Общественно-политическая интернет газета
Avropadan bir tanış vətənə gəlmək üzrədir, dünən zəng vurmuşdu, deyir uşaqlar məktəb tətilinə təzə çıxıblar, istəyirik bir az Azərbaycanda qalsınlar, ana yurdun gözəlliklərindən həzz alsınlar.
Mən ona xoşgəldin elədim, eyni zamanda təəccübləndim ki, orda yazıq uşaqlara zülüm verirlər. Bu qədər oxumaq, öyrənmək axı nəyə gərəkdir? Maşallah, bizim uşaqlar artıq 3 aya yaxındır tətildədir. Aprelin axırlarından orta məktəblərimiz qeyri-rəsmi tətilə çıxır, müəllim(ə)lər təhsil ocaqlarına yalnız dovğa qarışdırmaq, mürəbbə reseptləri, əri necə bezdirmək kimi müzakirələr üçün axışırlar. Ondan da sonra rəsmi tətil başlayır. Hələ iki ay da bundan sonra kef edəcəklər.
Prinsipcə, bizdə oxumağa ehtiyac olmur, çünki kim oxumasa axırda rəhbər vəzifələr tutur. Bunu zarafat üçün yazdım, əlbəttə. Əslində oxuyuruq, ancaq özümüzə bəs eləyən qədər. Baş-beynimizi xarab eləmirik. Sağ olsun hökumətimiz, bizim əvəzimizdən bütün bilikləri öyrənir, tətbiq edir. Xalqa da rahat çarpayıda uzanıb uşaq pulu, pensiya, yardım gözləmək qalır. Minnətdarlığımızı bildiririk. Avropa kimi yaşamaq istəmirik!
Elə daimi oxuculardan Məğrub bəyin sualı da minnətdarlıq temasını əhatə edir. Keçən yazımda şampan şərablarının aksiz vergisinin azaldılması münasibətiylə şad olmuşdum, bəyi isə bu sual düşündürür ki, görəsən şampun və sabunlara da aksiz vergisi azaldılacaqmı.
Həqiqətən, aktual mövzudur. Əlaqədar orqanlardan cavab gözləyirik. Ən azı sabunun vergisi azaldılmalıdır. Çox işlənir.
Ümumiyyətlə, vergilər mövzusu həmişə aktualdır, insanların dolanışığına az da olsa təsir edir. Yenə bu yaxında gülməli hadisənin şahidi oldum. İki vətəndaş dövlət idarəsində ağızlaşırdılar, daha dəqiqi, dövlət qulluqçusu zəhmətkeşə xidmət etmək istəmirdi, mədəni şəkildə “bas bayıra” deyirdi. Bu zaman zəhmətkeş qızışdı, özündən çıxdı və məmura belə söylədi: “Sənin ixtiyarın yoxdur! Mənə xidmət etmək borcunuzdur! Siz maaşı mənim ödədiyim vergilərdən alırsınız!” Axırıncı cümləni deyəndə zəhmətkeşin özünü də gülmək tutdu, məmura qoşulub qəhqəhə çəkdilər. Boynuma alıram, biz - hadisə şahidləri də doyunca gülüşdük.
Bu cür şad-xürrəm şəraitə görə hökumətə təşəkkür edirik. Ətrafımızda, dünyada hər yerdə gərginlikdir, biz isə gülürük. Dərd çəkməyin mənası yoxdur. Şair vaxtilə gözəl yazmışdır: “Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin!”
Yerüstü və yeraltı, maddi və mənəvi, elmi və kütləvi, hüquqi və sosial sərvətlərimizin artımı bir çox detallarda özünü göstərir. Bu yaxında polis bir dələduzu yaxalamışdı. Sitat: “DİN-in Mətbuat Xidmətinin məlumatına görə, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pulunu ələ keçirib. 2024-cü ilin aprel-may aylarında ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb”. Sitatın sonu.
Buyurun. Artıq dələduzlarımızın da “rütbələri” qalxmaqdadır. Qabaqlar belə hadisəyə rast gəlirdikmi? Mən xatırlamıram. Ən son yadıma gələni 2022-ci ildə bir “polkovnik” dələduz mövzu olmuşdu. “Mayor”, “kapitan”, hətta devalvasiya və hiperinflyasiya zamanlarında “serjant” dələduzlarımıza da rast gəlinib. Lakin ilk dəfədir milli dələduzumuz özünə birbaşa general poqonları taxmışdır.
Bu, özündən arxayınçılığın zirvəsidirmi? Məncə yox. Sadəcə, artıq xalq daha aşağı rütbələrin toruna düşmək istəmir. Səviyyəmiz yüksəlmişdir. Polkovnik sənə hansı xeyiri verə bilər, misal üçün, hansı işini düzəldəcək? General - başqa məsələ.
Bəs bu “general” 21 min manata armudu stəkan alan generaldan pisdirmi? Ritorik sualdır, əlbəttə.
Xəbərdə, fikir verdinizsə Elvin müəllimin qabaqlar da dustaq həyatı yaşadığı vurğulanmışdı. Bu dəfə qazamatdan çıxanda hansı rütbəni taxacaq - təsəvvür eləməyim belə çətindir...
КомментарииОставить комментарий