Свобода людям, независимость нациям!

Zəfər ərəfəsindəki Türk Zirvəsi

Qarşıdan Azərbaycanın Zəfər Günü gəlir! Gün deyir, gün yazırıq, amma könlümüz də, şüurumuz da onu günə sığmayan ömür kimi qəbullanır. 8 noyabr – Zəfər Bayramı bizimçün elə bir hadisədir, biz ona münasibətdə ellikcə səmimiyik, doğruyuq və bu günü bəlağətə varmadan vəsf edir, deyir, yazırıq. Bayramları qarşılaşdırmaq kimi çıxmasın – 8 noyabr məsələn, 9 may deyil; 8 noyabr 8 may ermənilərçün nəydisə, o da deyil, bizimçün! Haqq-ədalətin bərpasına, Xeyrin Şər üzərində qələbəsinə xidmət edən alnıaçıq, üzüağ gündür 8 noyabr! Əlbəttə, hər xalq, toplum özüyçün bayram elan edə, gün müəyyənləşdirə bilər – lakin o günün mayasında haram varsa, zədə varsa, enində-sonunda heç olub gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 noyabr 2020-ci ildə - Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırarkən keçmiş işğalçılara ünvanlandığı sözləri xatırlayaq: “Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik.

Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq”. – Təsəvvür edin, ermənilərin o saxta “azadetmə günləri”, saxta “bayram”ları indi hanı? Abır-həyaları oldumu yaxalarındakı dəmir-dümürləri söküb zibil qabına atmağa?.. Bizim bayramımız da, bizim orden-medallar da özdür, özəldir, əzizdir və biz heç bir bayram günümüzdən, heç bir təltifimizdən utanmırıq! Azərbaycan Prezidentinin imzası ilə təltif olunan qəhrəmanlar Xeyrin Şər üzərində qələbəsinə xidmət edib! Şəhər günlərimiz işğaldan qurtuluşun bayramıdır. Biz hərb meydanında döyüşərək, döyüşdən qaçmayaraq, mülki əhaliyə, mülki infrastruktura atəş açmayaraq qalib gəlmişik – ona görə də bayramımız əsl bayram, Zəfərimiz əsalətli Zəfərdir!

Bu ilki Zəfər Günü, öncəki iki Zəfər Günündən daha möhtəşəmdir! – Bu il aprelin 23-də ölkəmizin suveren ərazisində, Ermənistan ilə şərti dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan Dövlət Sərhəd Xidmətinin post qurduğu rəsmən duyuruldu. 20 sentyabr 2023-cü il tarixli lokal antiterror tədbirlərindən sonra isə Qarabağda suverenliyimiz uzun illərdən sonra nəhayət tam bərpa olundu. Bir sıra təhlükəsizlik mütəxəssisləri, konfliktoloqlar, siyasi ekspert və b. bilgili şəxslər bunu 3-cü respublikanın formalaşması prosesinin başa çatması (yaxud 4-cü respublika dönəminin başlanğıcı) kimi şərh etdi...

Beləliklə, uğurdan uğur doğdu, Zəfər zəfər gətirdi! Bəli, Zəfər Günümüz bir Gündən daha artıqdır, bayramdan üstün bayramdır! Bir bayram ki, şəhidlərin ruhunu şad edə, qazilərimizin yaralarına məlhəm ola, ağrı-acıları aradan qaldıra, sevinci-fərəhi artıra və insanlığa, tərəqqiyə xidmət siqlətində ola – o bayram könlümüzün bayramıdır, ömrümüzün bayramıdır! Bu il Azərbaycan Xalq Cümhuriyyətinin elanının, Milli Ordunun qurulmasının 105 illik yubiley ilidir. Bu il Azərbaycan Respublikasında “Heydər Əliyev İli”dir. Azərbaycanın Mədəniyyət Paytaxtı əziz Şuşa şəhəri bu il Türk dünyasının Mədəniyyət Paytaxtıdır. Beləliklə, əlamətdar yubileylər, şərəfli adlandırmalar ilində Qarabağda onilliklər boyu davam etmiş başıpozuqluq, qanunsuzluq və qondarma rejim əməlləri Dəmir Yumruğun kəraməti sayəsində son buldu!

Və bu ilki Zəfər Günü öncəsi Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etdi. Qardaş ölkələrin liderləri Azərbaycan liderini təbrik etdi.

“Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”. - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev;

“Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”. – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev;

Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını vurğulayan Qırğız Respublikasının Prezidenti Sadır Japarov: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”;

“Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”. - Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan;

Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Macarıstanın Baş naziri Viktor Orban: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”!

Üçüncü dəfə bayram edəcəyimiz Zəfər Günü ərəfəsində qardaş dövlətlərin başçıları ilə Zirvədə bulaşmaq və onların öz səmimi təbriklərini bölüşməsi çox xoşdur! Bunlar bayrama bayram qatır, dostları sevindirir, dost ola bilməyənləri haqq yolunu idraka səsləyir.

Bu sitatlarsa Azərbaycan Prezidentinin Astana Zirvəsindəki möhtəşəm çıxışındandır:

-Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir;

-Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər;

-Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir;

-Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur;

-Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı;

-2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.
-Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır;

-Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

-Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Sonda kiçik bir xatırlatma:

Ermənistanın (Afrikadan əli çıxmaqda olan) böyük bacısı Fransanın Prezidenti Makron hövlank Mərkəzi Asiya turnesinə daha yenicə çıxmışdı... Xəzərin bu tayındansa bütün dünyaya fransız neokolonist siyasəti yenicə duyurulmuş, bu adıyaman siyasətin ifşası üçün müvafiq katiblik yaranmışdı... Ərəblər demiş, “bu aləmdə təsadüf yoxdu, hər nə olsa təvafüq­lükdəndir”...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Нет комментариев

Новости автора