatdırmışdı. Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub...Dünyanı qan içində boğmağa, bütün bölgələrdə yeni-yeni münaqişə ocaqları alovlandırmağa çalışan Bayden administrasiyası ölkə daxilində də yarıtmaz siyasəti ilə yadda qaldı. Nə əhalinin sosial durumu yaxşılaşdı, nə iqtisadiyyat irəlilədi, üstəlik, Amerikanın dövlət borcu astronomik həddə yüksəldi. Məhz Bayden administrasiyası Amerikanın ictimai-siyasi həyatının bütün eybəcərliklərini açıb dünyaya nümayiş etdirdi. Onlar Trampa qarşı inzibati resurslardan istifadə etməkdən tutmuş siyüsi və fiziki terrora qədər istifadə etdilər, amma öz məqsədlərinə nail ola bilmədilər”. Və...”Bayden administrasiyası Amerika tarixinə ən riyakar, nankor və səbatsız bir administfasiya kimi düşdü”. Hələ yay aylarından, Trampın qara günləri davam edərkən Azərbaycan Prezidenti seçimini açıq etiraf etmişdi, kifayət qədər cəsarətli mövqe idi. Amma Azərbaycan Prezidenti ilk dəfə deyildi ki, belə cəsarət, qətiyyət nümayiş etdirirdi. Seçimini etmişdi, hələ amerikanlardan qabaq, seçimində yanılmadı və nə qədər uzaqgörən lider olduğunu bir daha təsbit etdi. Bayden haqqında lazım olanları da hələ o Ağ Ev sahibi ikən söylədi. Təkcə onunla bağlı deyil.
Sitat: “Ancaq baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, Azərbaycanı təzyiq yolu ilə heç nəyə məcbur edə bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də Ermənistana layiqli cavab verməyə və bütün oyunları pozmağa hazırdır”.
Hesab edirik ki, hələlik kifayət edər. Bu, bir Zəfər dərsidir! Dərs almasalar, davamı da gələ bilər. Silah-sursat göndərənlər də düşünsünlər, Zəfər parkında yeni hərbi texnikalar üçün kifayət qədər yer var!
Əminik ki, Zəfər Abidəsi dövlət protokoluna salınacaq və Azərbaycana gələn rəsmi şəxslərin ilk ziyarət etdikləri ünvanlardan biri həm də bu məkan olacaq! Prezidentin xəbərdarlıqlarından ibarət lövhlərin asılması da yerinə düşər, özü də müxtəlif dillərdə. Dərsini unudanlar üçün yaddaş kitabçası kimi...
КомментарииОставить комментарий